ROZA  EYVAZOVA

filologiya elmləri doktoru, professor

 

 

«TÜRK DİLİ» TERMİNİNDƏN «AZƏRBAYCAN DİLİ»

TERMİNİNƏ QƏDƏR

 

 

Azərbaycan dili tipoloji təsnifə görə iltisaqi (aqqlyutinativ) dillərdəndir. Bu dil genealoji bölgüyə əsasən türk dilləri qrupuna mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır.

Azərbaycan dili türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir. Müasir dillərdən türkmən, qaqauz və türk (osmanlı) dillərinə daha çox yaxındır.

Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlı olur. Azər­baycan dilinin tarixi də xalqımızın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir.

Qeyd etmək lazımdır ki, «Azərbaycan dili» adı alana qədər dilimiz, xalqımız müxtəlif terminlərlə adlanmışdır ki, bunlardan ən əsası «türk» terminidir. «Türk» termininin işlənməsi təkcə Azərbaycanla bağlı olmamış, bütün türk xalqları və dilləri qrupuna aid olmuşdur.

Türk xalqı və türk dili termininin necə və nə zamandan yaranmasını dəqiqləşdirmək məqsədilə M.Zehtabinin İranda çap olunmuş «İran türklərinin əski tarixi» (I c.880 səh.) kitabını (7) araşdırdıqda aydın oldu ki, istər dil, istərsə də  bir sıra xalqların adı  olan «Türk» termini  miladdan sonra ümumiləşmiş bir ad və istilah olmuşdur. Lakin bu kəlmə miladdan çox qabaqlar meydana gəlmiş və hətta müəyyən türk ellərinin adı olmuş, həm də müxtəlif şəkillərdə tələffüz edilmişdir.

«Türk» adına miladdan öncə Assuri mənbələrində rast gəlinir. Tarixçi alim Yampolskinin yazdığına görə Assuri mənbələrində qeyd olunmuşdur ki, o zamanlar Urmu gölünün ətraf ərazisində «Turuq»lar - Türklər yaşamışlar.

Bir sıra mənbələrdə göstərilir ki, Assuri mənbələrinin verdiyi məlumat m.q. 14-cü yüzilliyə aiddir.

Urartu mənbələrində həmin Urmu gölü ətrafında «Turux»ların sakin olması barədə məlumat vardır. Bu məlumatla Assuri mənbələri məlumatı eyni yerlər və əraziyə aid olduğu üçün ehtimal etmək olar ki, Urartu mənbələrinin verdiyi bu məlumat həmin Assuri mənbələrində verilmiş məlumatdır və hər ikisi eyni bir xalqa aiddir.

«Türk» termini həm xalq, həm də dil anlayışında klassiklərin əsərlərində işlənilmişdir.(6)

Nizami Gəncəvi (8) 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəmişdir. Lakin I Axsitan ibn Mənüçöhr Nizamiyə yazdığı məktubunda hakim feodal nəslinə yaraşmayan türk dilində deyil, fars dilində yazmağı təklif edir. I Axsitanın məktubunda deyilir:

Torki sefət vəfa-ye ma nist.

Torkane soxən səza-ye ma nist.

An kəs nəsəb-e bolənd zayəd,

Ura soxən-e bolənd bayəd.

Tərcüməsi:  Türküzlü olmaq bizim vəfamız deyildir (bizə yaraşmaz). Türkcə söz deyib-danışmaq bizə layiq deyildir. Yüksək soydan doğulan adama  yüksək də söz lazımdır.

Türk dilinə layiqincə qiymət verməyən mühitdən şikayət edən Nizami «Yeddi gözəl» əsərində yazır:

Torkiyəmra dər in həbəş nəxərənd.

Lacərm doğba-ye xoş nəxorənd.

tərcüməsi:

Türkcəmi bu həbəşdə alan yox,

Dovğani bir yemək deyə, yeyən yox.

«Türk» sözü xalq, qəbilə adında:

Ze kuh-e Xəzər ta be dərya-ye Çin

Həme tork por tork binəm zəmin.

tərcüməsi:

Xəzər dağından Çin dəryasına qədər,

Türklərlə doludur bütün bu yerlər.

