SAYALI SADIQOVA
Terminologiya Komissiyasının sədr
müavini, filologiya elmləri doktoru
AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNİN
ZƏNGİNLƏŞMƏSİNDƏ TƏRCÜMƏNİN ROLU
Azərbaycan ədəbi dilinin lüğət tərkibinin inkişafında ictimai-siyasi hadisələrin təsiri böyükdür. Belə ki, cəmiyyətin iqtisadi, siyasi, ictimai-mədəni həyatındakı inkişafla əlaqədar olaraq dilin leksik-terminoloji potensialının zənginləşməsinə real zəmin yaranır. Dilin yeni sözlərlə zənginləşməsi və mövcud mənalarının dəyişilməsi ictimai həyatda və ictimai fikirdə yaranan yeni inkişafla əlaqədardır. Yəni dilin lüğət tərkibi tələbatla bağlı müxtəlif dəyişikliklərə məruz qalır. Odur ki, ədəbi dilin lüğət tərkibinin tərcümə hesabına zənginləşməsi milli dil əlaqələri zəminində mühüm istiqamətlərdən biri hesab olunur. Zənginləşmə elə bir prosesdir ki, burada lüğət tərkibinin diaxron mənzərəsi açılır, tarixi-mədəni inkişafın dildə faktlaşma üsulları meydana çıxır. Ona görə də dilin lüğət tərkibinin zənginləşməsində əsas mənbə dilin daxili imkanlarıdır. K.M.Musayev yazır: «Türk dillərinin leksik tərkibinin zənginləşməsi məsələləri haqqında nəzəri tədqiqatlar lazımdır. Məlumdur ki, türk dilləri leksikasının zənginləşməsi həm daxili imkanlardan, materiallardan, vasitələrdən və yollardan istifadə yolu ilə sözdüzəltmə hesabına, həm də dünyanın başqa dillərindən sözalma hesabına olur. Sözdüzəltmə və onun müxtəlif yollarının (sintetik, analitik, fonetik, leksik) mahiyyətini aydınlaşdırma və alınmalara nəzəri və praktiki qiymət – onları daha da dərindən öyrənmək üçün geniş imkanlar açır»[1].
Dilin lüğət tərkibinin zənginləşməsinin əsasında dildə olan sözlərin semantik mənasının genişlənməsi, söz yaradıcılığı üsulları, başqa dillərdən tərcümə prosesi (kalkaetmə) və alınmalar durur. Ümumiyyətlə, söz yaradıcılığında əsas yeri leksik-semantik və qrammatik üsullar, həmçinin başqa dillərdən kalkalar tutur. Kalka üsulu ilə söz yaradıcılığı müasir Azərbaycan dilinin leksik-qrammatik sisteminin inkişafının əsas yollarından biri olaraq leksika və söz yaradıcılığını, semantika və tərcüməşünaslıq məsələlərini özündə əks etdirir. Tərcümə dilin lüğət tərkibinin leksik-semantik potensialını zənginləşdirən mühüm mənbələrdən biridir. Tərcümə dilində işlədilən bir çox leksik vahidlər lüğət tərkibinin bir elementi olsa da, çox zaman ümumişlək səciyyə daşımır, müəyyən sahələrdə, bu və ya digər situativ şəraitdə işlədilir. Xüsusilə, müasir dövrdə ingilis və rus dilindəki elmi-kütləvi ədəbiyyatın təsiri altında müxtəlif materialların Azərbaycan dilinə tərcüməsi ilə əlaqədar dilimizə bir çox söz və terminlər keçmiş və bunların quruluşu kimi formalaşan yeni söz və ifadələr yaranmağa başlamışdı: Belə ki, ictimai-iqtisadi, siyasi inkişaf dilin söz yaradıcılığı sistemində də özünü göstərir, dildə kalkalar kimi yeni növlü leksik-qrammatik vahidlərin yaranmasına səbəb olur. Buna görə də elmi-texniki tərəqqi ilə bağlı olan anlayışları ifadə etmək üçün yeni məzmun Azərbaycan dilinin özündə mövcud olan modellərlə verilir.
