ŞEIRLƏR
Tərcümə edəni Firuz Mustafa
Bax, düşür axşam.
Söyüdə söykənib
Yolda durmuşam.
Düşür damımıza
Ayın şöləsi.
Gəlir uzaqlardan
Bülbülün səsi.
Sobanın kösövü
Alışır par-par.
Şam kimi işarır
Ağcaqayınlar.
Çayın o üzündən
Meşə başlayır.
Yuxulu qoruqçu
Toxmaq sazlayır.
1910
* * *
Zəmini oyatdı
Zəng səsləri, bax.
Günəşə boylandı
Yuxulu torpaq.
Səs, qalın meşənin
Bağrını yardı;
Elə bil göylərdə
Dəf çalınırdı.
Çayın o üzündə
Gizləndi Ay da.
Kiçik, şux ləpələr
Oynaşdı çayda.
Mürgüləyən vadi
Yuxunu qovur.
O yandakı səslər
Donub bir hovur.
Hələ lap qədimdən bizim rus Parnas
Neçə yad ölkəyə daim atıb can.
Sənsə hamıdan çox, bilirəm, Qafqaz,
Duman arxasında sirli qalmısan.
Puşkin öz qəlbini edərək məşəl
Burada yazıbdır gözəl şeirini:
«Sən mənim yanımda oxuma, gözəl,
Gürcüstanın qəmli nəğmələrini».
Lermontov qüssədən gələrək təngə
Bizə Əzəmətdən açıbdır söhbət:
Demə, bacısını qızılla birgə
Kazbiçin atıyçün verib Əzəmət.
Üzündə zamanın qəzəbi, kini,
Ürəyi coşurdu eşq həvəsiylə.
O bir zabit kimi, bir şair kimi,
Burda sakitləşdi dost gülləsiylə.
İran dumanında itən xərac tək
Burda Qriboyedov itib nə vaxtdır.
Dağın ətəyində indi tənha, tək
Yatır zurna səsi, tar səsi altda.
Gəlmişəm, könlümə sükutdur hakim,
Özüm də bilmirəm səbəb nədir, nə:
Doğma ölülərə bəlkə baş çəkim,
Bəlkə əcəl özü qol açdı mənə!
Mənə fərqi yoxdur bu olayların!
Keçir göz önündən dahilər bir-bir.
Vəhşi vadilərin, vəhşi çayların
Gur səsi onlara şəfa veribdir.
Onlar düşmənlərdən qaçmışdı dağa,
Həm də dostlarından qaçmışdı onlar.
Addım səslərinə qulaq asmağa
Vadini, dağları seçmişdi onlar.
Sərsəri dostlardan qaçıram mən də
Hikkədən, qəzəbdən əsirəm tir-tir.
Elə bilirəm ki, mənim içimdə
Nəhəng epik mövzu yetişməkdədir.
Mənə çox əzizdir Rusiya şeiri,
Burda Mayakovski nələr eyləyir.
Qərargah rəngsazı çıxıb irəli
«Mosselprom» haqda şeir söyləyir.
Ladoqa yazarı Klyuyevinsə
Pambıq gödəkçəyə bənzəyir şeiri;
Onları oxudum dünən həvəslə,
Qəfəsdə boğuldu bülbülün biri.
Çəkmək istəmirəm başqa adları,
Soyuq günəş altda yetişir onlar.
Qoyub lap qənşərə ağ varaqları
Hətta, pozmağı da bacarmayırlar.
Bağışla, ey Qafqaz, qəsdsiz-qərəzsiz
Başqaları haqda gop etdiyimçün.
Mənimsə rus şeirim ətirli, ləziz
Zoğal şirəsi tək qoy axsın bu gün.
Bəlkə də çox gözəl bir poemayla
Təzədən dönməkçün Moskvaya mən,
Əbədi ayrılıb qəmlə-qüssəylə
Qaçaram sərsəri dost məclisindən.
Öz doğma ölkəmdə gələrək gözə
Vida saatının sıxsam əlini:
«Sən mənim yaqnımda oxuma, gözəl,
Gürcüstanın gözəl nəğmələrini».
Sentyabr, 1924.
Tiflis
* * *
Köhnə ağrılarım səngiyib hələ.
Könlümü didməyir dərdlər, duyuram.
Tehranın masmavi gülləri ilə
Mən bir çayxanada məlhəm qoyuram.
