Mansur Vəkilov
Tərcümə edəni Heydər Orucov
Budur, yeni şeirlərim,
Götür, bax,
Mən həminəm, yemə qəm
Sən nahaq.
Sətirlərim pilləli
Yenə də,
Sənin ayaq izin var
Pillədə.
Yenə, yenə hayqırır
Bu dəniz,
Bir bax, budur qalıbdır
Can sənsiz.
Necə haylayım səni,
Qaytarım?
Sən, axı, çox incəsən,
A yarım…
Küləkdə ayaqyalın
Gedirsən,
Sahilə izlərin həkk
Edirsən…
İllər boyu əlləşir
Dalğalar –
Amma həmin izlərin
Hələ var.
* * *
Üzürdülər,
Aralanıb gedirdilər
Sahildən
Gəmilər.
Geniş üfüq – göz önündə,
Külək tutub yelkənində
Gedirdilər
Sahildən
Gəmilər.
Xoş hava nə, yağmur nədi –
Səadətə yetəmmədi
Heç birində
Bir gəmi də
Sahildən
Aralı…
* * *
Səmanın boyuna biçilib
Zəriflik,
Dağların boyuna biçilib
Məğrurluq,
Dalğanın boyuna biçilib
Azadlıq.
İnsansa həm dağdır,
həm dalğa
həm səma.
* * *
Dəniz – qapağı açıq royal,
Dalğalar – ağ dilləri,
Küləyin yüngül əlləri
Dillərdə gəzir.
Əbədiyyət nəğməsi səslənir.
* * *
Əziz Xəzər,
Sənə
Dünyada ən böyük göl
Deməyəcəyəm.
Dənizlər içrə ən böyük olmasan da,
Dəniz deyəcəyəm sənə,
Dəniz!
* * *
Deyirlər: insan qoca Xəzəri
Onun gur saçlarını
Polad estakadalar darağı ilə darayıb,
Ram edib.
Məgər quşlar
Budaqlarda yuva qurmaqla
Ağacları ram edir?
* * *
Yaşıl körfəzdə
Sakit sularda
Uzanmışam
Üzü göyə.
Üfüqün qızıl teli
Asılıb kirpiyimdən.
* * *
Dənizdən –
Əsib-coşanda,
Ağzından köpük daşdananda –
Xoşum gəlmir.
Axı, bilirəm: o,
Dərinliyində
Çox sakitdir və
Təmtəraqlı köpüklü nitqinin
Sahilə təsir edəcəyinə
Biganədir.