«İsgəndərnamə»də:

Ze peykan-e torkan in mərhəle

Təvan rüxt bər pa-ye rus abele.

tərcüməsi:

Türklərin oxuyla yenə bu zaman

Qabar əskik olmaz rus ayağından.

Məhəmməd Füzulinin ana dilimizin adına münasibəti:

Ey feyz rəsan ərəbü türki əcəm

Qıldın ərəbi əfsəhi əhli aləm

Etdin fəshayi əcəmi İsəyi dəm

Mən «türk» zəbandan iltifat eyləmə kəm.

Məhəmməd Füzüli  «Leyli və Məcnun» əsərinin yazılma səbəbini söylərkən belə deyir:

Leyli-Məcnun Əcəmdə çoxdur

Ətrakdə ol fəsanə yoxdur.

başqa bir yerdə:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim

Nəzmi nazik türk ləfzilə ikən düşvar olur.

Məndə tovfiq olsa bu düşvarı asan eylərəm.

Novbahar olcaq tikandan bərgi gül izhar olur.

Özbəklərin (cığatayların» ən böyük şairi və ümumiyyətlə türklərin ən görkəmli ədəbi şəxsiyyəti olan Əlişir Nəvai də dilin adı barədə öz fikirlərini bildirmişdir.

O, «Leyli və Məcnun» əsərinin müqəddiməsində onun yazılmasını açıqlarkən deyir:

Çün farsi erdi nokte şövqi

Azraq idi anda türk dovqi

On til bilə nəzm buldı məlfuz

Kim farsi anqlar oldı məhzuz.

Mən türkcə başlaban rəvayət,

Qıldım bu fəsanəni hekayət.

Kim şöhrəti çün cəhanə tulqay.

Türk elligə daqı bəhrə bulqay.

Neçün ki bu gün cəhanda ətrak

Küpdür xoş təb safi idrak.

Əlişir Nəvai məşhur «Sədd İskəndər» məsnəvisində də belə yazır:

Sana anca həqq lütfi vaqedurur.

Kəsi ta türk əlfazi şayedurur.

Bu til birlə ta nəzm urur xəlq işi

Yəqin qılmamış xəlq səndik (sənin kimi-R.E.) kişi.

Əlişir Nəvai «Mühakimətil-lüğəteyn» adlı əsərinin müqəddiməsində şairlərin türkcə yazmaqdan  çəkindiklərinin səbəblərini axtararaq türkcənin son dərəcə gözəl və zəngin bir dil olduğunu sübut etməyə çalışır. Aşağıda həmin müqəddimədən verilmiş sətirlərdən aydın olur ki, Nəvai heç zaman dilini cığatay  ya özbək dili adlandırmamışdır: «Ana dilim üzərində düşünməyə başladım. Tükcənin dərinliklərinə dalınca  gözlərimə on səkkiz min aləmdən daha böyük bir aləm göründü. Bu aləmin  naxışlar, zinətlər içərisində genişlənən göyü, doqquz göydən daha yüksək idi. Orada necə fəzilətlər, necə ucalıqlar xəzinəsinə rast gəldim. Bu xəzinənin inciləri ulduzların ləl-cəvahirlərindən daha da parlaq idi. Bu aləmin gül bağçalarına girdim. Gülləri fələyin günəşindən daha parlaq idi. Hər tərəfinə  gözlə görünməyən, əl çatmayan daha nələr vardı, nələr… Amma bu məxzənin ilanı qan tökəndi və güllərinin tikanı saysız-hesabsızdı. Bunları gördükdə düşündüm və dedim ki, demək bizim türk şairlərimiz bu qorxulu və tikanlı yollardan çəkindikləri üçün türkcəni buraxıb getmişlər.

…Türkcənin fəzasında təbiətimin atını çapdırdım, xəyalımın quşunu qanadlandırdım.  Vicdanım bu xəzinədən son dərəcə qiymətli qaşlar, dəyərli incilər aldı. Könlüm bu gül bağçasının dürlü çiçəklərindən ucsuz-bucaqsız, gözəl qoxular iylədi.

