Cek London

 

 

      QADIN CƏSARƏTİ

 

                                                               İngilis dilindən tərcümə edəni:  Abuzərli Sevda

 

 

 

 

Tüklərindən qırov sallanan canavara oxşar bir itin çadırın kənarını aralayıb içəri soxulması ilə içəridəkilərin birağızdan :

- Ay səni, Sivaş![1] İtil burdan, şeytansifət! – deyə qışqırması bir oldu. Bettlz dəmir qabı itə atan kimi o, gözdən itdi. Lui Savoy çadırın kənarını bərkitdikdən sonra ayağı ilə tavanı ağzıaşağı çevirib onun istisinə əllərini qızdırmağa başladı. Bayırda şiddətli şaxta var idi. İki gün bundan əvvəl spirt termotetri 68 dərəcə soyuqda çatladı və elə o gündən bəri şaxta getdikçə artırdı. Allah bilir belə soyuqlar nə vaxtadək davam edəcəkdi. Aydın məsələdir ki, belə havada fələk də gəlsə kimisə sobanın yanından ayıra bilməzdi. Ancaq bəzən cürət edib bayıra çıxanlar olurdu ki, bu da onların ağ ciyərlərinin soyuqlaması ilə nəticələnirdi. Belə xəstələr quru, xışıltılı öskürəkdən əziiyyət çəkirlər, xüsusən də qızardılan donuz ətinin iyi vuranda öskürəkdən boğulurlar. Yazda, ya da yay uzunu şaxta vurmuş torpağın donu açılanda bu xəstəlikdən ölənlər üçün qəbirlər qazılır və cəsədlərinin üstü mamırla örtülür. Hamıda belə inam var idi ki, qiyamət günü, suri-İsrafil çalınanda buradakı ölülər də məhşər ayağına çəkiləcəklər. Qiyamət günü ölülərin dirilməsinə inanmayan skeptiklərə isə  ölmək üçün ən əlverişli yer kimi Klondaykı seçmələrini tövsiyə etmək olar. Lakin elə düşünmək olmaz ki, ölüm üçün əlverişli hesab olunan Klondayk yaşamaq üçün də münasib yerdir.

Çadırın içi isti olmasa da, hər halda bayırdakı kimi soyuq da deyildi. İçəridə ev əşyasına oxşar bir şey var idisə, o da ortadakı soba idi və bu soba oradakılar üçün həyat demək idi. Çadırın içinə yarıyadək şam ağaclarının budaqları döşənmiş, üstündən də xəz dərilər salınmışdı, yerin qalan yarısı isə palçıq qarışıq qar idi. İçəridə qütb düşərgəsinə xas olan pintilik hökm sürürdü; çirkli çaydanlar, qazançalar, bir sözlə, qış çadırında istifadə edilən  əşyalar palçığın üstünə atılıb qalmışdı. Sobanın çartıltı ilə yanmasına baxmayaraq, çadırın içi bir elə  isti də deyildi və  orada bircə quru yer sobanın borusunun tavandan çıxdığı yerin ətrafı idi ki, o da sırğa kimi sallanan su damcıları ilə dövrələnmişdi, çadırın qalan yeri  ağappaq qırov təbəqəsi ilə örtülmüşdü.

Xəzə bürünüb yatmış oğlan yuxuda ufuldamağa başladı. Üzü tüklü olan, solğun və zəif görkəmli bu cavanın iniltisi get-gedə artırdı və birdən onun bədəninin açıq qalmış hissəsi sanki yay kimi dartılaraq qıc oldu.

    - Tez ovuşdurun onu !— Bettlz qışqırdı. - O, yenə qıc oldu.

Elə həmin an içəridəkilərin bir nesəsi qıcolma keçənə qədər xəstəni var gücləri ilə ovuşdurdular.

Oğlan dodağının altında:

     - Lənətə gəlsin bu yolu! - deyərək üstündəki örtükləri kənara tulladı.

     - Mən az qala bütün ölkəni gəzmişəm, hər cür çətinliyə düşmüşəm. Ancaq yolçusu olduğum bu yolda isə incə-mincə, kişilikdən uzaq bir varlığın gününə qalmışam.

O, ocağa tərəf əyilərək siqareti bükdü.

--- Yox,mən daha ufuldamıram. Buna da dözərəm,amma onu da deyim ki, bu halıma görə çox utanıram. Qət etdiyim otuz mil məsafə məni beşcə mil yol gedib əldən düşən nərmənaziklərin kökünə salıb. Bu da məni əməlli başlı dilxor edir. Kimdə kirit var?

- Fikir eləmə, - Bettlz kösövü ona uzadaraq ağır-ağır danışmağa başladı.- Bu hamının başına gələ bilər. Birinci səyahətim zamanı elə mənim də başıma gəlib. Yadımdadır ki, əyilib balaca gölməçədən su içdikdən sonra ayaq üstünə qalxanacan o dünyaya gedib gəldim. Sümüklərim elə xırçıldayırdı ki, elə bil oynaqdan aralanırdı. Qıcolmaya gəlincə, o da məndən yan keçməyib. Bir dəfə elə tutmuşdu ki, özümə gələnəcən yoldaşlarım günün yarısınadək əlləşdilər. Yaşına görə sən çox cürətlisən. Bircə ildən sonra bizim hamımızı yarı yolda qoyacaqsan. Həm də sənin bədəninidə çox boylu-buxunlu oğlanları vaxtından əvvəl o dünyaya - ulu babalarının yanına göndərən artıq piy qatı yoxdur.

