Fəxrəddin Veysəlli
Yeni qrafika: siz necə düşünürsünüz?
Əlifba mədəniyyətin güzgüsüdür[1]
(m ü t ə x ə s s i s r ə y i)
Yazının yaranması bəşəriyyətin mədəniyyət tarixində misli görünməmiş bir inqilab idi. Səsli dildən çox-çox sonralar yaranmış yazı insanların ta qədimdən gen-bol işlətdiyi ikinci ünsiyyət vasitəsidir. İlk əvvəl məlumatın hifz olunması və uzaq məsafələrə göndərilməsi ehtiyacından doğan yazı savadsızlığın tədricən aradan götürülməsində mühüm rol oynamışdır. Hələ yazıya keçməmişdən qabaq insanlar əşyalardan və onların şəkillərindən, habelə, müxtəlif işarələrdən istifadə edərək [nümayiş etdirməklə] olub-keçən hadisələri yada salmağa və bu yolla da canlı dilin yerinə yetirdiyi ünsiyyət funksiyasını müəyyən qədər [az da olsa] icra etməyə çalışmışlar. Bir-birindən uzaq məsafələrdə yaşayan qəbilələr və tayfalar öz soydaşlarına müəyyən xəbərlər çatdırmaq, yadellilərin onlara qarşı fitnə-fəsad hazırladıqlarını bildirmək üçün bir çox işarə növündən istifadə ediblər. Dəvəçi rayonundakı Çıraqqalanın yanından keçəndə həmişə fikirləşmişəm ki, bu qala həm istehkam kimi, həm də ağır günlərdə düşmən üstümüzə hücum çəkəndə torpağımızın başqa guşələrinə xəbər çatdırmaqda və beləliklə də, düşmənə qarşı xalqı səfərbər etməkdə nə qədər mühüm rol oynayıb. Daim axtarışda olan insan dəri üzərinə məqsədini yazmaqla öz sözlərini uzaq məsafələrə göndərməyə nail olub.
Dillə danışıq vəhdətdə olduğu kimi, yazıda da iki cəhət vəhdət təşkil edir; yazı işarələri və onlardan istifadə qaydaları. Bu iki cəhət bir-birilə çulğalaşaraq yazı sistemini əmələ gətirir və son nəticədə mətnin yaranmasına səbəb olur. Yazı işarələrinin - hərflərin, rəqəmlərin, hərfaltı və hərfüstü cizgilərin toplusu yazı inventarı adlanır.
Dəqiq elmlər sahəsində rast gəldiyimiz simvollar və rəqəmlər ya ayrılıqda, ya da bir-birilə əlaqədə saysız-hesabsız anlayışların və mənaların verilməsinə xidmət edir. Burada şərtilik əsas rol oynayır, məhz şərtilikdən asılı olaraq bir işarə ən kiçik dil vahidi olan morfemdən tutmuş bütöv bir cümləyə qədər fikri ifadə edə bilir. Qeyd etməliyik ki, qaynar həyatımızda ideoqrafik, piktoqrafik [fikrin şəkillərlə verilməsi] və fonemoqrafik yazılar birgə işlənir. Bu gün mağazaların, teatr binalarının qarşısında asılmış şəkillər, meroda çıxış və girişdə asılmış işarələr, sözlər arasındakı boşluqlar, sözün böyük və kiçik hərflə yazılması buna sübutdur.
Tarixdə ən qədim yazı sistemlərindən olan Misir [eramıvzdan əvvəl 4-cü minillikdən mövcuddur], şumer [eramızdan əvvəl 3-cü minilliyin başlanğıcından mövcuddur], qədim çin [eramızdan əvvəl 2-ci minillikdən mövcuddur] və digər nümunələr keçid xarakteri daşıyırdı. Lap qədim dövrlərdən üzü bəri bu yazı sistemləri getdikcə təkmilləşir, daha münasib şəkil alır, ayrı-ayrı işarələr sadələşirdi.