Çayçı rus qonağa- yəni ki, mənə
Çayı tərif edir, yaxınlaşaraq;
Tünd araq yerinə, şərab yerinə
Məni tünd çayına eləyir qonaq
Çayçı, gəl başımı çox qatma çayla,
Çoxdur qızılgüllər sənin baxçanda
Çadradan boylanan o gözlər hələ
Yadımdan çıxmayır gör bir haçandı.
Nazənin qızları Rusiyada bil,
Zəncirdə it kimi saxlamırıq biz.
Öpüşlə onlara veririk təlim
Hiyləsiz, davasız, xəncər-nizəsiz.
O naz- qəmzə üçün, o ədalarçün
O nurlu sifətçün keçib varımdan-
Mən Xorasan şalı alaram bu gün,
Lap Şiraz xalçası taparam, inan.
Çayxana sahibi, süz tünd çayından,
Mən səni aldadan deyiləm, əlbət.
Səninçün cavabdeh bax mənəm bu an,
cavabdeh deyiləm özümçün fəqət.
Gəl sən də qapıya boylanma belə,
Onsuz da qıfıl var sənin baxçanda.
Çadradan boylanan o gözlər hələ
Yadımdan çıxmayır gör bir haçandı.
1924
* * *
Bir sərraf adamdan soruşdum ki mən,
Yarım tümən pulla de, nə eyləyim,
O gözəl Laləyə farsca görəsən
«Sevirəm» sözünü necə söyləyim?
Sərrafdan onu da soruşdum ki, mən
Van küləyi kimi sakit, xəfifcə
Mən gözəl Laləyə indi görəsən
Bəs “öpüş” sözünü söyləyim necə?
Bunu da soruşdum sərrafdan hələ
Atıb qorxaqlığı bir tərəfə mən,
De, necə söyləyim gözəl Laləyə,
Mən necə deyim ki, ona «mənimsən»?
O sərraf sözünü söylədi necə:
Sevəndə ucadan deyilmir sözlər,
Sevən korun-korun yanır gizlicə,
Sevəndə yaqut tək od saçır gözlər.
Yoxdur bu dünyada adı öpüşün,
O, qəbrüstü yazı deyildir, axı.
Onu qızılgüllər yelpiklər, düşün:
Əridər dodaqda bir gül yarpağı.
Sevgidən zəmanət tələb edilməz,
O, qəmin, sevincin canıdır, canı.
«Mənimsən»- söyləyə bilər ki, o kəs
Əliylə parçalar qara çadranı.
1924
* * *
Söylədin ki, Sədi yalnız
Öpərdi yar sinəsindən.
Bir tələsmə, dayan, ay qız,
Qoy bunları öyrənim mən.
Nəğmə dedin: «Fərat üçün
Qızılgül divdən doğmadı».
Mən varlı olsaydım bu gün
Başqa nəğmə oxuyardım.
Bütün gülləri əzərdim,
Onlar əziz deyil mənə.
Tək bircə gülü üzərdim-
Ən gözəl güldür Şəhanə.
Məsləhətin deyil gərək,
Mən də demirəm fikrimi.
Doğulmuşam mən şair tək,
Qoy öpüşüm şair kimi.
19 dekabr 1924
* * *
Əlvida, ey dostum, daha ayrılaq,
Vuran qəlbimdəsən mənim hər zaman.
Əzəldən gözlənən bu cür ayrılıq
Yeni görüşlər də vəd edir, inan.
Əlvida, əzizim, göz yaşını sil,
Bu kədər, bu qüssə yaraşmır bizə.
Bu həyatda ölmək təzə şey deyil,
Elə yaşamaq da deyildir təzə.
1925
Bir zaman cavandım: qəşəng, təzə-tər.
Bir də baxıb gördüm hiss olunmadan
Hər şey ötüb getdi… keçdi yanımdan.
Ürək sopsoyuqdur, soğulub gözlər…
Ax, mavi səadət! Aylı gecələr!
4/5 oktyabr 1925
* * *
Ay sözquraşdıran, ay bədbəxt, sənmi
Aya şeir qoşub qılırsan çara?
Çoxdan gözlərimə tor gəlib mənim
Həvəs yox şəraba, eşqə, qumara.
Bax, keçir içəri Ay pəncərədən-
İşıqda çox şeyi görmürəm düzü.
Əlimə “dama”nı götürürəm mən,
Fəqət oynayıram kərpici «tuz»u.
4/5 oktyabr 1925
* * *
Əzizim, mən yaxşı xatırlayıram
Sənin saçlarının şəfəqlərini.
O vaxtdan ürəyim olmayır aram,
Boğur kədər məni, boğur qəm məni.
