Yevgeni Baratınski

 

                        Roma

                           

                            Tərcümə edəni Heydər Orucov

 

Olmusanmı yer üzünün, məğrur Roma, hökmranı,

Olmusanmı azad, Roma?

Xərabəndə hər adama

Kədər basır lal-dinməzcə seyr edəndə hey buranı.

 

Axı, nədən itirdin sən o illərin qüdrətini?

Axı, nədən allahların yad etmirlər daha səni?

Zəngin şəhər, ər vətəni,

Hanı ərlər, sarayların neyləmisən vüsətini?

 

Qələbənin dühasımı üz döndərmiş indi səndən?

Ölüb getmiş nəsillərə

Ucaldılmış bir məqbərə

Kimi duran xərabələr üzərində de sənmisən?

 

Kimə hədə gəlirsən sən yeddi təpə üzərindən?

Rəmmalmısan ölkələrin qədərindən xəbər verən,

İttihamçı kabusmu sən,

Qəmli-qəmli durub baxan oğulların göz önündə?