Azərbaycan dlində bizə gəlib çatan ilk yazılı abidələrimiz ərəb əlifbası ilə qələmə alınmışdır (əlifba sözü «əlif» və «be» hərflərinin birləşməsindən götürülərək bir yazı sistemində istifadə olunan bütün hərflərin müəyyən ardıcıllıqla düzülüşünə deyilir). Hər hərfin əlifbada öz yeri var. Yazıda hərflərin işlənməsi qaydalarını bir tərəfdən qrafika, digər tərəfdən isə orfoqrafiya öyrənir. Yazı sistemlərinin yaranmasını, onların tipologiyasını öyrənən elm qrammatologiya adlanır.
Yazı sistemlərinin inkişafında yunanların yazısı böyük bir inqilab idi. Yunanlarda hər bir hərf müəyyən fonetik səslə yanaşı, həm də konkret bir rəqəmi bildirir. Məsələn, «a» həfi bir rəqəmini, «i» hərfi on rəqəmini, «p» hərfi yüz rəqəmini bildirir. Finikiyalıların hərflərini əxz edən yunanlar nəinki samitləri, həmçinin, saitləri də ayrıca işarələrlə göstərirlər. Sait və samitlərin hər birini ayrılıqda xüsusi işarələrlə verən yunanlar bəşər tarixində ilk dəfə fonemoqrafik yazını yaratdılar. Bu o demək idi ki, danışıqdakı fonem ardıcıllığında hər bir fonemin yazıda öz işarəsi olur. Yunanların bu təcrübəsindən latınlar etruskların vasitəsilə bəhrələnmiş və öz əlifbalarını yaratmışlar. İndi cüzi əlavələrlə latın əlifbası dünya xalqlarının qırx faizindən çoxuna xidmət edir (Yunanıstan, Bolqarıstan, qismən Yuqoslaviya və SSSR- dən başqa Avropanın hər yerində, o cümlədən Litva, Latviya və Estoniyada, Amerikada, Avstraliyada, Həbəşistan və ərəb ölkələrindən başqa, bütün Afrikada, Asiyanın bir neçə ölkəsində, o cümlədən Türkiyə, İndoneziya və Vyetnamda latın əlifbası işlənir). Latın əlifbasında əvvəlcə 21, hazırlda isə 25 hərf vardır. Qeyd edək ki, respublikamızda 1928-ci ildən 1939-cu ilədək latın əlifbası işlənmişdir.
Məlum olduğu kimi, Azərbaycanın çoxəsrlik mədəniyyət tarixində onuncu yüzillikdən başlayaraq ta 1928-ci ilə qədər ərəb əlifbasından istifadə olunmuşdur. Sağdan-sola yazılan bu yazı sistemi rəngarəng variantlara malikdir. Onlardan ən geniş yayılmışı divani, kufi, reyhani, nəstəliq, şikəstə və sairdir. Qeyd etməliyik ki, ərəb əlifbası öz mürəkkəb yazı üsulu ilə Azərbaycan dilinin fonetik xüsusiyyətlərini adekvat şəkildə əks etdirmir. Bu fikri görkəmli maarif xadimlərimiz dönə-dönə qeyd etmişlər.
Əlifbanın dəyişdirilməsi ideyası Azərbaycanda sovetləşmədən sonra geniş vüsət alır və 1926-cı ildə Bakıda çağırılan I Türkoloji qurultayı bu ideyanın həyata keçirilməsini sürətləndirir. 1928-ci ildə latın əlifbası qəbul olunur, təəssüflər olsun ki, bü çox davam etmir, «millətlərin atası» və ona quyruq bulayan yerli məmurlar bütöv bir xalqı dinindən və imanından uzaq saldıqları kimi, dilindən də didərgin salmağa müəssər olurlar. Bu, yalnız bir onilliyin içərisində Azərbaycan xalqının başına açılan ən ağır müsibətlərdən biri idi. O vaxtdan indiyə qədər biz Kiril əlifbasından istifadə edirik. IX əsrin ikinci yarısında yunan yazı sisteminə əsaslanan Konstantin Kiril Mefodiylə birlikdə yunan, latın və yəhudi əlifbalarından bir neçə hərf əxz etməklə slavyan əlifbasını yaradırlar ki, bundan da hazırda bolqarlar, ruslar, ukraynalılar, belaruslar, qismən də yuqoslavlar istifadə edirlər. Sonralar SSRİ-də yaşayan türk xalqlarını da bu əlifbaya keçməyə məcbur etmişlər.