Payız gecələri düşür yadıma,
Bir də xışıldayan o boz kölgələr.
Gündüzlər o zaman qısaydı, amma
Yamanca uzundu aylı gecələr.
Yaxşı yadımdadır, mənə deyirdin:
«Bax, ötüb keçəcək bu mavi illər.
Başqası rastına çıxacaq sənin,
Məni başqa səmtə atacaq yellər».
Bu gün çiçək açan cökə ağacı
Ölən hisslərimi cana gətirdi.
Əzizim, o zaman başının tacı
Telinə səpdiyim çiçəklər idi.
Qəlbim qocalmasa, usanmasa da
Yenə bağlansam da nazənilərə,
Sanki bir başqası salaraq yada
Qüssəylə qayıdır sənli günlərə
1925
* * *
Həyat aldanışdır, əsrardır elə
Bəlkə ona görə bizə gor qazır.
Bəlkə ona görə kobud bir əllə
Alın yazımızı bax bu cür yazır.
Nə vaxt ki, gözümü qapayırım mən
Deyirəm: «Qoy düşüm qəmin cənginə;
Ömür-aldanışdır, amma o, bəzən
Yalanı bəzəyir sevinc rənginə.
Ağsaçlı göylərə baxıb qəm yemə,
Lap fal aç, əlindən vermə fürsəti.
Ay öləri insan, tələb eyləmə
Lazımın olmayan bir həqiqəti».
Meşəgilasının kolları çin-çin
Düşünürsən burda olaram xoşbəxt.
Qoy səni aldatsın rəfiqələrin,
Qoy ötəri dostlar etsin xəyanət.
Qoy məni öyənlər qaldırsın göyə,
Qoy iti dillərlə sancsınlar hətta,
Fərqi yox, hazıram hər cür zərbəyə,
Hər cür haqsızlığa öyrəşmişəm ta.
Yüksəklik üşüdür mənim qəlbimi-
Ulduzlar hənirli olub nə vaxtdan?
Çoxdan unutmuşam sevdiklərimi,
Məni sevənlər də unudub çoxdan.
Həyat əzib-sıxır məni günbəgün,
Mən ondan razıyam yerdən göyəcən.
Əslində bu adi ömür-cün üçün,
Hər şeyə, hamıya minnətdaram mən.
17 avqust 1925
* * *
Paltarı masmavi, gözləri ala.
Heç bir şey demədim mən o gözələ.
O məndən soruşdu: «Çovğundu yenə?
Sobanı yandırıb, yer açım sənə?»
Mənsə ona dedim: «Göydən elə bil
Dümağ çiçək yağır, sanki qar deyil.
Get sobanı qala, yataqda aç yer,
Sənsiz ürəyimdə çovğun inləyir».
Oktyabr 1925
* * *
Qarlıdır düzənlər, bəmbəyazdır ay,
Kəfənə bürünüb sanki yer üzü.
Meşəyçün ağlayır ağcaqayınlar,
Ölən var? Kim ölüb? Bəlkə mən özüm?..
Ah, bu qar-bu çovğun ağ dəyənəklə
Evlərin damına ağ mismar «əkir».
Amma mən qorxmuram; fərsiz ürəklə
Sənə sancılmışam lap mismar təki.
1925
* * *
Çovğun ağlar bir qaraçı skripkasıtək,
O gözəlin təbəssümü-qəzəbli, hürkək.
O göygözün mən əsiri olmayım niyə?
Ehtiyac var, ehtiyac yox indi çox şeyə.
Gör nə qədər biz uzağıq, yadıq bu axşam-
Sən baharsan, mənsə yorğun, qocalmış qışam.
Gənclik xoşdur, amma yaddaş illəri sökər.
Bu qar altda qalan yerə təzə üz çəkər.
Bu skripka layla çalır səninlə birgə
Ürək sənin gülüşünə çəkər süpürgə.
1925
* * *
Çiçəklər əl edir, göstərir təzim,
Çiçəklər əlvida -söyləyir mənə.
Bir o qız, bir də ki, obamız bizim
Bir anda gözümdən getməyir yenə.
Sevgilim, qoy deyim bir həqiqəti,
Az şey görməmişəm başdan-binadan.
Bu xali dünyanın hər məşəqqəti
Mənimçün tərifdir, təltifdir, inan.
Bununçün cənginə alsa məni qəm,
Yenə də üzümdə halələnir nur.
Həmişə demişəm, yenə deyirəm-
Bu dünyada hər şey təkrar olunur.