Zənn edilməsin ki,  mənim türkcəni öyməm türk olduğumdan və təbiətimin sözlərə türkcə alışmasından və farscanı bilmədyimdən irəli gəlir. Əslində fars dilini öyrənmək üçün heç kimsə mənim qədər qeyrət göstərməmiş  və bu dilin doğ­rusunu və yanlışlığını mənim qədər yaxşı öyrənməmişdir.(6)

Qeyd etmək lazımdır ki, «türk» adı   orta əsr klassiklərinin əsərlərində işlənməklə bərabər XIX-XX əsr sənətkarlarının dilində də öz əksini tapmışdır.

Seyid Əbdülqasım Nəbati:

Bəççeye türkəm, dilim türki, kəlamım həcv-məcv

Xan cobanı, can alan can-canı gözlər gözlərim.

Seyid Əzim Şirvani Übeyd Zəkaninin məşhur «Muş o qorbe» («Siçan və pişik»)  əsərini farscadan tərcümə edib ona şerlə qısa bir müqəddimə yazmışdır:

Nəql eyləyim gəl sənə bir dastan

Farsi ilə nəql eyləyib bastan.

Türki ilə mən onu təhrir edim

Könlünü şad et, sənə təqrir edim.

«Osmanlıcadan türkcəyə tərcümə» sözünə Mirzə Ələkbər Sabirin etirazı:

Osmanlıcadan tərcümə türkə bunu bilməm

Gerçək yazıyor Gəncəli, yainki hənəkdir.

Mümkün iki dil bir-birinə tərcümə, əmma

Osmanlıcadan tərcümə türkə nə deməkdir?

Şerdən göründüyü kimi, hətta Anadolu türklərinin dilinə osmanlı dili deyilən zaman azərbaycanlıların dilinə türk dili deyilirdi.

M.Ə.Sabirdən digər bir nümunə:

Təsnif olunub tazə kutub türk dilində

Hər kəs oxuyub elmlə bidar olacaqdır.

Mirzə Əli Möcüz Şəbüstəri:

Dilim türki, sözüm sadə, özüm səhbayə, deldadə

Mənim tək şairin əlbət olar kasad bazarı.

Dünən şer ilə bir namə apardım şahe İranə

Dedi türki nəmidanəm, məra to beçe pəndari?

Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir.

Xudaya, mozməhl dil təxtdən bu al Qacarı.

Mirzə Əli Ləli:

Heyrətdə qoydu aləm islamı «Şərqi rus»

Yüzdən niqabın açdı bu «türki zəban» ərus.

Almas Yıldırım:

Mənim imanım bir, eşqim, özüm bir,

Bir çeşmədən axdım qaynar gözüm bir.

Türk oğlu, türkəm mən, mərdəm sözüm bir.

Yol ver, yol ver öz yurduma gedim mən.

Fırtınalı buralısan

Əski dərddən yaralısan.

Soran olsa haralısan.

Söylə türkdür soyum Araz

Sənə olmaz doyum Araz.

Azərbaycan ingilislər tərəfindən  işğal olunduğu zaman Əhməd Cavadın etirazı:

Sən bağla hər yolu, süngüm tez açar,

Üç ayda gələnlər üç gündə qaçar.

Zənn etmə qurşunum havalı uçar,

Türkdür bu qurşunu atan ingilis.

və yaxud:

Oxunur alnımda dərin bir tasa (kədər)

Qoca türk, sən nədən batdın bu yasa.

Məhəmməd Hüseyn Şəhriyar da özündən öncəki şairlər kimi ana dilini türkcə adlandırır:

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan bu əsil dil əsil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdi,

Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Türki vallah analar oxşarı, laylay dilidir

Dərdimi mən bu dəva ilə mədava eylədim.

Biz də islama qayıtdıqda gəlin əlbir olaq

Türklərin hər iki dünyası qayıtsın yerinə.

Səməd Vurğun «Komsomol» poemasında yazırdı:

Nədən söyləməsin ana dililə

Öz odlu nitqini yoldaş komissar.

Türkcə danışmasın sevgilisilə…

Bu mənhus adətdə böyüklükmü var?

Məndən inciməsin yoldaş komissar.