- Artıq piy?

- Bəs, necə? Uzun yol heç də onlar  üçün deyil.

- Heç eşitməmişdim.

- Eşitməmişdin? Heç şübhən olmasın ki, bu belədir. Bəlkə haradasa onların gücü kara gələndir, ancaq şimalın soyuğuna onlar tab gətirmirlər.Uzun səyahətə isə heç yaramırlar.Arıq adamlar isə daha dözümlü olurlar.

       -Elədir ki var, -  Lui Savoy söhbətə qoşuldu. - Mən bir adam tanıyırdım öküz kimi güclü idi. Bir dəfə o, sizin tanıdığınız kürən, həmişə irişən balaca irlandiyalı Lon Makfeynlə səyahətə çıxmışdı. Onlar gecə-gündüz yol gedirmişlər. Öküz kimi güclü adam yorulub ələdən düşür və qarın üstünə uzanır. İrlandiyalı onu dümsükləyəndə isə eynən uşaq kimi qışqırırmış. Onlar ta mənim komama çatanadək beləcə davam edib. O, üç gün komada yorğanın altından çıxmadı. Heç vaxt kişinin özünü bu cür qadın kimi apardığını görməmişdim. Bax onu da bu günə artıq piy qatı salmışdı.

- Ancaq Aksel Handerson kimiləri də var, - Prins dilləndi. Boylu-buxunlu skandinaviyalının faciəli ölümü mədən mühəndisinə dərindən təsir etmişdi.

- O, haradasa bax oralardadır, - deyərək  əlini naməlum istiqamətə tərəf uzatdı.

- O, uzun səyahətə çıxan və böyük cəsarət göstərib sığın ovlayan ən güclü adam idi. - Bettlz əlavə etdi. -  Heç bir qaydaya zidd olmayan istisna idi. Bəs onun arvadı –Unqa? O,da çox sağlam qadın idi. Onun cəsarəti, deyərdim ki, ərindən də çox idi. Daim ərinin qayğısına qalan bu qadın onun üçün daha nələr etməmişdi! Mümkün olan hər şey.

  -O  ərini sevirdi axı, -  mühəndis etiraz etdi.

  - Məsələ onda deyil. O...

  - Bura baxın, qardaşlar, - ərzaq qutusunun üstündə oturan Sitka Çarli söhbətə qoşuldu. - Siz bəzi iri gövdəli kişilərin qollarında əzələ yerinə lazımsız piy qatının olduğundan, qadınların cəsarətindən və məhəbbətindən danışdınız. Siz hər şeyi haqlı söylədiniz. Beynimdə daim boylu-buxunlu kişiyə və balaca bir qadına aid əhvalat dolaşır. Bu balaca qadının ürəyindəki cəsarət istənilən güclü kişinin cəsarətindən qat- qat artıq idi. Biz düz Duzlu Suya[2] kimi çox üzücü bir səyahətə çıxmışdıq. Soyuq iliyə işləyir, qar dizə qədər, aclıq da ki, qara bulud kimi daim başımızın üstündə. Bu qadının məhəbbəti isə çox güclü idi, bəli güclü, bunu başqa cür adlandırmaq da olmaz.

O, nəfəsini dərdi və əlindəki balaca balta ilə iri buz parçasını qırıb sobanın üstündəki qazançaya atdı (onlar bundan içməli su kimi istifadə edirdilər). Kişilər Sitka Çarliyə yaxın oturdular. Xəstə isə narahat halda o yan-bu yana çevrilərək keyimiş bədəni üçün rahatlıq axtarırdı.

--- Qardaşlar,- deyə Sitka Çarli söhbətə davam etdi.- Bilirsiniz ki, mənim damarlarımda qırmızı Sivaş qanı axır, ancaq ürəyimsə ağdır. Qanımın qırmızı olmağı əcdadlarımın səhvi üzündən, ürəyimin ağ olması isə yaxşı ağ dostlarımın olması səbəbindəndir. Mən hələ uşaq olanda bir həqiqəti öyrəndim. Öyrəndim ki, dünya siz və sizin kimilər[3] üçün yaradılıb. Sivaşlar[4] sizinlə ayaqlaşa bilməzlər. Mənə qalsa, onlar meşə heyvanları,  marallar, ayılar kimi məhv olmalıdırlar. Mən bu gün ocaq başında sizin aranızdayam, görürsünüzmü, artıq sizlərdən birinə çevrilmişəm. Həyatda çox şeylər görmüşəm, çox qəribəliklərlə üzləşmişəm, çox adamlarla uzun yol yoldaşı olmuşam. Bütün gördüklərimin nəticəsində mən də insanların əməllərinə sizin kimi qiymət verirəm, sizin kimi mühakimə yürüdürəm və hətta sizin kimi də fikirləşirəm. Bilirəm ki, ya sizlərdən biri haqqında kobud danışsam, ya da öz əcdadlarımın nəslindən birini tərifləsəm, məni pis qəbul edib düşünməzsiniz ki, Sitka Çarli  Sivaşdır, gözlərindən namərdlik  yağır, danışığı da səmimi deyil.

Ətrafdakılar güclə eşidiləcək səslə onunla razı olduqlarını bildirdilər.

