Azərbaycan Respublikasında dövlət dili haqqında
Azərbacan Respublikasının Qanunu
Azərbaycan Respublikası Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca
əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi
qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı
milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin
dövlət dili kimi hüquqi statusunu nizamlayır.
I fəsil Ümumi müddəalar
Maddə 1. Dövlət dilinin hüquqi statusu
1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası
Konstitusiyasının 21- ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan
dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının
borcudur.
1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin
siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və
inkişafını təmin edir.
1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət
təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər
hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə
dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata
keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq
təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin
diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət
dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə
aparıla bilər.
Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik
Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas
vəzifələri
3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin
əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun tələblərinə
uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;
3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə
bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;
3.0.3. dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;
3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və
praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata
keçirilməsi;
3.0.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;
3.0.6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil
almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.
II fəsil Dövlət dilinin işlənməsi, qorunması və inkişafı
Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi
4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər
Azərbaycan Respublikasının dövlət dilində aparılır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının
təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə
müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər
hansı rəsmi mərasim və tədbirə şamil olunmur.
Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi
5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin
fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə
müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.
5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili
müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində
təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya
və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis
danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında
dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına
uyğun olmalıdır.
Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi
7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və
elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı
müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna
bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda
və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin
onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük
olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam
və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq
edilməlidir.
7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac
edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə
yanaşı, dövlət dilində də olmalıdır.
7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki
etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa
dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi
Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və
soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları
və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası
Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil
edən inzibati ərazi vahidlərinin - şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə
və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin
normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu
maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı
xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı
əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.
Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi
10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət
dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən
müəyyənləşdirilir.
10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan
dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun
olaraq müəyyən edilir.
Maddə 11. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə,
notariat fəaliyyətində, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda
işlənməsi
11.1. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan
Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.
11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında
və daxili qoşunlarda qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla,
dövlət dili işlənir.
11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə karguzarlıq
dövlət dilində aparılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa
müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs
dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə
aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən
sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi
tərəfindən ona tərcümə edilə bilər.
11.4. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı
dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş hallarda və qaydada məhkəmələrdə cinayət mühakimə icraatı
digər dillərdə aparıla bilər.
11.5. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər və iqtisadi
mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan
Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada
bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.
11.6. Azərbaycan Respublikasında inzibati xətalar üzrə icraat dövlət
dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə
müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə
aparıla bilər.
Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi
12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində
aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici
dillərdən birində də aparıla bilər.
12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət
dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin
razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.
12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
(sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.)
dövlət dilində nəşr edilməlidir.
Maddə 13. Dövlət dilinin normaları
13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər
həmin normalara əməl etməlidirlər.
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı
dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını
təmin edir.
Maddə 14. Dövlət dilinin əlifbası
Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı
Azərbaycan əlifbasıdır.
Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi
15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən həyata keçirilir.
15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları
latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.
15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və
kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat
göstəricisi və s.) istifadə edilə bilər.
Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid
nümunəli sənədlərdə işlədilməsi
16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında
şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız ölkə
daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində
tərtib edilir.
16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında
sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici
dillərdə də tərtib edilir.
Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının,
idarələrin adında işlədilməsi
Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının,
idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır.
Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və
kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində
tərtib olunur.
Maddə 18. Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq
təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən
müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya
vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat
işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını
təmin etməlidirlər.
III fəsil Yekun müddəaları
Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 20. Qanunun qüvvəyə minməsi
20.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
20.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət
dili haqqında" Azərbaycan
Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş
hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 30 sentyabr 2002-ci il
N: 365-IIQ