Üzeyir Hacıbəyov «Dil» məqaləsində yazırdı: «Dilimiz türk dilidir. İndi həmin bu türk dilinin əvvəla baqi qalması və saniyən, tərəqqi etməsi və islah olunması barəsində çalışmalıyıq… Əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yeni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki, dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbatı-vücud etməsinə səbəb onun dilidir» (9).

Göründüyü kimi, şairlərimiz (hətta farsca yazan şairlərimiz) və sənətkarlarımız dilimizin adını «türk dili» adlandırmışlar.

Bütün bunlardan istifadə edərək ata-babalarımızın, ulularımızın bizə yadigar qoyduqları bu dili onların özləri kimi adlandırmaq təşəbbüsündə olmuşlar. İki və ya bir neçə türk ləhcəsini müqayisəli şəkildə işlədərkən «Azərbaycan türkcəsi» terminini məsləhət bilmişlər.

Qeyd etmək lazımdır ki, ana dilimizin adının sabitləşməsində mərhum prezidentimiz Heydər Əliyevin böyük rolu olmuşdur (4).  O, Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayarkən komissiyanın növbəti iclasında çıxış edərkən demişdir: «Biz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır», «Hər şey inkişafdadır. Belə olan halda şübhəsiz ki,  bizim mənsub olduğumuz türkdilli xalqlar da şaxələniblər, məskun olduqları yerin, ərazinin təsiri altında, qonşularının, başqa millətlərin təsiri altında hərə öz istiqamətində  inkişaf edibdir. Ancaq bu dillərin, yəni bizim bu türk dili qrupuna mənsub dillərin gəlib dövlət dilinə çatması XX əsrdə baş veribdir» (2).

Dövlət dilinin adı məsələsinə daima çox ciddi yanaşan əbədi liderimiz Heydər Əliyev onun tarixi haqqında  hər dəfə çox sanballı çıxışlar etmişdir («Azərbaycan» qəzeti, 7 noyabr, 1995): «Demək,  arxivin verdiyi məlumatlardan bunu biz bu gün özümüz üçün aydınlaşdırırıq. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranan kimi qərar (əmr) verilib - Azərbaycanda kargüzarlıq türk dilində getməlidir. Sonra  1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə dekret veriblər ki, Azərbaycanın dövlət dili türk dili olmalıdır. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunub Orada dövlət dili haqqında maddə yoxdur. 1924-cü ildə Konstitusiya qəbul olunmayıb. Mərkəzi İcraiyyə Komitəsinin qərarı olubdur ki, Azərbaycanda dövlət dili türk dili olsun. Qurultaylarda dövlət dili haqqında qərar qəbul olunmayıbdır. Yəni 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi bir qərar sonra o qurultaylarda öz əksini tapmayıbdır. 1936-cı ildə Azərbaycanın Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili yazılıb. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunubdur və Konstitusiyada dövlət dili haqqında heç bir maddə yoxdur. Və o vaxtdan, yəni 1936-cı ildən bütün sənədlərdə Azərbaycan dili gedib. Ancaq Konstitusiyada bu olmayıbdır».

Mərhum prezident Heydər Əliyev davam edərək qeyd etmişdir ki, «1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına maddə əlavə edilibdir ki, «Azərbaycanın dövlət dili Azərbaycan dilidir… Nəhayət 1978-ci ildə qəbul olunmuş Konstitusiyada yazılıb ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Tarix budur. Hamı bilsin».