   - O qadının adı Passuk idi. Mən onu dəniz kənarında yaşayan ailəsndən ədalətli ticarət yolu ilə almışdım. Onların Çilkət tayfası dənizə tökülən kiçik çayın lap baş tərəfində yaşayırdı. Mən nə ona vurulmuşdum, nə də onun baxışları məni valeh etmişdi. Həm də o, çətin ki baxışlarını yerdən qaldırıb adamın üzünə baxaydı. Qızlar əvvəllər heç görmədiyi yad bir kişinin qolları arasında necə utancaq və qorxaq olurlarsa, o da həmişə belə idi. Dediyim kimi mənim ürəyimdə ona yer yox idi, fikrim-zikrim uzun səyahət zamanı itlərimi yemləyəcək və avar çəkməkdə mənə kömək edə biləcək birini axtarmaqda idi. Mənim olan-qalan yeganə yorğanımla iki nəfərin üstünü örtmək olardı, mən də Passuku seçdim.

Bilmirəm sizə dedimmi ki, mən həmin vaxt hökumət qulluğunda idim?.. Deməmişəmsə, bunu da deyim. Beləliklə, məni kirşəm, itlərim, tükənən ərzağım və Passukla birgə hərbi gəmiyə götürdülər. Bizi şimalda, Berinq dənizinin daim buzla örtülü olan, ucqar sahilində düşürdülər. Hökumət qulluqçusu olduğum üçün mənə pul və həmin yerlərin xəritəsi də verilmişdi. Ancaq əvvəllər bu yerlərdə olmayan adam üçün xəritənin nə köməyi? Mən möhürlənmiş məktubları göz bəbəyi kimi qoruyub böyük Makenzi çayının mənsəbində balina ovlayan gəmiyə çatdırmalı idim. Əgər çayların anası Yukonu nəzərə almasaq, dünyada Makenzi kimi böyük çay yoxdur.

Deyəsən mətləbdən uzaqlaşdım axı? Mənim sizə danışacaqlarımın nə balina ovlayan gəmiyə, nə də mənim Makenzi çayı sahillərində keçirdiyim sərt qışa heç bir dəxli yoxdur. Nə isə, elə ki yaz gəldi, günlər uzandı, Passukla gəlib cənuba, Yukon çayı sahillərinə  çıxdıq. Bu çox ağır və üzücü səfər oldu. Xarlanmış qarın üstü ilə cığır açırdıq, yeganə bələdçimizsə günəş idi. O çöllər o zaman çılpaq idi. Biz çayla üzüyuxarı, axına qarşı üzürdük. Qırxıncı Milə[5] çatanadək gah kürəklə, gah da şüvüllə avar çəkdik. Axır ki, gəlib sahilə yan aldıq. Ağ üzlü adamları yenidən görmək necə də xoş idi. Həmin ilin qışı yaman sərt keçdi. Qışın  soyuğu və şaxtası ilə birlikdə aclıq da bizə qənim kəsilmişdi. Şirkətdə işləyənlərə adambaşına qırx funt un və əlavə də iyirmi funt donuz əti verdilər. Paxlamız isə heç yox idi. İtlər hər gün aclıqdan ulaşırdılar, gözə dəyən adamların arıqlıqdan ordları bir-birinə keçirdi. Güclü adamlar zəif düşür, zəiflər isə ölürdülər. Sinqa xəstəliyi də bir yandan baş alıb ğedirdi. Bir gün dükana gələndə oranın da boş olması ərzaq əldə etmək ümidimizi lap alt-üst etdi. Biz ocağın ətrafına yığışıb sakitcə söhbət edirdik, şamlar haradasa əlçatmaz yerdə yaza salamat çıxa biləcək adamlar üçün gizlədilmişdi.  Nəhayət, belə qərara gəldik ki, kimsə Duzlu Suya gedib oradakıları düşdüyümüz çarəsiz vəziyyətdən xəbərdar etsin. Hamının baxışlarının mənə tuşlanmasından aydınca sezdim ki, bunu məhz mən etməliyəm.

-  Heyns Mişin buradan yeddi yüz mil araladır, - mən dilləndim. Düz yeddi yüz mil və bütün yolu qar çəkməsi[6] ilə getmək lazım gələcək. Mənə özünüzün ən yaxşı itlərinizi verin və yol üçün ərzaq tədarükü görün. Passuk da mənimlə gedəcək.

Onlar mənim şərtimlə razılaşdılar. Bu zaman Lonq Ceff adlı irigövdəli, sağlam yanki ayağa duraraq bizimlə getmək istədiyini bildirdi. Məhz səyahət üçün doğulduğunu və kəl südü ilə böyüdüyünü deyən bu adamın danışığından özündən razılıq hissi yağırdı. Əgər yolda mən ölərəmsə  Lonq Ceff mənə verilən tapşırığı öz öhdəsinə götürməli idi. O, güclü olduğundan özünə arxayın idi. Mən o zaman çox gənc idim və yankiləri heç də yaxşı tanımırdım. Haradan biləydim ki, özünü tərifləmək elə zəiflikdən irəli gəlir. Yaxşı deyiblər, bacarıqlı adam az danışar. Hə, beləliklə biz üçlükdə – Passuk, Lonq Ceff və mən yola düşdük.

