Fəxrəddin Yadigar OĞLU VEYSƏLLİ (VEYSƏLOV)
Azərbaycan Pedaqoji Dillər İnstitutunu (hazırkı Azərbaycan Dillər Universiteti) fərqlənmə ilə bitirib. Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetində L.R.Zinderin rəhbərliyi altında “Müasir alman dilində bitkinlik intonasiyası (eksperimental-fonetik tədqiqat)” namizədlik dissertasiyasını (rus dilində) tamamlayaraq müdafiə edib. 60-cı illərin ortalarında pedaqoji fəaliyyətə başlayıb, Azərbaycan Dillər Universitetində kafedra müdiri, dekan və rektor vəzifələrində çalışıb. 1976-1977-ci illərdə Moskva Linqvistik Universitetində, 1977-1978-ci illərdə Berlində Humboldt Universitetində “Alman dilində sait fonemlərin variativliyi (eksperimental tədqiqatlar və nəzəri ümumiləşmələr)” adlı doktorluq dissertasiyasını (rus dilində) tamamlayaraq Sankt-Peterburq Universitetində uğurla müdafiə edib, respublikamızda və Cənubi Qafqaz bölgəsində german dilləri üzrə ilk elmlər doktoru olmuşdur. 30-dan artıq elmlər namizədi və doktoru yetişdirib.
“Alman dilinin fonetikası” (1980), “Lehrbuch der deutschen Phonetik” (1989), “Fonetika və fonologiya məsələləri” (1993), “Dilimiz, qeyrətimiz, qayğılarımız” (1997), “German dilçiliyinə giriş” (2003), “Einführung in die Phonologie” (2004), “Dil, cəmiyyət və siyasət” (2004), “Struktur dilçiliyin əsasları” (I) (2005) kitablarının müəllifidir. N.S.Trubeskoyun “Gründzüge der Phonologie” (“Fonologiyanın əsasları”), “Qeydlər” və “Son söz”lə birgə (2001), E.Koseriunun “Einführung in die allgemeine Sprachwissenschaft” (“Ümumi dilçiliyə giriş”) (2005) əsərlərini Azərbaycan dilinə, R.O.Yakobsonun “Kindersprache, Aphasie und allgemeine Lautgesetze” əsərini isə rus dilinə tərcümə etmişdir.
“Azərbaycanda xarici dillər” jurnalının təsisçisi və baş redaktorudur.
Bur neçə elmi qurumların üzvüdür, iki dəfə Beynəlxalq Fonetika Elmləri Assosiasiyasının həqiqi üzvü kimi bu cəmiyyətin konqreslərində məruzə ilə çıxış edib. İki dəfə Ümumdünya Alman dili müəllimlərinin qurultayında məruzəçi kimi iştirak edib. Y.Məmmədəliyev adına Respublika mükafatı laureatıdır.
E-mail: fveysalov@hotmail.com