Bəlli olduğu kimi, 1992-ci ilin 22 dekabrında Azərbaycan dilinin dövlət dili kimi inkişafında gözlənilməz bir hadisə baş verdi. «Azərbaycan Respublikasının dövlət dili»  adı ilə qəbul edilmiş qanunun 1-ci maddəsi o vaxta qədər olanlardan fərqli olaraq «Azərbaycan Respublikasının dövlət dili türk dilidir» şəklində yazıldı. Təbii bu maddə birmənalı qarşılanmadı. Elmi müəssisələrdə və kollektivlərdə aparılan yı­ğıncaqlarla yanaşı 1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasının böyük salonunda Elmlər Akademiyasının, ali məktəblərin, Yazıçılar Birliyinin və müxtəlif partiya nümayəndələrinin geniş iclası keçirildi. Bu iclas 2 gün sonra Prezident yanında davam etdirildi. Mərhum prezident Heydər Əliyev məsələyə ciddi diqqət yetirilməsi üçün açıqlamalar vermişdir: Birincisi, ona görə ki, bizim mövcud Konstitusiyamızın 73-cü maddəsində «Azərbaycan dili» yazılıb. İkincisi ona görə ki, 1936-cı ildən sonra bizim dilimiz Azərbaycan dili yazılıb. Üçüncüsü də ona görə ki, 1922-ci ilin dekabrında qəbul olunmuş qanun qeyri-qanunidir (1).

Dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərir. Bunlara nəzər salaq: Azərbaycan Respublikasının dövlət dili: 1) Azərbaycan dilidir; 2) Türk dilidir; 3) Azərbaycan türk dilidir; 4) Azəri türkcəsidir; 5) Azərbaycan türkcəsidir; 6) Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.

Mərhum Prezidentimiz Heydər Əliyevdən iqtibas: «Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir.  Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var… Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türkiyəm» (3).

Başqa bir fakt. Yenə həmin iclasda dövlət başçısı demişdir: «… taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyibəlr. Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı - «russko-tatarskaya şkola»… Mən bununla sa­dəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir  biz «Azərbaycan dili», «azərbaycanlı» deyirik. İndii bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək».(3)

Daha başqa bir fakt: Yenə həmin müşavirədə Respublika  Prezidenti deyir: «Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında «Azərbaycanın dövlət dili Azərbaycan dilidir» yazılıbdır. 1992-ci ilin dekabr ayında isə Milli Məclisin 26 üzvünün səs verməsi ilə qanun qəbul olunubdur ki, «Azərbaycanın dövlət dili türk dilidir». Belə bir qanun qəbul edilərkən 1978-ci ildə qəbul olunmuş Konstitusiya qanunu ləğv olunmayıbdır. Ona görə də qanunvericilik, qanunçuluq nöqteyi-nəzərindən burada böyük qüsurlara yol verilibdir. Bu məsələnin bir tərəfi. İkinci tərəfi ondan ibarətdir ki, Milli məclis tərəfindən qeyri-qanuni qəbul olunmuş bu qanun respublikamızda birmənalı qəbul edilməyib» (1).

Hərtərəfli müzakirələrdən sonra  Konstitusiya Komissiyasının sədri, prezident Heydər Əliyev yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il 5 noyabrında keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilimizin adı barədə öz qəti fikrini bildirdi: «Tarixi köklərimizə tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb; özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən düzgün deyil (2).

Mərhum Prezident Heydər Əliyevin Azərbaycan yazıçılarının X qurultayındakı nitqindən: «Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur» (5).

Əbədi liderimiz Heydər Əliyevin dövlət dilimizin adı sahəsində gördüyü işlər, ölkəmizin, xalqımızın, millətimizin, dövlətimizin adına uyğun olaraq dövlət dilimizin adının da «Azərbaycan dili» qalması ilə nəticələndi.

 

 

Ə D Ə B İ Y Y A T

1.   «Azərbaycan» qəzeti, 4 noyabr, 1995

2.   «Azərbaycan» qəzeti, 7 noyabr, 1995

3.   «Azərbaycan» qəzeti, 9 noyabr, 1995

4.   Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. - Bakı: Elm, 1998.

5.   «Xalq» qəzeti, 5 noyabr,1997.

6.   Məhəmməd Rza Heyət. «Şairlərimiz bizi və dilimizi necə adlandırırlar» // «Varlıq» məcmuəsi, Tehran, 1376.

7.   Məhəmmədtağı Zehtabi. «İran türklərinin əski tarixi» - Təbriz, 1378.

8.   Roza Eyvazova. Nizami Gəncəvinin dilində «türk» sözünün işlənmə məqamları //Tədqiqlər - I . - Bakı: Elm, 2003.

9.   Üzeyir Hacıbəyov. Əsərləri. IV c. - Bakı: Elm, 1986.