Yəqin siz heç vaxt insan ayağı dəyməyən, göz işlədikcə uzanan çöllərdən keçməmisiniz – elə buna görə də yolun çətinliyindən danışmayacağam. Bircə onu deyim ki, ağır zəhmətə qatlaşıb gündə on mil, bəzən isə otuz mil yol  getməli olurduq. Yola düşdüyümüz ilk gündən ərzağı qənaətlə işlətsək də bu bizi xilas etmədi. Eyni zamanda bizim seçdiyimiz itlərin heç də hamısı yaxşı deyildi və onlar da ayaq üstə güclə dayanırdılar. Belə olan halda biz itlərin köməyinə arxalana bilməzdik. Uayt çayın[7] yanında, yolun yalnız iki milini qət etmişdik ki, kirşələrimizdən birinin sayı azaldı. Əslində hələ  heç nə itirməmişdik: taqətdən düşüb ölən iitlərin əti sağ qalan itlər üçün yem oldu.

Pelliyə çatanadək yolda bir ins-cinsə rast gəlmədik. Mən Pellidə əlavə ərzaq tədarükü görmək və bütün yol boyu əldən düşərək zarıyan Lonq Ceffi orada qoymaq fikrində idim. Ancaq orada ərzaq anbarı az qala boşalmışdı. Xəstəlikdən çəitnliklə nəfəs alan komisyonçu, missionerin boş daxmasını və üstünə iri daş qalaqları yığılmış qəbrini bizə göstərdi. Orada biz aralarında körpələr və qocalar olmayan bir dəstə hinduya da rast gəldik. Bəlli idi ki, baharı qarşılamaq onların heç də hamısına nəsib olmayacaqdı.

Beləliklə, biz oradan əliboş, ürəyimizdə dərd aralandıq. Heyns Mişinədək dəniz yolu ilə beş yüz mil məsafə var idi və biz bu məsafəni qət etməli idik.

Günəş şüalarının zəifliyindən hətta günorta üstü də hava qaranlıq olurdu. Ancaq buz yığını azaldığından yol yerimək asanlaşmışdı. Mən itləri qovurdum, gecə-gündüz ara vermədən yol gedirdik. Əvvəlcədən dediyim kimi bütün yolu qar çəkməsi liə gedirdik. Çəkmə də ayqlarımızda küt ağrılar yaradır, sağalmaz yaralar əmələ gətirirdi. Yaraların qaşınmasına dözmək lap əzablı idi. Hər gün çəkmələri ayağımıza bağlayanda ağrı daha da şiddətlənirdi.

Lonq Ceff ağrıya dözə bilmədiyindən əməlli-başlı uşaq kimi ağlayırdı. Mən ona ön cərgədə ən yüngül kirşəni çəkməyi tapşırdım. O isə öz rahatlığı üçün   qar çəkmələrini çıxartdı. Buna görə də  qabaqda cığır açmaq əvəzinə, əksinə, onun mokasinləri qarın üzərində iri çuxurlar əmələ gətirirdi ki, həmin çuxurlar da itlərin hərəkətini çətinləşdirirdi. Bir dəri bir sümük olan itlər üçün düşdükləri çuxurdan çıxmaq müşkül bir iş idi. Bir dəfə Lonq Ceffi yaxşıca danladım, o da söz verdi ki, bir daha belə etməyəcək. Ancaq sözünün üstündə dura bilmədiyi üçün mən onu bu dəfə qamçı ilə döydüm. Bu üsulun təsiri oldu, artıq itlər çuxura düşüb əziyyət çəkmirdilər. Lonq Ceff doğrudan da uşaq idi, əziyyətə dözməyən iri gövdəli uşaq.

Ancaq Passuk! Lonq Ceff ocağın yanında uzandığı və zarıyıb ağladığı anlarda Passuk xörək bişirir, səhərlər kirşələri bağlamağa, axşamlar isə onları yenidən açmağa mənə kömək edirdi. Passuk həmişə qabaqda gedib cığır açmaqla itlərimizi də xilas etdi. Passuk – necə deyim, vallah o işlər ki bilirdim onun öhdəsindən Passuk gələ bilər, mənim o işlər sarıdan heç bir narahatçılığım yox idi. Mənim başım başqa işlərə qarışıq idi. Həm də o zaman çox gənc olduğumdan qadınların düşüncələri mənim üçün yad idi. Yalnız keçmişi xatırlayanda indi mən hər şeyi başa düşürəm.

Lonq Ceffdən artıq bizə bir kömək yox idi. O həmişə bizdən dala qalırdı. Sonra bildik ki, sən demə o, xizəyin üstünə uzanırmış, itlər də təbii ki, onu çəkə biləcək gücdə deyildilər. Passuk həmin kirşəni çəkməyi öz öhdəsinə götürdü. Artıq Lonq Ceff üçün sadəcə yeriməkdən başqa heç nə qalmırdı. Hər səhər mən ona düşəcək ərzaq payını verirdim, o bizdən qabaq təkcə yola düşürdü. Biz isə əşyaları qablaşdırır, itləri kirşələrə qoşub onun dalınca yollanırdıq. Günorta günəşin şəfəqləri gözümüzü qamaşdıranda biz yaş gilələri yanağında donmuş Lonq Ceffə çatır və hətta onu ötürdük də. Axşamlar isə biz düşərgə salır, ona düşəcək ərzaq payını ayırır, onun üçün də yatmağa yer düzəldirdik. Bizdən çox arxada qalmış Lonq Ceff üçün böyük tonqal yandırırdıq ki,  bizi asanca tapa bilsin. Bundan bir neçə saat sonra budur Lonq Ceff axsaya-axsaya gəlir, inildəyə- inildəyə öz payını yeyir və yatırdı. Demək olmaz ki, o, xəstə idi. Sadəcə səfərin çətinliyi və aclıq onu əldən salmışdı. Ancaq biz də onun günündə idik. Bununla belə bütün işləri biz görürdük, o isə iri gövdəsinə baxmayaraq, heç nə etmirdi. Yəqin bayaq sizin dediyiniz piy qatı ona mane olurmuş. Hər halda biz ona düşən ərzaq payını son tikəsinəcən verirdik.