Tərcümə prosesində yeni anlayış ifadə edən söz və ifadələr müqabilində ikinci dildə semantik motivasiya mövcud olduğu halda bunlar kalka edilir. Deməli, yeni anlayış və mənanın başqa dildə ifadəsi üçün onun özünün daxili struktur modelləri müəyyən edilmiş olur. Hazırda Azərbaycan dilinə ingilis və rus dilindən elmi-texniki, ictimai, siyasi mətnlərin tərcüməsi ilə bağlı leksik vahidlər daxil olur və onlar aid olduğu sahələrdə işlənir. Bu zaman əmələ gələn vahidlərin hər biri dilin öz daxili materialı əsasında yarandığına görə dilin daxili inkişaf qanunları həlledici rol oynayır. Tərcümə prosesində leksik vahidlərin yaradılmasında ən geniş istifadə edilən üsullardan biri də kalka yoludur. Bu üsulun mahiyyəti haqqında dilçilik ədəbiyyatında müxtəlif fikirlər mövcuddur: «…Kalka sözün hissələr üzrə tərcümə edilib, sonra həmin hissələrin mexaniki surətdə birləşdirilməsidir»[2].
Bu yolla yeni termin yaradılarkən tərcümə olunan bu və ya digər söz, termin həmin dilə (tərcümə edilən dildə) eyni mənanı verən sözlərlə, sözdüzəldici şəkilçilərlə ifadə olunmalıdır. Buna görə də tərcümə olunan terminin, termin-söz birləşmələrinin tam qarşılığı göstərilməlidir. Əks halda onu kalka adlandırmaq olmaz. Təbiidir ki, hərfi tərcümə (kalka üsulu bəzən hərfi tərcümə də adlandırılır) prosesində qarşılıqlı təsirdə olan dillərin quruluşunun yaxınlıq dərəcəsi, dilin lüğət tərkibinin, kalka edilən dildəki söz yaradıcılığı yollarının inkişaf dərəcəsi, kalkaetmənin baş verdiyi tarixi şərait və s. amillər mühüm rol oynayır.
Demək, yeni yaranan hər bir kalka əlaqədar olduğu dilin uyğun sözləri ilə müqayisədə öz funksiyasını düzgün yerinə yetirməli və dildə işləklik qazanmalıdır. Buna görə də tərcümə dəqiq olmalı, nəzərdə tutulan anlayışın əsas mahiyyətini ifadə etməlidir. Məsələn, «qruzopodğemnik» sözünün «yükqaldıran» kalkasındakı birinci komponent «qruz-yük» sözləri ikinci komponent «qaldıran» qarşılığına qismən uyğun gələrək yeni anlayış bildirmişdir. Eləcə də, zakonomernıy-qanunauyğun, «zemlemer-yerölçən»; nadstroyka-üstqurum; vodooçistitelğ-sutəmizləyən və s. terminlər dilin daxili imkanları əsasında, yəni dilin sözyaradıcı və sözdüzəldici qanunları əsasında yaranmışdır. Göründüyü kimi bu prosesdə dilin daxili materialı həlledici rol oynayır, sözlər dilin daxili imkanları əsasında yaranır və başqa dilə məxsus sözlərin quruluşu kimi formalaşması nəticəsində yeni söz və yeni söz modeli yaranır. Lakin dilçilikdə mübahisəli məsələlərdən biri də kalka yolu ilə yaranan termin sözlərin alınma hesab olunmasıdır. V.V.İvanov yazır: «Yeni sözün başqa dildə mövcud olan sözün təsiri altında yaranması faktı kalkaetməni alınmanın xüsusi növü kimi qiymətləndirməyə imkan verən əlamətlərdən biridir»[3]. D.S.Lotte isə yazır: «Əcnəbi sözün leksik cəhətdən mənimsənilməsinin daha tam formasını tərcümə üsulu ilə alınmalar (kalkalar) təşkil edir. Tərcümə üsulu ilə söz alınan zaman ana dili materiallarının köməyi ilə əcnəbi sözün mənası sözyaratma prinsipləri, semantik quruluşu («daxili forması») mənimsənilir»[4].
N.Xudiyev yazır: «Kalkalar dilin öz daxili imkanları hesabına (həm söz və şəkilçilər, həm də struktur milli olur) yaransa da, onların meydana çıxması üçün bilavasitə etimon dilin təsiri olur. Belə ki, etimon dilin təsiri ilə əvvəla sözün və ya ifadənin bütün komponentləri müvafiq kalka olunur. Digər tərəfdən isə bəzi istisnalar nəzərə alınmazsa, struktur eyniliyi saxlanır, daha doğrusu, söz birləşməsi söz birləşməsinə, söz sözə kalka edilir»[5].
N.K.Dmitriyev də alınmaları və kalkaları bir-birindən fərqləndirərək göstərirdi ki, onlar müxtəlif tətbiq üsullarına malikdir. Belə ki, tək-tək leksik vahidlər alınır, iki və daha artıq sözün birləşməsi ilə kalka edilir.