Qeyd edək ki, I Pyotrun dövründə Rusiyada yazı islahatı keçirilmiş və əlifbaya «G», «Ə», bir qədər sonra isə «y» və «e» hərfləri əlavə edilmişdir. 1918-ci il islahatı nəticəsində isə təzədən rusların işlətdiyi Kiril əlifbasına daha bir neçə hərf əlavə olunmuş və «ğ»-ın fonetik məna ifadə etmədiyi hallarda [söz sonunda] işlənməsinə son qoyulmuşdur. Əlifba sahəsində islahatlar və ya yeni əlifbanın qəbul edilməsi əsasən üç prinsipə əsaslanır.
1. Asanlıq. Bu baxımdan ərəb əlifbası bizə qəti əl vermir. Əvvəla, bu əlifba semit dilləri üçün tərtib olunduğundan onun işlənməsində biz azəri türkləri külli miqdarda çətinliklə rastlaşırıq; hərflərin mövqe ilə bağlı müxtəlif yazılması, düz xətt boyunca düzülməsində qrafem fərqlərinin nöqtələrlə verilməsi mətnlərin oxunmasında çaş-başlıq salır. Yaddan çıxarmamalıyıq ki, əlifbada türk dilləri üsün əsas aparıcı fonoloji əlamət saitlərin ahəngi və buna münasib sözün ya incə, ya da qalın tonda köklənməsidir ki, bu da saitlərlə bağlıdır. Ərəb əlifbası bu xüsusiyyəti əks etdirmir. Bu yazı sistemində sağdan-sola yazmağı da bura əlavə etsək, ərəb əlifbasının bizim üçün nə qədər çətin olduğunu təsəvvür etmək olar.
2. Uyarlıq. Bu prinsip yazı sistemini dilin fonetik və fonoloji qurumunu nə qədər adekvat əks etdirməsidən ibarətdir. Ərəb əlifbasının Azərbaycan dilinin səslənmə xüsusiyyətlərini əks etdirə bilmədiyindən yuxarıda danışdıq. Burada isə onu demək kifayətdir ki, bizim yazıda saitin və samitin yazılışında mövqe fərqləri mövcud olmadığından onları xüsusi işarələrlə göstərməyə də ehtiyac yoxdur. Kiril əlifbasında diqrafların çıxarılması və ona 8 hərfin (ɣ, ə, j, g, ɵ, Y, h, c) əlavə olunması da məhz uyarlığı nəzərə alnmaqla edilmişdir. Digər tərəfdən uyarlığın özu də dilin fonetik və fonoloji qurumunu nəzərdən qaçıra bilməz. Bizim dilimizdə /l/ fonemi qalın və incə tələffüz olunur (müqayisə et: ləl, lil, eyni zamanda lal, alma və s.). Bu fonetik müxtəlifliyi yazıda xüsusi işarə ilə göstərməyə ehtiyac yoxdur, çünki bu fərq fonoloji məna kəsb etmir. Bu fərqin verilməsini ahəng qanunu tam mənada nizamlayır. Qalın saitlər cərgəsində qalın, incə saitlər cərgəsində isə incə tələffüz olunur.