Günlərin bir günü biz bu Sükunətdə iki adama rast gəldik. Bu ağ adamlardan biri kişi, o birisi isə cavan oğlan idi. Dediklərinə görə, Lö Barc gölündə buz qatı aralanmış və onların olan-qalanı düz gölün dibinə getmişdi. Xilas edə bildikləri bircə şey canları və çiyinlərinə saldıqları yorğan idi ki, axşamlar qaladıqları ocağın qırağında səhərəcən ona bürünüb yatırdılar. Onların çox az unları var idi və unu isti su ilə qatıb içirdilər. Kişi mənə vur-tut səkkiz fincan unlarının olduğunu göstərdi. Onlar bununla artıq çoxdan aclıqdan əziyyət çəkən Pelliyə üz tutmuşdular. Ora isə hələ iki yüz mil məsafə var idi. Onlar bir də onu dedilər ki, yanlarında çox ədalətli rəftar etdikləri bir hindu da varmıış və həmin hindu onlarla ayaqlaşa bilmədiyindən arxada qalmışdır. Sözün düzü, mən buna heç inanmadım. Axı bərabər ərzaq payı alan adam nə üçün geridə qalmalıdır? Mən bu adamlara heç cür  ərzaq verə bilməzdim. Onlar hətta bizim o biri itlərə nisbətən bir az kök itimizi də oğurlamağa cəhd etdilər. Ancaq tapança ilə qorxutduqdan sonra səntirləyə-səntirləyə bizdən aralanıbPelliyə üz tutdular.

İndi bizim həddən ziyadə arıq olan üç itimiz və bir kirşəmiz var idi. Məlumdur ki, odun az olanda ocaq pis yanır, daxma da isinmir. Biz də bu gündə idik. Çox az yediyimizdən şaxtaya heç dözümümüz qalmamışdı. Sifətimiz soyuqdan elə qap-qara kəsilmişdi ki, doğma anamız da görsəydi, bizi tanıya bilməzdi. Ayaqlarımız da yaman ağrıyırdı. Səhərlər yola düşəndə qar çəkmələri elə incidirdi ki, mən özümü qışqırmaqdan güclə saxlayırdım. Passuk həmişəki kimi öndə gedib cığır salır və heç ağzını da açmırdı. Lonq Ceff isə elə hey zarıyırdı.

Otuzuncu Mil artıq elə də uzaq deyildi. Suyun axını buz qatını elə əritmişdi ki, bir çox yerdə iri çatlar və buz parçaları ilə əhatə olunmuş gölməçələr var idi. Bir dəfə, bizdən əvvəl gəlib  adəti üzrə istirahət edən Lonq Ceffə çatanda gördük ki, onunla bizim aramızda böyük su yarğanı var. Onun oradan dövrə vurub keçdiyi yer kirşə üçün çox dar idi. Biz axtarıb buzun möhkəm olduğu yeri tapdıq və Passuk, hətta yüngül olmasına baxmayaraq əlinə hər ehtimala qarşı uzun şüvül alıb birinci keçdi. Sonra o, arxasınca itləri səslədi. Təəssüf ki, itlər həmin yerdən keçə bilməyibdərin suya qərq oldular. Mən yanqayışı qırılanadək arxa tərəfdən kirşədən bərk yapışsam da, itləri xilas edə bilmədim. Düzdür, onlar çox arıq idilər, ancaq hər halda onlar bizim bir həftəlik ərzaq ehtiyatımız ola bilərdilər. İndi isə onlar da əldən çıxmışdı.

O birisi gün səhər mən az qala tükənən ərzağımızı üç yerə bölüb Lonq Ceffə dedim ki, artıq yükümüz olmadığından, biz daha yeyin getmək istəyirik. O ya bizimlə ayaqlaşmalı, ya da burada qalmalıdır. O isə ağrıyan ayaqlarını və iztirablarını dilə gətirərək hündürdən qışqırmağa və məni pis yoldaş olmaqda suçlayıb ağzına gələni deməyə başladı. O, başa düşmürdü ki, bizim də ayaqlarımız ağrayır, bəlkə onun ayaqlarından da çox, çünki biz ondan çox zəhmət çəkirdik. Lonq Ceff and içdi ki, yerindən bir addım belə tərpənməyəcək. Beləliklə, Passuk xəz örtüyü, mənsə qazançanı və baltanı götürüb yola düzəldik. Bu vaxt Passuk Lonq Ceffə qoyduğumuz ərzaq payına gözucu baxıb dedi:

-  Bu fərsizə ərzaq qoymaq heç düzgün deyil. O,  ölsə daha yaxşı olar.