Gedənin yerinə gələcək kimsə,
Təzəylə köhnənin bir fərqi yoxdu.
Gedənin yerinə təzə gələnsə
Bəlkə daha yaxşı mahnı oxudu.
Başqa birisilə verib səs-səsə
O gözəl dolaşar çölü, çəməni.
Bax, bəlkə o zaman gəlib həvəsə
Təkrarsız çiçək tək xatırlar məni.
27 oktyabr 1925
* * *
Sən məni sevmirsən, etmirsən maraq,
Heç mənim üzümə nəzər salmısan?
Gözünü gözümdən yayındıraraq
Əllərin çiynimdə- donub qalmısan.
Cavansan, gözəlsən, lap təzə-tərsən,
Mən sənə nə doğma, nə də ki, yadam.
De görüm, nə qədər öpüş görmüsən?
Sənə sığal çəkib nə qədər adam?
Hər şey ötüb keçib boz bir kölgə tək,
Heç kəs alışmayıb sənin gözündə.
O dizdən bu dizə qonan kəpənək-
İndi əyləşmisən mənim dizimdə.
Çatıb qaşlarını, qıyıb gözünü
Kimisə düşünüb, yada salırsan.
Ürəkdən sevmirəm mən səni, düzü,
Mənim də gözlərim yol çəkir bu an.
Bu yolun tozuna tale demə sən,-
Demə ki, qismətin üzünə acıq.
Axı, görüşmüşük biz təsadüfən
Sakit, təbəssümlə ayrılacağıq.
Kədərli günlərin tozanağıyla
Çıxıb gedəcəksən… qulaq as barı:
Sən başdan eləmə, gəl tutma dilə
Oduna yandırma yanmayanları.
Bəlkə başqasıyla bir zaman yenə
Sevgidən-filandan danışanda sən,
Əzizim, qəfildən rast gəlib mənə
Üzümə sakitcə gülümsəyəsən.
Hətta, yüngülvari təzim eləyib
Yalançı əda da göstərərik biz;
Sən mənə deyərsən: «Axşamın xeyir!»
Mən sənə: «Axşamın xeyir olsun, miss».
Hissdən-həyəcandan danışmaq əbəs,
Sopsoyuq bir görüş, cümlələr qısa.
Sevənlər bir daha sevə biləmməz,
Yandıra bilməzsən yananlarısa.
4 dekabr 1925-ci il
* * *
Bəlkə gec, bəlkə də tezdir; yəqin ki,
Bu haqda düşünmək mənə çətindir;
Get-gedə yelbeyin bir şair təki
Elə bil Don cuan oluram indi.
Nə olub? Nə işdir gəlib başıma?
Hər gün bir diz üstə, bir xəyalatda.
Hər gün mən özümdən uzaqlaşıram,
Barışa bilmirəm bu xəyanətlə.
Həmişə, hər zaman uzaq qaçmışam
Adi duyğulardan, zərif hisslərdən.
Bəs niyə, nə üçün qucaq açmışam
Bu yüngül, yelbeyin qadınlara mən?
Ay nifrətim, tut qolumdan,
Sənsən mənim doğma hissim.
Ürəyimdə soyuq tufan,
Bir də ki, baharın səsi.
Könlümdə qürubun limon rəngi var,
Dumanın içindən səs gəlir bu an:
Hisslər-azadlıqçün girov olurlar,
Eşit bu səsləri, eşit, Don cuan!
Sakit qarşılayıb səsləri bu gün
Görürəm könlümü sarır doğma hiss:
Çovğunu sevirik çiçəkli mayçün
Duyğuları qəlbə səsləyirik biz.
Bax, bu cür iş gəlir mənim başıma-
Onunçün qonuram mən dizdən-dizə.
Xəyanət edənlə heç vaxt barışma,
Onda səadət də gülümsər üzə.
13 dekabr 1925
* * *
Mən kiməm? Mən nəyəm? Bir xəyalpərvər,
Elə bil gözümə çöküb duman, çən.
Bu ömrü yaşadım elə birtəhər,
Yenə kimlərləsə yaşayaram mən.
Sənlə də ürəksiz öpüşürəm, bax,
Çünki çox görmüşəm bu öpüşlərdən.
Arabir özümü ələ alaraq
Səninçün xoş sözlər söyləyirəm mən.
«Əzizim», «gözəlim», «sevirəm səni»,-
Desəm də, ürəyim heç dilə gəlmir.
Riqqətə gətirsən insan qəlbini
Həqiqət tapılmaz-kim bunu bilmir?
