Fəxrəddin Yadigar OĞLU VEYSƏLLİ (VEYSƏLOV)
Ümumortaq türk dili: Gerçəklik və reallıq
Azərbaycan nəinki qonşu ölkələrin, həmçinin tarixi baxımdan ortaq mədəniyyəti, dil və gen qohumluğu olan türk xalqlarının ciddi marağına səbəb olmuşdur. Azərbaycan dünyanın diqqətini zəngin yeraltı sərvətləri və rəngarəng ulu mədəniyyəti ilə cəlb edir. Çağdaş alimlər və ziyalılarımız müstəqilliyin ilk günlərindən gündəmə üç mühüm məsələ çıxartmışlar:
I. Latın qrafikasının bərpası;
II. Tarixi faktları və şəxsiyyətləri gerçək reallıq və suverenlik işığında nəzərdən keçirmək;
III. Türkdilli xalqlar arasında qarşılıqlı anlaşma üçün ortaq türk dili məsələsini müzakirə etmək.
Xalqımız öz tarixində 4 növ fonoqrafik yazıdan istifadə etmişdir.
1. Ərəb istilasına qədər mövcud olan qədim türk runik əlifbası. Təəssüf ki, o dövrün yazılı abidələrindən əlimizə gəlib çatan bir mənbə yoxdur, çünki istilaçı ərəb tayfaları qabaqlarına çıxan sivilizasiyanı məhv etmişlər. Ərəb xəlifələrindən birinin fikrini burada iqtibas etmək yerinə düşərdi: yeni ərazilər zəbt edildikdə ələ keçən yazılı nə varsa hər iki halda-birincisi, onlardan bizdə olanlar, ikincisi, onlardan bizə yad olanlar-məhv edilməlidir, çünki onlar hər iki halda ideologiyamıza zərbə vura bilər. Lakin buna baxmayaraq, bəzi qaynaqlarda qədim türk runi əlifbasından istifadə etməyimizə işarələr tapırıq.
2. Ərəb istilasından sonra əsrimizin 20-ci illərinə qədər işlətdiyimiz yazı sistemi. Çoxdan sübut edilmişdir ki, ərəb yazı sistemi türk dillərini fonetik və texniki baxımdan təmin etmirdi. Bu barədə bizim görkəmli maarifçilərimiz və alimlərimiz çox yazıblar. M. F. Axundov bunu «Əlifbeyi cədid» əsərində kəskin tənqid atəşinə tutmuşdu. Latın əlifbasına keçid uğrunda mübarizə əsrin əvvəllərində geniş vüsət aldı. M. Şaxtaxtlı, B. Çobanzadə və digər aydınlarımız ərəb yazı sistemindən yaxa qurtarmağımız üçün əllərindən gələni etdilər və 1926-cı ildə Bakıda keçirilən I Türkoloci qurultay bu fikri nəzəri cəhətdən müdafiə etdi və praktiki olaraq onun həyata keçirilməsinə yol açdı. Bu qurultayda iştirak edən görkəmli alimlərdən Köprülüzadə (Türkiyə), Şerba (Rusiya) və başqalarının çıxışları latın qrafikasına keçməyimizə təkan verdi. Elə bunun nəticəsi olaraq 1928-ci ildə latın qrafikasına keçməyimiz qanuni şəkildə rəsmiləşdi. Ancaq təəssüflər olsun ki, bu əlifba 1939-cu ilə kimi istifadə edildi.
3. 1939-cu ildən 1992-ci ilə qədər isə biz məcburən kirill əlifbasına keçməli olduq. Bu əlifba bizə əl vermədiyindən onda dəyişikliklər edir, dilimiz üçün yaralı hala salmağa çalışırdıq.
4. Nəhayət, müstəqilliyimizin ilk əlamətlərindən biri olan latın qrafikalı əlifbanı 1992-ci ildə xalqa qaytara bildik.
Azərbaycan xalqı müstəqillik əldə edəndən sonra öz tarixinə yeni baxımdan yanaşmaq şansı qazandı və bundae istifadə etməyə başladı. Tarixi şəxsiyyətlərimizin reabilitasiyası başlandı, qəhramanlıq eposumuz «Kitabi Dədə Qorqud» yeni səpkidə tədqiq olunmağa başladı. Alman alimi Q. Ditsin alman dilinə tərcümə etdiyi variant 18-ci əsrdə Drezdendə tapılandan sonra ona indiki kimi müstəqil və sərbəst yanaşmaq mümkün olmamışdı. İndi dünya qorqudşünasları dastanın 1300 il öncə meydana gəldiyini sübut etmək üçün elmi axtarışlar aparırlar. Xalq tarixini özü öyrənməlidir. Odur ki, indi Füzulinin 500 illiyi geniş ümumtürk kontekstində aparılan tədqiqatlar işığında keçirilir. Bağdadda yaşayıb yaratmış Füzuli bütün türk dünyasına məxsus olsa da, o, Azərbaycan dilində yazıb yaratmışdır. Eynilə digər qardaş türk xalqlarının maddi-mənəvi dəyərləri bizim üçün ciddi əhəmiyyət kəsb edir. Bu gün «Koroğlu» eposunun hansı türk xalqına məxsus olduğunu sübut etmək olduqca çətindir. Dahi Ü. Hacıbəyov bu əsərə opera bəstələmişdir.
Türkdilli xalqlar arasında qarşılıqlı anlaşma üçün ortaq türk dilinin formalaşması bu gün reallıqdır. Biz türklər və türkmənlərlə problemsiz ünsiyyətə girə bilirik. Ən böyük fərq fonetik qurumda və söz ehtiyatında özünü biruzə verir. Ancaq fellərimiz, saylarımız və sifətlərimiz ümumidir və az dərəcədə dəyişikliyə məruz qalıblar. Bu gün Bakıda nəşr olunan «Türkologiya» curnalı bu fərqləri öyrənib sistemləşdirmək sahəsində önəmli işlər görür. Suverenliyimiz bu sahədəki uğurlarımızdan xəbər verir. Hər halda ümumtürk ortaq dili dünya xəritəsində yaranmış yeni müstəqil dövlətlər üçün geniş üfüqlər açır. İsmayıl bəy Qaspralının «fikirdə, dildə, əməldə birlik» ideyası real gerçəkliyə çevrilməkdədir.
Professor Fəxrəddin Veysəlov.
E-mail: fveysalov@hotmail.com