    Mən isə başımı yırğılıyıb, - Yox, yox yoldaşlıqda belə şey olmaz, - dedim. Bu an Passuk Qırxıncı Mildə məndən ərzaq yolu gözləyən layiqli insanları  mənə xatırlatdı. Mən etiraz əlaməti olaraq başımı yırğalamışdım ki, Passuk tapançanı cəld hərəkətlə mənim kəmərimdən qapıb çıxartdı və elə o andaca Bettlz qardaşımızın dediyi kimi Lonq Ceff vaxtından əvvəl ulu babalarının yanına birdəfəlik köç etdi. Bu hərəkətinə görə Passuku danladım, ancaq o buna görə təəssüflənmədiyini bildirdi. Əslində mən ürəyimin dərinliyində onun haqlı olduğunu bilirdim.

Sitka Çarli bu yerdə söhbətini saxlayıb sobanın üstündəki qazançaya buz parçaları tulladı. Hamı sükut üçündə idi. Soyuqdan ulayan itlərin tükürpədici səsləri içəridəkilərin yerlərində qurcalanmasına səbəb oldu.

- Günlər bir-birini əvəzləyirdi. Bir gün biz əvvəl rast gəldiyimiz iki adamın cəsədlərinin yanından keçib getdik. Duzlu Suya gedib çatıncayadək elə buradaca ölmək daha yaxşı olardı. Bir gün isə biz Pelliyə üz tutan üçüncü bir adama rast gəldik. O, hindu idi. Başına gələnləri danışdığından məlum oldu ki, həmin əvvəlki iki adam onun yol yoldaşları imiş və onunla çox ədalətsiz rəftar ediblər. İndi də üç gündür ki, unu qurtardığından hər gecə öz dəri çəkmələrindən bir parça qaynadıb onu yeyir və daha ondan da bir şey qalmayıb. Bu adam Sahildə yaşayan hindulardan idi deyə, Passuk onun dilini bilirdi. O, Yukona bələd deyildi, heç yolu da tanımırdı, ancaq gediş səmti Pelliyə doğru idi. O buradan nə qədər aralı idi?  İki gecəmi, on gecəmi, yoxsa yüz gecəmi? O, bunu da bilmədən üz tutub Pelliyə doğru gedirdi. Geri qayıtmaq isə mümkün deyildi, çünki daha da uzaq olardı. O, ancaq və ancaq irəli  getməli idi.

Bu hindu ərzaqımızın az olduğunu görüb bizdən heç nə istəmədi. Passuk balaları təhlükədə olan kəklik kimi səksəkə içində gah mənə, gah da ona baxırdı. Mən Passuka tərəf çevrildim:

- Bu adamla çox vicdansız rəftar ediblər. Ərzaq payımızdan bir az ona verimmi?-deyə soruşanda onun gözündə bir anlıq sevinc qığılcımı parıldadı. Uzun müddət mənə və hinduya baxan Passuk birdən sərt şəkildə dedi:

- Yox, yolumuz çox uzundur və ölüm hər an bizi haqlaya bilər. Qoy ölüm bu yad adamı haqlasın, səni yox.

Beləcə, hindu üzü Pelliyə doğru yönəlib bizi tərk etdi.  Qəribədir, həmin gecə Passuk için-içn ağladı. Mən əvvəllər onu heç vaxt ağlayan görməmişdim deyə onun bu halına təəccübləndim və fikrimdən keçdi ki, onun qadın ürəyi artıq çətinliyə, əzab-əziyyətə tab gətirmir.

Həyat çox qəribədir. Bu haqda düşünüb daşındıqca həyatın qəribəliyi nəinki azalmır, hətta get-gedə artır. Nə üçün biz onun xiffətini bu qədər çəkirik? Axı həyat oyundur, elə bir oyun ki, heç kəs ona qalib gəlmir. Yaşamaq üçün ağır zəhmətə qatlaşırıq, əzab çəkirik, qocalıq qapını haqlayanda isə isinmək üçün külə dönmüş ocağa əl uzadırıq.Yaşamaq olduqca çətindir. Bununla yanaşı, insan heç vaxt könüllü olaraq ölümün ağuşuna atılmaq istəmir, hər bir insanın ürəyində son nəfəsinəcən yaşamaq nisgili olur. Axı, ölüm daha xeyirxahdır. Bir baxın, bizi ağır məşəqqətlərə salan yalnız həyatdır. Ancaq biz yenə də həyatı sevir, ölüməsə nifrət edirik. Bu çox qəribədir.

Yol boyu mən də, Passuk da çox az danışırdıq. Axşamlar ölu kimi qarın üstünə uzanır, səhərlər isə yolumuza davam edirdik. Ətrafımızda həyat nişanəsi yox idi. Ov üçün nə tetra quşu, nə dələ, nə də dovşan var idi. Çay da bəyaz buz örtüyünün altından sakit-sakit axırdı. Lap indiki kimi hava çox soyuq idi. Axşamlar ulduzlar bizə çox yaxın və böyük görsənirdilər, onlar sanki rəqs edirmiş kimi hoppanırdılar. Gündüzlər günəş buludların arxasından çıxıb tam görsənənəcən lap təngə gəlirdik. Ətrafdakı qar almaz tozuna bənzəyirdi. Yan-yörəmizə baxdıqca gözlərimiz qamaşırdı. Nə yanar ocaq görürdük, nə də bir səs eşidirdik, yol yoldaşımız iliyə işləyən soyuq və Sükunət idi. Vaxtdan xəbərimiz yox idi. Bildiyimiz bircə şey var idi - necə olursa-olsun Duzlu Suya çatmaq. Arzularımız da, ayaqdarımız da bizi ora aparırdı. Sən demə biz Tahkinanın yanında düşərgə salmışıq, ancaq oraları tanımamışıq. Gözlərimiz Uaythorsu[8]  axtarırdı, amma onu görə bilmirdik. Biz heç nə hiss etmirdik, tez-tez yıxılırdıq, ancaq hətta yıxıldıqda belə, Duzlu Suya tərəf ümidlə baxırdıq.

