Nikolay Qumilyov

 

             ZƏVVAR

   

                Tərcümə edəni Heydər Orucov

 

 Əhmədoğlu alıb çəliyin ələ,

Günlərin bir günü yola düzəldi,

Allahın adını gətirib dilə,

Qumlu səhralara üz tutub gəldi.

«Əhmədoğlu, qoca çağında belə

Ağır yola çıxma, bu nə əməlli?

Getmə, düşmən evin xaraba qoyar,

Yelbeyin arvadın əğyar uyar».

 

-İlahidən  gəldi belə bir nida:

«Qalx qorxu-hürküsüz, ay Əhmədoğlu,

Tərk eylə vətəni, - söylədi Xuda, -

Alqış de şənimə, gedəndə yolu,

Elə ki qartallar qalxdı buluda,

Yel əsəndə qumlar kəsdi sağ-solu,

Göz yaşı axıtdı at sahibinə,

Bil ki oradadır Məkkə, Mədinə».

 

«Sən yalan deyirsən. Təkcə peyğəmbər

Bu qəm dünyasının bir elçisi tək

Eyləyib o uca göylərə səfər,

Dinlərdi Allahı, vəcdə gələrək.

Amma o ucaboy, gənc, gözəl bir ər,

Atı da qaçışda küləkdi, külək.

Sən isə… Başın daz, eşşəyin yağır,

Səndən rəsul çıxar? Dinmə, ay fağır».

 

Baxmır bu inadkar deyilən sözə,

Acı-acı gülüb yortur irəli,

Əyni-başı cındır, heybədə təzə

Zərli əbası var, bərk sıxır əli

Naxışlı çəliyi – köməkdir dizə

Ona söykənərək yola güc gəlir.

Şiə əmmaməsi başını örtüb,

On lirə parasın başmağa dürtüb.

 

Dünən çaqqal səsi düşdü dağlara,

Kimsə kölgə kimi şütüdü yoldan,

Bu günsə üç nəfər səfil, avara

Ona altdan-altdan gülürdü yaman.

Amma ki bir kimsə dəyməz zəvvara –

Nə şeytan, nə oğru, nə də ki heyvan:

Nur dolu yuxular ona gecələr

Yəqin ki, lap Ayın özündən gələr.

 

Hər axşam sanır ki, tezliklə, güman,

Tikanlıq, qanqallıq arxada qalar,

Bəsrəmi, Bağdadmı görünər, haman

Qızıl gümbəzlərdən yollar nur alar,

Günəşin nurundan rəngi allanan

Qırmızı dəniz bir al süfrə salar –

Qırağı mavili, yaşıllı süfrə…

Bir gün də qarışır ötən günlərə…

 

Əhmədoğlu qoca, yollarsa çətin,

İliyə işləyir gecə dumanı…

Üç məşhur şəhərin birində yəqin

Axşam sərinində huri, qılmanı

Avazla ananda cavan müədzin,

O, başına çəkib cındır əbanı

Küçənin birində düşüb qalacaq,

Üstündə çinarlar layla çalacaq.

 

Yıxılıb yollar da qalacaq insan,

İlahi ilhamlı ruhunu ancaq

Allahın əmrilə Əzrail, yaman

Böyük bir şövq ilə o an qucaraq,

Mələk, Nəbi, Günəş, Ay üçün olan

Cığırla irəli tez aparacaq.

Qocanın qurbanın qəbul edib həqq,

Odur ki görəcək Məkkəni mütləq.