Deməli, kalkalar söz yaradıcılığının bir forması olub, dilin daxili imkanları hesabına kənar dil elementlərinin təsiri ilə yaranan dil vahidləridir.
Göründüyü kimi bu fikirlərin ümumi cəhəti ondan ibarətdir ki, kalkalar başqa bir dilə məxsus sözlərin, yaxud söz birləşmələrinin ana dilinin müvafiq sözləri və söz birləşmələri ilə dəqiq tərcümə etmək üçün həmin sözlərin modelləri əsasında qurulmuş sözlər, yaxud ifadələrdir.
Son dövrlərdə Azərbaycan dilində çoxlu miqdarda kalkaların yaranması ingilis və rus dilindən Azərbaycan dilinə elmi, texniki, ictimai-siyasi, bədii ədəbiyyatın tərcüməsi ilə əlaqədardır. Belə tərcümələr zamanı yeni anlayışları, fikirləri, prosesləri ifadə etmək üçün yeni terminlər, sözlər dilə daxil olur. Bu zaman qarşılıqlı təsirdə olan dillərin lüğət tərkibinin zənginliyi, dildəki söz yaradıcılığı üsullarının inkişaf dərəcəsi və s. amillər mühüm rol oynayır.
Çünki yeni-yeni elm və texnika sahələrinin yaranması onunla bağlı yaranan anlayışların adlandırılmasını zəruri edir. Belə ki, elmin inkişafı ilə bağlı müvafiq söz və terminlər, ifadələr yarandıqca, Azərbaycan dilində, eləcə də müxtəlif dillərdə onların kalkaları formalaşır. Xüsusən ön şəkilçili sözlərin Azərbaycan dilinə kalka edilməsində bir sıra xüsusiyyətlər özünü göstərir: a) söz bütünlüklə kalka edilir və bu zaman ön şəkilçi və sözün kökü Azərbaycan dilindəki müvafiq sözlərlə əvəz edilir. Məsələn, podvodnıy-sualtı, peredvıbornıy-seçkiqabağı, podmnocestva-altçoxluq; b) ön şəkilçi olduğu kimi qalır, amma söz dilimizə məxsus uyğun sözlə əvəz edilir; ultrazvuk-ultrasəs; ultrakoretkaə volna-ultraqısa dalğa və s. q) elə terminlər də vardır ki, onların tərcüməsində rus dilindəki model, yəni komponentlərin sırası eynilə qalır. Məsələn, podqruppa-altqrup, podkolğüo-althalqa, nadkrılğə-üstqanadlar, nadstroyka-üstqurum və s.
Elmi-texniki inkişafla bağlı əsərlərin Azərbaycan dilinə tərcüməsi prosesində elə terminlər, termin birləşmələr vardır ki, rus və ingilis dilində olduğu kimi işlədilir. Çünki tərcümədə həmin terminləri dəqiq ifadə edən qarşılıq müəyyənləşdirmək mümkün olmur. Məsələn, radiooçerk, radioqraf, kilovat,
monorels, monoplan, fotoelektrod, kinokasset, kinoseans, elektroterm və s.
Göründüyü kimi kalkalardan fərqli
olaraq alınmalar başqa dildə olduğu kimi alınıb, mənimsəyən dilin fonetik
quruluşuna uyğunlaşdırılaraq işlədilir. Deməli, tərcümə prosesində alınma o
zaman dilə daxil olur ki, dilin daxili imkanları əsasında,
özünəməxsus söz yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq
termin, söz yaratmaq mümkün olmur. Bu zaman başqa dildən anlayışı ifadə edən söz
hazır alınıb işlədilir. Hazırda kompüter texnikasının inkişafı ilə bağlı tərcümə
prosesində dilimizdə display, prosessor, monitor, interfeys, terminal,
konvektor, kompilyator, drayver və s. minlərlə yeni sözlər daxil olmuşdur.
Məsələn, displey- verilənləri klaviaturadan daxil etmək və onları ekranla idarə
etmək üçün qurğu; interfays iki təhliledici komponentlər arasındakı əlaqə;
interpretator verilənləri təhlil etmək üçün qurğudur. Son dövrlərdə
proqramlaşdırma ilə bağlı tərcümə prosesində dilimizə yüzlərlə söz və terminlər
daxil olmuşdur: Alqams, Alqol, Ambit, Amtron, Beysik, Bliss, Qat, Formaq, Setl,
Rapira və s. Bu adlar Avropa dillərindən dilimizə keçmiş və hər birisinin öz
mənası, mahiyyəti vardır. İnformasiyaların toplanılması saxlanılması, təhlil
edilməsi, ötürülməsi və onların proqram təminatı ilə bağlı vasitələr yeni
terminlərin yaranmasına səbəb olur. Ona görə də yeni terminlər elmlərin inkişafı
ilə bağlıdır və texnikanın inkişafı dilləri zənginləşdirir.