Yol boyu ədalətlə böldüyümüz ərzaq da tam qurtardı. Passuk gücdən düşmüşdü və daha da tez-tez yıxılırdı. Maral Bərəsinə çatanda isə onun gücü lap tükəndi. Səhər biz uzanıb yerimizdəcə qaldıq, yola çıxmadıq. Mən ölümü bax beləcə, orada qalıb Passukla əl-ələ tutub qarşılamaq xəyalına düşdüm, çünki qadın məhəbbətinin nə demək olduğunu artıq anlamağa başlamışdım. Heyns Mişinədək səksən mil məsafə qalırdı. Sıralanan ağacların arxasından lap uzaqda Böyük Çilkut gözə dəyirdi. Passuk dodaqlarını mənim qulağıma yaxınlaşdıraraq mənim nəyəsə acığım tutacağından heç çəkinmədən yavaşca pıçıldamağa başladı. Onun öz məhəbbətindən, ürəyindən keçənlərdən və mənim həmin anadək hiss etmədiyim bir çox şeylərdən danışdığı xatirimdədir. O mənə bunları söylədi:

-Sən mənim ərimsən, Çarli və mən sənə yaxşı arvad olmuşam. Həmişə sənin ocağını qalamışam, xörəyini bişirmişəm, itlərini yemləmişəm, avar çəkmişəm və buna görə heç vaxt şikayətlənməmmişəm. Heç vaxt nə deməmişəm ki, atamın koması daha isti olub, nə də deməmişəm ki, orada - Çilkatda daha çox ərzaq var idi. Həmişə sən danışanda qulaq asmışam, əmr edəndə tabe olmuşam. Beləmi olub, Çarli?

-Hə düzdür. Həmişə belə olub.

-Sən ilk dəfə Çilkata gəlib məni, insan iti neçə pulla alırsa o çür, heç üzümə baxmadan alıb özünlə aparanda mənim ürəyimdə kədər və qorxu hissi yarandı. Ancaq o zamandan çox vaxt keçib. Sən mənə qarşı mərhəmətli olmusan, Çarli, həlim insan öz itinə qarşı necə mərhəmətli olursa, bax eləcə. Ürəyin isə həmişə bum-buz olub, orada heç vaxt mənə yer olmayıb. Buna baxmayaraq sən mənimlə vicdanlı rəftar etmisən, hərəkətlərin ədalətli olub. Sənin cəsarətli addımlar atmağın, təhlükənin gözünə dik baxmağın mənim gözlərimin qarşısında baş verib. Mən səni başqaları ilə müqayisə edib sənin onların arasında alnıaçıq dayandığının şahidi olmuşam. Sənin sözlərin müdrik, danışığın düz olub və mən get-gedə səninlə fəxr etməyə başlamışam, ta o vaxta qədər ki, ürəyim də, fikirlərim də yalnız sənə məxsus olub. Sən mənimçün səmanı heç vaxt tərk etməyən parlaq günəş olmusan. Mən hara baxırdımsa öz günəşimi görürdüm. Sənin ürəyin isə yenə də soyuq idi.

-Düzdür, - mən dilləndim. - Bu belə olub. Mən sənə qarşı soyuq olmuşam. Ancaq bu əvvəllər belə olub. İndi mənim ürəyim yaz günəşindən əriyən qara bənzəyir. Hiss edirəm ki, qəlbimin dərinliyindən çayların şırıltısının səsi gəlir, göy otlar cücərir. Ürəyimin səsi mənə quşların civiltisini xatırladır, biz qışa birlikdə qalib gəldik, Passuk və bu sınaq mənə qadın məhəbbətinin nə olduğunu anlatdı.

O xəfifcə gülümsədi, mənə sığındı və dedi:

-   Şadam.

         Bundan sonra o, başını sinəmə qoyub bir müddət sakitcə uzandı. Ağır-ağır nəfəs alan Passuk pıçıltı ilə söhbətə başladı:

         -  Mənim səfərim buradaca bitir, çox yorulmuşam. Ancaq əvvəlcə başqa bir şey haqqında danışmaq istəyirəm. Neçə illər bundan qabaq, mən balaca qız olanda atamın komasında bir qucaq xəz dərinin üstündə oynayırdım. Kişilər ova getmişdi, qadınlar və oğlanlar da vurulmuş ovu gətirməkdə onlara gömək edirdilər. Bu hadisə yaz vaxtı baş vermişdi. Mən komada təkcə idim. Birdən qış yuxusundan yenicə ayılmış yekə boz ayı başını komadan içəri soxub fısıldadı. Bu zaman mənim qardaşım ilk ov kirşəsini gətirirdi. Ayını görcək o, ocaqdan kösöv götürüb onunla döyüşə girdi. Qoşquları açılmasada, itlər də ayının üstünə cumdular. Dəhşətli döyüş başladı, səs-küydən qulaq tutulurdu. Onlar ocağın içinə yıxıldılar. Xəzlər ətrafa səpələndi, komanın altı üstünə çevrildi. Nəhayət ayı yerə sərildi, ağzında da qardaşımın barmaqları. Onun üzündə ayının pəncəsinin cırmaq yerləri var idi. Sən fikir verdinmi, Çarli, Pelli istiqamətində gedən o hindunun ocaqda isindirdiyi əlində əlcəyin baş barmağı yox idi. O mənim qardaşım idi, Çarli. Mənsə ona ərzaq verməkdən boyun qaçırdım, onu Sükunətə ac-yalavac yola saldım.

