Vladimir Qafarov

 

                  Rübailər

 

                        Tərcümə edəni Heydər Orucov

 

Söz var: məlhəmdə də zəhər var, zəhər,

Sənə göz qoyduqca göz zəhər içər.

Mənmi günahkaram ki, qara xallar

Baxdıqca xaşxaşdək məni məst edər.

 

İllər qayalardək qalaqlanıbdı,

Gecələrim artıq aysız qalıbdı.

Bir vaxt arzularla dolu gecələr

Yalnız xatirata indi talıbdı.

 

Fələk gah güldürür, gah verir zülüm,

Şeytan fəhləsidək fırladır, gülüm.

Özümdən də qaçıb qurtara billəm,

Səndən... necə qaçım? Yıxılıb ölüm?..

 

Yaşamaq həvəsim olub tarimar,

Ömrümün sonuna, deyəsən, az var.

Elə bir yol tap ki, məni ya öldür,

Ya da ki, bir yolluq həyata qaytar.

 

Elə tənhayam ki, mən ölən zaman

Olmayacaq məni ağlayan, aman...

Durub ağlayaram özüm özümü,

Sonra da yıxılıb ölərəm haman.

 

Mənim badəm iki, ömrüm bir dənə,

Hər iki badənin girrəm dibinə.

Gah sevinc, gah qəmdən keyfliyəm indi,

Şərab gərək deyil, deyildir mənə.

 

Deyirlər: - Həvəsdi, bəsdi. - İndi mən

Niyə düşməliyəm, axı, zirvədən.

Əvvəlcə uçmağa həvəsləndirir,

Sonra da aşağı dartırlar hər dəm.

 

- Dünya çox gözəldir,- demişəm, yenə

Deyirəm indi də mən dönə-dönə.

Hərdən pis olursa, onda günah yox,

Günah ya səndədir, ya da ki məndə.

 

 

Məni nə zərə tut, nə də ki şala,

Yalnız mənə qarşı olma karsala.

Az qala müqəddəs deyirsən mənə,

Bəli, müqəddəsəm, amma «az qala».

 

 

            ÜÇYARPAQ

 

Mənzilə yetişər yol gedən,

Dağlardan, çaylardan keçərək.

Pay gələr, dedilər, cənnətdən -

Bunlardan gözünü daha çək.

 

Yol gedən yetişər mənzilə,

Ağına, bozuna baxmadan.

Duracaq salamatsa hələ,

Şükr elə Allaha, daldalan.

 

Yol gedən mənzilə yetişər.

Bu dünya əbədi, sən fani.

Yaranı vurubsa yol əgər,

Özü də sağaldar, bil, səni.

 

            X      X      X

 

Şair, mütərcimmi,

Sənət, peşəmi?

Mən ki, bərəçiyəm –

Avar – qələmim.

 

Kimdən xoşum gəlsə,

Pulsuz-parasız

O yana keçirrəm

Qorxu-qarasız.

 

Xoşum gəlmədisə

Kimsədər əgər,

Ən dayaz yerdəcə

Batırram gedər.