Fəxrəddin Yadigar OĞLU VEYSƏLLİ

 

POEZİYAMIZIN  FONETİK  QURUMUNA  DAİR[1]

 

Azərbaycan klassik şer sənəti və müasir poeziyamız tariximizin dərin qatlarından, yaşı bilinməyən şifahi xalq ədəbiyyatımızın ən gözəl və zəngin örnəyi olan bayatılarımızdan qidalanır. Ədəbi tənqid, ədəbiyyat nəzəriyyəsi, üslubiyyat və poetikaya dair araşdırmalarda ədəbiyyatımızın nəzəri məsələləri, müxtəlif vəznli və müxtəlif biçimli şer nümunələri təhlil olunur, onların ölçü, bölüm, qafiyə, beyt, misra və s. məziyyətləri çağdaş ədəbiyyatımızın problemləri işığında təsnif və tədqiq edilir, ardıcıl şəkildə öyrənilir. Bu sahədə hörmətli alimlərimiz Mikayıl Rəfili, Səfər Xəndan, Əkrəm Səfər və başqalarının cəfakeş əməyi, onların ədəbiyyatşünaslığımız qarşısındakı xidmətləri unudulmazdır. Biz bu yazımızda poeziyamızın həm ədəbiyyatşünaslıq, həm də dilçilik elmimizin diqqətindən yayınan və bəlkə də, tamamilə unudulan bir qolundan söhbət açmaq istəyirik.

Qeyd edək ki, poeziyanın dil incəlikləri, onun fonetik və fonoloji qurumu başqa xalqlarda çoxdan öyrənilməyə başlanmış, hətta fonetikanın, qrammatikanın və üslubiyyatın bir bölməsi şer sənətinin öyrənilməsinə həsr olunur. Bunun üçün alman, fransız, ingilis və rus dillərinin materiallarına müraciət etmək kifayətdir. Təkcə onu xatırlatmaq yerinə düşər ki, əsrimizin 20-ci illərində R.Yakobsonun çex şeri haqqında əsəri indiyə qədər özünə bərabərini tanımır.

Maraqlıdır ki, fransız şer sənəti metodik və fonetik qurumu baxımdan ayrıca tədris olunur. Etiraf edək ki, bu sahədə bizdə də az-çox iş görülüb. Elə A.Axundovun, M. Səfərin və b. yaradıcılığını buna misal gətirmək olar. Ancaq təəssüfləndirici haldır ki, poeziyamızın fonetik qurumu dilçi və ədəbiyyatçılarımızın araşdırmalarında bütöv bir sistem kimi götürülmür və bu səbəbdən də alınan nəticələr qənaətbəxş deyildir. Məşhur alim R.Yakobson «Linqvistika və poetika» əsərində yazırdı ki, danışıq qurumları haqqındakı elm linqvistika adlandırıldığından poetikanı axırıncının tərkib hissəsi kimi götürmək olar. Adı çəkilən əsərdə R.Yakobson  avstriyalı psixoloq-dilçi K.Bülerə əsaslanaraq öz fikrini belə yekunlaşdırır: «Şerin təhlili tamamilə poetikanın səlahiyyətinə aiddir, poetika linqvistikanın elə bir hissəsidir ki, o, poetik funksiyanı dilin başqa funksiyaları ilə əlaqədə götürür».

Şübhəsiz, şerin meydana gəlməsi və formalaşmasında, onun hər hansı xalqa aid olmasından asılı olmayaraq, özümlü fonetik və fonoloji cəhətləri ilə yanaşı (ahəngin, saitlərin qalın və incə dözümünün gözlənilməsi), bir çox universal qanunauyğunluğu da vardır ki, (hecaların sayı, qafiyələrin ahəngi, bənd, beyt və misralara bölünməsi və s.) bunlar dünya xalqlarının şerlərini səciyyələndirən əlamətlərdir. Ümumiyyətlə, şerdə heca, vurğu, fasilə, ritm və intonasiyadan kənarda heç nə qalmır.