3. İqtisadi cəhətdən əlverişli olması prinsipi. Bu baxımdan nə ərəb, nə də Kiril əlifbası bizə sərf edir. Bunu biz irəlidə göstərməyə çalışacağıq. Ümumiyyətlə, əlifba dəyişmək müəyyən xərclər tələb edir, axı bütün çap maşınları, makinalar və s. dəyişməlidir. Ancaq ümumi mədəniyyət dəyərinin əvəzsizliyini nəzərə alaraq əlifbanın birdəfəlik və tam şəkildə dəyişdirilməsi nə qədər xərc tələb etsə belə, bundan imtina edilməməlidir.
Son zamanlar geniş kütlə çox haqlı olaraq əlifbamızın dəyişdirilməsi məsələsini ortalığa atır. Burada fikirlər haçalanır. Bir qisim israr edir ki, biz ərəb əlifbasına qayıtmalıyıq. Bu fikrin tərəfdarları keçmiş yazı mədəniyyətimizin özümüzə qaytarılmasını və beləliklə, tariximizin qaranlıq səhifələrinə yiyələnə biləcəyimizi əsas götürürlər. Lakin bu işdə istək və arzu yox, yuxarıda göstərdiyimiz prinsiplər əsas götürülməlidir. Buna görə də, latın əlifbasına keçməyimizi israr edənlərin fikri daha qiymətlidir. Bunu aşağıdakı mülahizələr də bir daha sübut edir.
Hazırda yazıda işlətdiyimiz əlifbada 24 hərf Kiril əlifbasından götürülmüş, 8-i isə ona əlavə olunmuşdur. Əlifbamızda saitin uzunluğunu göstərməyə xidmət edən apostrof isə tədricən aradan çıxmaq üzrədir, çünki uzunluq bizim dilimizdə fonoloji əlamət kimi çıxış etmir. Kiril əlifbasının latın əlifbası ilə müqayisəsi göstərir ki, 6 hərf hər iki əlifbada eyni yazılış formasına malik olub, eyni səslənməni verir.
Latın əlifbasında: A a, E e, K k, O o, T t, M m.
Kiril əlifbasında: A a, E e, K k, O o, T t, M m.
Bu əlifbaların hər ikisində 8 hərf eyni cür yazılış formasına malik olub, müxtəlif cür səslənir [yuxarıda dedik ki, səslənmədə şərtilik aparıcı rol oynayır, yəni necə qəbul olunursa, o cür də işlənir].
Latın əlifbasında: B b, U u, P p, X x, G g, Y y, H h, C c.
Kiril əlifbasında: V v, İ i, R r, X x, Q q, U u, N n, S s.
Göründüyü kimi, hazırda istifadə etdiyimiz əlifbanın işarələri heç də əsaslı şəkildə latın hərflərindən fərqlənmir. Əksinə, bizim hazırkı əlifbamızın hərflərinin yarısına qədəri (14-ü) ya eyni cür yazılıb eyni funksiyanı daşıyır, ya da formaca oxşar olub, müxtəlif cür səslənir. Buraya Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınmaqla 8 hərfin də əlavə edildiyini desək, məlum olur ki, indi işlətdiyimiz əlifbanın yalnız 12 hərfi Kiril əlifbasından götürülmüşdür. Deyilənləri nəzərə alaraq əlifbamız üçün latın qrafikasına əsaslanan aşağıdakı layihəni oxuculara təqdim edirik:
Fonemlərimiz Layihədə nəzərdə Latın Kirill
tutulan hərflər
[a] A a A a A a
[b] B b B b Б б
[e] E e E e E e
[d] D d D d Д д
[f] F f F f Ф ф
[g] Q q Q q Г г
[h] H h H h --
[i] İ i İ i И и
[j] J j J j - -
[k] K k K k К к
[l] L l L l Л л
[m] M m M m М м
[n] N n N n Н н
[o] O o O o O o