Eləysə oduna mən necə yanım,
Səndən od ummaq da deyildir asan.
Ay mənim yeriyən ağcaqayınım,
Həm mənim, həm də ki, başqasınınsan.
Sən mənə bir az da doğmasan sanki,
Düzdür, həsrətini qəlbən çəkmirəm.
Mən səni heç kəsə qısqanmıram ki,
Mən sənin qarşında diz də çökmürəm.
Mən kiməm? Mən nəyəm? Bir xəyalpərvər,
Elə bil gözümə çöküb duman, çən.
Mən sevdim, yaşadım sənlə bərabər
Yenə kimlərləsə yaşayaram mən.
4 dekabr 1925
* * *
Şəhanə, Şəhanə, mənim Şəhanəm!
Bəlkə də şimaldan olduğum üçün,
Sənə düzənlərdən söz açım bu gün.
Gecə dalğalanan zəmi bir aləm,
Şəhanə, Şəhanə, mənim Şəhanəm.
Bəlkə də şimaldan olduğum üçün
Ay böyük görünür yüz dəfə azı,
Nə qədər sevsəm də gözəl Şirazı
Ryazantək geniş görünmür bu gün,
Bəlkə də şimaldan olduğum üçün.
Çovdar zəmisindən söz açım sənə,
Ordan götürmüşəm bu saçları mən,
Barmağına dola əgər istəsən-
Bundan isti-soyuq olammaz mənə
Çovdar zəmisindən söz açım sənə.
Gecə dalğalanan zəmi bir aləm,
Qıvrım saçlarıma nəzər sal bir az.
Gülüm, zarafat et, gül, belə olmaz.
Təkcə yaddaşımı oyatma, sənəm,
Gecə dalğalanan zəmi bir aləm.
Şəhanə, Şəhanə, mənim Şahanəm!
Orda, Şimalda da bir qız yaşayır,
Bilsən o qız sənə necə oxşayır.
O, məni düşünür bəlkə də bu dəm…
Şahanə, Şahanə, mənim Şahanəm.
1925
* * *
Səni görməyəcəyəm, əlvida, Bakı!
Qəlbimi sarıbdı kədər, qüssə-qəm.
Ürəyim köksündən çıxacaq sanki,
Dostumsan-bu sözlər çıxır dilimdən.
Əlvida, türk göyü-əlvida Bakı!
Ürəyim sonuncu anları sayır.
Qəbrəcən könlümdə qalacaq bil ki,
Xəzər ləpələri, Balaxan mayı.
Nəğmə tək, əlvida! Əlvida, Bakı!
Öpürəm mən gözü yaşlı dostumu.
Yasəmən tozunda qızılgül kimi
Əyilir köksümə başı dostumun.
May, 1925
* * *
Öp məni, öp məni, qoy bu öpüşün
Havası qanıma, canıma hopsun.
Od-alov içində çırpınan könlün
Nə işi, atını şaxtaya çapsın.
O dolu piyalə bilirəm ki, mən,
Başqa birisinin üzünə gülür.
Əzizim, bir şeyi yaxşı anla sən,
İnsan yer üzünə bir dəfə gəlir.
Kədər oynasa da sənin gözündə
Başını qaldırıb yuxarıya bax:
Təzə Ay vurnuxur göyün üzündə
Sarı qarğa kimi dövrə vuraraq.
Öp məni! Könlümə hopsun min həvəs.
Bu fani dünyanı mənə unutdur.
Görünür yüksəyə çox can atan kəs
Mənim əcəlimi duyur, unutmur.
Adamın günbəgün üzülür canı!
Ölmək-ölməkdirsə qoy ölüm, nə qəm!
Sevdiyim insanın dodaqlarını
Mən bir təşnə kimi öpmək istərəm.
Bir mavi yuxudan nazla oyanıb
Mürgü dənizində açaraq yelkən,
Elə bil qarşımda şəstlə dayanıb
«Səninəm»-söylədi tənha böyürtkən.
Qoy dolu badədə qızıl köpüklər
Aşıb-daşmamaqçün, biz hala gəlib
Mey içək, kef çəkək, ey nazlı ülkər:
İnsan yer üzünə bir dəfə gəlir.
1925
* * *
Didib əllərini gülümsəmə sən,
Səni yox, sevirəm başqasını mən.
Bilirsən kim məni çəkir bu yerə-
Mən könül vermişəm başqa dilbərə.
Yanınızdan keçir gəldiyim küçə-
Sizin pəncərəyə baxdım sadəcə.
4/5 oktyabr 1925