               Görün, qardaşlar, Maral Bərəsi yaxınlığında qar üstündə can verən Passukun məhəbbəti necə güclü olub ki, onu üzücü və nəticəsi acı sonluqla bitən səyahətə aparan kişidən ötrü qardaşını da, özünü də qurban verdi. Gözünü son dəfə yummazdan əvvəl Passuk mənim əlimi götürüb sincab dərisindən olan parkasının[9] altına, qurşağına doğru apardı. Balaca kisəsinin ərzaqla dolu olduğunu görcək onun gücdən düşməsinin səbəbini anladım. Biz hər gün ərzağı son tikəsinəcən bərabər bölürdük. Sən demə, Passuk ona düşən payın yarısını yeyir, yarısını da kisəyə atırmış.

         Passuk dilləndi:

         - Passukun yolu burada bitir, Çarli. Ancaq sənin yolun hələ davam edəcək, böyük Çilkutdan keçib ta Heyns Mişinədək, oradan da dənizədək. Ondan sonra da sənin yolun davam edəcək, Çarli. O səni parlaq günəşlərə, yad torpaqlara və sulara aparıb çıxaracaq. Bu yolda səni şərəfli və şan-şöhrətli uzun ömür gözləyir. Həyat yolu səni çoxlu qadınların, özü də qəşəng qadınların komasına aparacaq, ancaq bu yol heç vaxt Passukun məhəbbətindən böyük məhəbbəti sənin qarşına çıxarmayacaq.

           Mən bilirdim ki, o, həqiqəti söyləyir. Ağlım elə bil başımdan çıxmışdı, ərzaq dolu kisəni bir kənara atıb and içdim ki, mən də heç yerə gedən deyiləm. Bu an Passukun yorğun gözləri yaşla doldu:

         -Sitka Çarli kişilərin arasında həmişə şərəflə addımlamış, həmişə sözünə doğru olmuşdur.O, nə üçün bu şərəfi unudub Maral Bərəsində əbəs sözlər danışır? O, Qırxıncı Mildə ona öz ərzaq payını və ən yaxşı itlərini verən adamları nə tez unutdu? Axı Passuk həmişə öz əri ilə fəxr etmişdir. Qoy indi o da ayağa qalxıb qar çəkmələrini geysin və yola düşsün ki, Passuk yenə də onunla fəxr etsin.

           Mənim qollarım arasında artıq həyat yox idi. Passukun zəif bədəni buza dönmüşdü. Ayağa qalxıb ərzaqla dolu kisəni götürdüm, qar çəkmələrimi bağladım və yolu əlimə aldım. Dizlərim taqətdən düşmüşdü, başım gicəllənirdi, qulaqlarımdasa küyültü vardı. Artıq çoxdan unutduğum uşaqlıq xatirələrim gözümün qabağında canlanırdı. Mən hər şeyin bol olduğu potlaç[10] ziyafətində idim, mahnı oxuyurdum, oğlanların və qızların oxuduğu nəğmənin təsirindən rəqs edirdim, Passuksa əlimdən tutmuşdu, həmişə mənimlə birgə idi. Mən yatanda o, məni oyadırdı, mən büdrəyəndə, ya da yıxılanda o məni qaldırırdı. Mən dərin qara batıb qalanda o mənə cığır açırdı. Elə bu xəyallarla da mən Heyns Mişinə çatdım.

          Sitka Çarli çadırın kənarını qaldırdı. Günorta idi. Cənubda Henderson suayırıcısının üstündə günəşin zəif şüaları bərq vururdu. Günəş altında şölələnən çiskin zərif ipəyi xatırladırdı. Qarşıda, yolun kənarında soyuqdan tükləri pırpızlaşmış qurdbasan canavar iti ağzını göyə tutub tükürpədici səslə ulayırdı.

 

 

 

 

 

 

 

 

 



[1] Алйаскада гошгу ити

[2] Дяниз нязярдя тутулур

[3] Аь адамлар нязярдя тутулур

[4] Гырмызы адамлар нязярдя тутулур

[5] Канадада тиъарят мянтягяси

[6] Щиндуларын гар вя батаглыгда эейдикляри гайышдан щюрцлмцш чякмя

[7] Йукон чайынын голу (Канада яразисиндя)

[8] Канаданын шимал гярбиндя шящяр

[9] Хяздян тикилмиш капцшонлу цст эейими

[10] Алйасканын шимал гярб сащилляриндя йашайан щиндулара хас зийафят. Адятя ясасян бир нечя эцн давам едян шянлик вахты ев сащиби гонаглара щядиййяляр пайлайыр