[p] R r R r П п
[r] R r R r Р р
[s] S s S s С с
[t] T t T t Т т
[u] U u U u У у
[v] V v W w В в
[z] Z z Z z З з
Layihəyə daha iki hərf əlavə etməklə [C c, Z z] və bir də iki diakritik işarə vasitəsilə [ﬠﻻ]????? digər fonemlərimizi də yazıda əks etdirə bilərik. «C» hərfi «h» hərfi ilə birləşərək [x] foneminin, «Z z» hərfi isə [j] foneminin verilməsinə xidmət edir. Dilimizdəki [ə], [ö] və [ü] fonemlərini vermək üçün layihədəki «A a», «O o» və «U u» hərflərinin üzərinə iki nöqtə qoymaqla göstərmək çox sərfəli olar. Digər tərəfdən dilimizdəki [ş], [ğ], [g], [c] və [ç] fonemlərini göstərmək üçün layihədəki «Ss», «Gg», «Kk», «Zz», «Cc» hərflərinin üzərinə [V] diakritik işarəsini qoymaqla layihəni tamamlamaq olar. O ki qaldı [ı] foneminə, onun üçün xüsusi hərf ayırmağa ehtiyac yoxdur. Layihədəki [ı] saitinin ortasından köndələninə bir xətt qoymaqla [t] onu yazıda vermək mümkündür, bu xüsusilə, birinci hecasında [ı] saiti olan çoxhecalı sözlər üçün vacibdir. Qalan hallarda isə bu saiti xüsusi işarə ilə göstərməyə ehtiyac qalmır, çünki ahəng qanununa əsasən qalın cərgədə [ı], incə cərgədə isə [i] oxunmalıdır.
Beləliklə, əlifbada iyirmi üç hərf və iki diakritik işarədən istifadə etməklə biz latın qrafikası əsasında öz əlifbamızı yarada bilərik, bu, elmi cəhətdən əsaslandırılmış və praktik cəhətdən çox sərfəli bir işdir.
Məlum olduğu kimi, xeyli vaxtdır ki, respublikamızın ictimaiyyətini dərindən maraqlandıran bir məsələ - latın qrafikalı əlifbamızın bərpası Azərbaycan SSR Əlyazmaları İnstitutunda yaradılmış «Əlifba» komissiyasının diqqət mərkəzindədir. Komissiya əlifbamızın bərpası ilə bağlı bir çox elmi, nəzəri və praktik məsələni öyrənərək əsaslı nəticələrə gəlmiş və yekdilliklə qərara almışdır ki, xalqımızın sabahı latın qrafikalı əlifbasız keçinə bilməz. Və elə bu səbəbdən də biz mütləq bu əlifbaya qayıtmalıyıq. Doğrudan da, siyasi cəhətdən yetkin demokratik quruma və iqtisadi suverenliyimizə nail olmaq kimi mühüm məsələlərlə yanaşı, dilimizin dövlət dili kimi işlənməsi, o cümlədən latın qrafikalı əlifbaya qayıtmağımız bizim hər birimiz üçün həyati əhəmiyyətli bir məsələdir. Hazırda əlifbamızın bərpası ilə əlaqədar mövcud fikirləri üç qrupa bölmək olar:
1. Şimali Azərbaycanda bəzi adamlar, xüsusilə də yaşlı nəslin nümayəndələri və dindarlar ərəb qrafikasına qayıtmağı tövsiyə edirlər. Cənubi Azərbaycandakı qardaş və bacılarımızın bir qismi də ərəb əlifbasına keçilməsini müdafiə edir. Bu fikrin tərəfdarları ona əsaslanırlar ki, uzun tarixə malik yazı mədəniyyətimiz bu qrafikada təsbit olunub və o taydakı qan qardaşlarımız yalnız bu qrafikanı bilirlər. Eyni zamanda, bu qrafika vasitəsi ilə islam mədəniyyətinə yaxınlaşa biləcəyimiz fikri də ortaya atılır.