Tərcümə ədəbiyyatında işlənən və
ədəbi dilin lüğət tərkibinin leksik-semantik potensialını zənginləşdirən
terminlər üc cəhətdən-elmi, tərcümə nəzəriyyəsi və bədii dil baxımından
əhəmiyyətlidir. Tərcümə edilən terminlər də elmin bu və ya digər sahəsinə aid
olub konkret məna, məzmun ifadə edir. Lakin terminlər üslubi cəhətdən neytral
olduğuna görə istər bədii, istərsə də elmi üslubda elmi mənanı ifadə edir. Odur
ki, tərcümə prosesində terminlər çox vaxt olduğu kimi saxlanılır. Lakin bədii
dildə terminlərin verilməsi, işlədilməsi və onların bədii dilin digər
elementləri ilə qrammatik-semantik əlaqəsi müəyyənləşir. Deməli, tərcümə
prosesində terminlərin tərcümə olunub-olunmaması prinsipləri
müəyyənləşdirilməlidir.
Tərcümə zamanı dillərin qarşılıqlı
zənginləşməsi millətlərin mədəniyyətlərinin qarşılıqlı əlaqəsinin
qanunauyğunluqlarından doğur. Məsələn, marksizm-leninizm klassiklərinin
əsərlərinin Azərbaycan dilinə tərcüməsində işlədilən beynəlmiləl mahiyyətli –
proqram, kapital, demokrat, kompaniya, statisitika, taktika, renta kimi
terminoloji vahidlər dildə ümumişləklik qazanmışdır. Bu terminlər Azərbaycan
dilinə tərcümə prosesində bilavasitə rus dilində olduğu kimi işlədilmişdir. Elmi
əsərlərin tərcüməsindən fərqli olaraq bədii tərcümədə bir xalqın adət və
ənənəsinə, həyat tərzinə, sosial və regional xüsusiyyətlərinə, məişətinə aid
olan bir sıra sözlərin ifadə etdiyi məna başqa xalqların milli təfəkkürü üçün
yad olduğuna görə onların ifadə etdiyi semantik xüsusiyyətlər ekzotik
xarakterlidir. Buna görə də tərcümə
dili hesabına həmin anlayışları ifadə edən sözlər dili leksik-semantik cəhətdən
zənginləşdirir və lüğətlərdə öz əksini tapır. Lakin bunlar ədəbi dil faktı
olmayıb, xüsusi anlayış bildirdiyinə görə, ancaq başqa dillərdə onların
motivasiya xüsusiyyətləri mövcud olmadığına görə tərcümə edilə bilmirlər.
Məsələn, bədii tərcümə prosesində işlədilən viqvam (hindu), lira (ital), yunan
(rin), iena (yan) və s. sözlər ekzotik leksikaya daxildir. Bunların olduğu kimi
işlədilməsi milli koloriti qorumaq məqsədi daşıyır. Tərcümə əsərlərinin dilinin
leksik tərkibinin müəyyən bir hissəsini ekzotik leksika təşkil edir. Buraya
müəyyən bir xalqın həyat və məişət tərzinə, onlara aid əşya və hadisələrin
adlarının orijinal forması saxlanılır, bununla yanaşı daxil olduğu dilin
fonetik-qrammatik qayda-qanunlarına uyğunlaşır.
Beləliklə, Azərbaycan ədəbi dili
lüğət tərkibinin zənginləşməsi mürəkkəb bir proses olaraq
davam edir. Çünki elmi terminologiya müxtəlif dillərin, müxtəlif təfəkkür
formalarının dünya sivilizasiyasına qovuşmasıdır.
[1] К.М.Мусаев. Основные проблемы изучения лексики трюкских языков. СТ, 1978, №3, стр.35.
[2] В.В.Иванов. Терминология и заимстования в современном китайском языке. М., 1973, с.86.
[3] В.В.Иванов. Терминология и заимствования в современном китайском языке. М., 1973, с.96.
[4] Д.С.Дотте. Вопросы заимствования и упорядочения иноязычных терминов и терминоэлементов. М., 1982, с.5.
[5] Xudiyev N. Azərbaycan
ədəbi dilinin sovet dövrü. Maarif nəşriyyatı, B., 1989, s.232.