Əvvala, onu deyək ki, o taydakı qardaş və bacılarımızın əksəriyyəti yazmağı və oxumağı bacarmır, ziyalılar isə latın qrafikasını yaxşı bilir, dünyanın müxtəlif ölkələrində latın əlifbasından gen-bol istifadə edirlər. Bu fikrin tərafdarlarına demək yerinə düşər ki, o taydakı xalq kütləsinin savadlanması işi hələ bundan sonra başlayacaq. Sağlıq olsun, gün gələr, Cənubi Azərbaycanda qardaş və bacılarımız da latın əlifbasının gərəkliyini başa düşərlər. İslam mədəniyyətinə yaxınlaşmağımızı əldə əsas tutanlara isə deməliyik ki, dünya mədəniyətinin daimi inkişaf yönü latın tərəfdir. Müasir texnikanı, avadanlığı və əsrimizi lərzəyə salan kompüterləşmə kimi yenilik də məhz latında yaranır, başqa ölkələrə buradan yayılır. Bir də ki, qoy bizi düz başa düşsünlər, biz islamdan götürdüyümüzü götürmüşük, təzədən ərəb mədəniyyətinə qayıtmaqla xalqımızın ümumdunya tərəqqi istiqamətində iri addımlar ata biləcəyinə inanmaq çətindir: Mən deyərdim ki, artıq vaxt gəlib çatıb ki, xalqımız öz dini sitayişlərini və mərasimlərini də öz dilində aparsın. Xalq gözəgörünməz Allahı ilə öz dilində danışmalı və öz dilində ibadət etməlidir. Xristian dininə itaət edən xalqların hamısı dinə öz dillərində xidmət edirlər. Biz isə ərəb dilindən hələ də əl çəkə bilmirik. Xalq öz inamını öz dilində etməlidir. Onda xalqın qüdrəti göz qabağında olur. O ki qaldı, çoxəsrlik mədəniyyətizin ərəb qrafikası ilə bizim nəslə gəlib çatmasına, burada da elə bir müşkül məsələ yoxdur. Əvvala, tariximizin uzaq qatlarından xəbər verən mənbələrin, abidələrin və ədəbiyyatımızın ərəb əlifbası ilə yazılmış nüsxələri latın qrafikası ilə çap olunub. Digər tərəfdən də marağı olanların ərəb qrafikasını öyrənəcəyi şübhəsizdir. Bir qrup mütəxəssis keçmişdən qalmışlarımızı müasirləşdirib indiki nəslə çatdıra bilər. Yaddan çıxartmayaq ki, dilin şifahi qolu daha oynaqdır və daha zəngindir. Ona görə də indiki ədəbiyyatımızın, demək olar ki, müəyyən hissəsi lentə alınıb Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin arxivində saxlanılır. İstənilən vaxt onları yazıya köçürmək mümkündür. Müasir çap maşınları bu lent yazılarını birbaşa maqnitafon lentlərindən yazıya çevirmək imkanına malikdir. Bunlar isə, məlum olduğu kimi, latın qrafikası ilə təhciz olunmuşdur.
2. Ziyalılarımızın bir qrupu, xüsusilə gündəlik fəaliyyətində Azərbaycan dilindən az istifadə edənlər və ya heç istifadə etməyənlər nəyin bahasına olursa-olsun indi işlətdiyimiz əlifbanın qorunub-saxlanmasına çalışırlar. Bunların elə bir tutarlı dəlili və sübutu yoxdur. Bu həmin qüvvələrdir ki, vaxtilə bizə hücum ediblər, ağına-bozuna baxmadan xalqa qara yaxıblar, müxtəlif «izmləri» sipər edib bizi damğalayıblar, görkəmli yazıçımızın qanadlı sözlərə dönmüş obrazlı ifadəsindən istifadə edib desək, sapı özümüzdən olan baltalardır, özlərini millət fədaisi kimi qələmə verib həmişə millətin ayağının altını qazanlardır. Lakin cəmiyyətin demokratikləşdiyi bir vaxtda mühafizəkarlar öz məqsədlərinə nail ola bilməzlər, xalq buna yol verməz.
3. Xalq 30-cu illərin qurbanlarına bəraət verilməsini tələb edir. Əlifbamızın latından qoparılıb indiki sistemə keçirilməsi də xalqımızın mənəviyyatına vurulan güclü zərbə olduğu üçün onun bərpası çox vacibdir. Elə bu səbəbdən də Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti mütəxəssislərdən və ictimaiyyətin nümayəndələrindən ibarət sanballı bir komissiya yaradaraq əlifbamızın bərpası məsələsini bu komissiyaya həvalə etmişdir. Respublika mətbuatında, radio və televiziya verilişlərində əlifbamızın bərpası ilə əlaqədar söylənilən müxtəlif fikirlər saf-çürük edilmiş, çoxlu layihə müzakirə olunmuş və nəticədə belə bir qənaətə gəlinmişdir ki, bir vaxtlar xalqımızın iradəsinə zidd olaraq qadağan olunmuş əlifbamız tezliklə bərpa edilməlidir. Fikrimizcə, bu mühüm və cətin bir işi həyata keçirmək üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Əlifbamızın bərpası haqqında respublika ali hakimiyyət orqanının müvafiq qərarı, müzakirənin təşkili (qərarda keçidin mərhələləri göstərilməlidir).
2. Yeni yazı sistemi layihəsinin müzakirəsində öz fonemlərimizi göstərmək üçün təklif olunan işarələr və qrafemlər bütünlüklə latın əlifbasına əsaslanmalı və şərtilik prinsipi gözlənilməlidir.
3. Əlifbada hərflərin sıralanmasına xüsusi fikir verilməlidir. Bu işdə ixtiyarilik yox, elmilik prinsipi əsas götürülməlidir. Dünyanın fonemoqrafik yazılarında əlifbada hərflərin düzülüşündə hər hərfin bir rəqəmə uyğun gəlməsi əsas götürülür. Məsələn, «A» hərfi 1 rəqəminə, «B» hərfi 2 rəqəminə, «İ» hərfi 10 rəqəminə və s. uyğun gəlir. Odur ki, «A» birinci, «B» ikinci və s. gəlir.
4. Əlifbamızda hərflərin necə adlandırılacağı da çox ciddi məsələdir. İndiki əlifbada hərflərin adları milli dilimizə uyğun deyildir: a, be, ve, qe, de, el, em, en və s. Yaxşı olar ki, hərflər xalqın işlətdiyi kimi də adlandırılsın: a, bı, vı, qı, dı, lı, mı, nı və s.
5. Bərpa olunmuş latın əlifbasına uyğun orfoqrafiya layihəsinin işlənib hazırlanması mütəxəssisləri ciddi düşündürməlidir.
Əlifbamızın bərpasını bəzi aparat işçiləri hər vasitə ilə qəsdən ləngitməyə çalışırlar. Xərclərin çoxluğu və lazımi maddi-texniki bazanın olmaması isə onların əlində ciddi bəhanədir. Ancaq üzümüzü onlara tutub deyirik: biz şriftləri də, çap maşınlarını da, hətta makinaları da indiyədək kənardan alırıq. Ancaq hamımıza yaxşı bəllidir ki, respublikamızın mətbəələrində latın şriftli çap maşınları var, onları işə salsaq və güclərindən tam istifadə etsək, materiallar latın şriftli çap maşınlarına ötürülsə, burada xərc tələb edən elə bir ciddi iş qalmır. Söhbət olsa-olsa səriştəli yığıcıların çatışmamasından gedə bilər. Bunun üçün isə iki, ya da üç aylıq kurslar açıb kadrlar hazırlanması işini qaydaya salmaq olar.
Əlifbamızın bərpası işi haqq işidir və bu işdə xalq öz istədiyinə gec-tez nail olmalıdır. İnanıram ki, olacaq da.
Fəxrəddin Yadigar,
filologiya elmləri doktoru,
professor, respublika Dövlət «Əlifba»
Komissiyasının üzvü.