Başqa dillərdə olduğu kimi, bizim şerdə də istər heca, istərsə də onun əruz vəznlərində qafiyəsiz şer yoxdur, hətta sərbəst şerin özü də müəyyən mənada qafiyəsiz keçinə bilmir. Heca vəznində yazılan şer nümunələrində hecaların sayı 2-dən 20-yə qədər ola bilər. Əruzda isə ən kiçik misra beş hecadan az olmur. Hər iki vəzndə ən yzyn misra on altı hecadan ibarət olur (çox nadir hallarda 20 hecalı misralara da rast gəlinir). Ərəb istilasına qədərki türk şerində heca vəzni aparıcı və yeganə vəzn olmuş və bunun da ən yaxşı nümunələri, qeyd etdiyimiz kimi, bayatılarımızdır. Daha sonralar başqa nümunələr yaranmışdır. Əruz vəzninin türk şerinə birbaşa ərəb poeziyasından, ya da ki türk şerinin öz inkişaf mərhələsində meydana gəlməsi ilə bağlı alimlər arasındakı mübahisələrin təfsilatına varmadan deyə bilərik ki, səkkiz əsrdən artıqdır bu vəzn türklərin poeziyasında özünə möhkəm yer tutub.

Azərbaycan ədəbiyyatşünaslığında əruzun böyük bilicisi akademik Ə.Səfər bu vəznin Yaxın Şərq və Orta Asiya müsəlman poeziyasında işlənməsi xüsusiyyətlərini, onun bütün bəhrlərinin təsnifatını zərgər dəqiqliyi və həssaslığı ilə açıqlayır, təhlil edir. Məhrum alimimiz S.Xəndan şerimizdə əruzun 10 bəhri olduğunu qeyd edir. Ə.Səfər isə bu bəhrlərin sayının 15-ə çatdığını göstərərək, onların poeziyamızda yalnız 12-dən istifadə olunduğunu bildirir. Bütün bəhrlər poetik qəliblərin müxtəlif variantları ilə ifadə edilir. Qeyd etməliyik ki, həmin qəliblərə görə (bəhrlərdə) misraların daxili bölgüsü mənanı qəti nəzərə almır, burada aparıcı prinsip avazlanmadakı daxili formal üzvlənmə əlamətləri (səs tonunun hərəkəti, saitlərin kəmiyyət və keyfiyyət dəyişmələri, fasilə və s.) əsas götürülür.

Məlumdur ki, şer və musiqidə avazlanma əsasən saitlər hesabına olur. Ona görə də bu vəzndə müxtəlif bəhrlərdə yazılan şerlərdə heç şübhəsiz ki, saitlərin fonetik mövqelərlə bağlı dəyişkənliyi bölgülərin misra, beyt və qafiyə ahəngini təşkil edir. XX əsrin son onilliyində dilçilik elmində geniş şaxəli, fundamental tədqiqatlar aparılır, o artıq kibernetika, informatika, riyaziyyat, sosiologiya, fiziologiya, semiotika və s. elmlərlə əlaqədə öyrənilir. Məhz ona görə də R.Yakobsonun dediyi kimi, poetika dilçilikdən kənarda qala bilməz.

Fikrimizcə, çağdaş ədəbiyyatımızda əruzun işlənmə dairəsi getdikcə daralır. Bununla belə, hörmətli alimimiz Ə.Səfər əruzun dilimizin qanunlarına yabançı olduğunu qeyd edərək, təfilələrin vəznlərə tətbiqi məsələsini yüngülləşdirmək məqsədilə, dilimizin imkanlarından istifadə edərək əruzun əvəzinə «əkrəmi» adlı modellər hazırlamışdır. Burada, müəllifin qeyd etdiyi kimi, təkcə «nü» ünsürü mənasız elementdir, qalanları dilimizin leksik vahidlərindən tərtib edilmişdir. Əgər bu islahatı mütəxəssislər qəbul etsələr, o zaman əruzla bağlı bütün çətinliklər aradan qalxar. Amma bu modelin yayılmasına ümid azdır, ona görə ki, indi heca vəzni əruzu sıxışdırır, bu vəzndə süjetli şerlər, poemalar, hətta iri həcmli mənzum romanlar və pyeslər yazılır. Heca vəznində ən gözəl, ehtiras dolu hissləri, incə mətləbləri ifadə etmək mümkündür. Çağdaş yazarlarımızın, demək olar ki, hamısı heca və ya sərbəst vəznlərdən gen-bol istifadə edirlər. Hərçənd əruzu da unutmaq olmaz, çünki Füzuli və Sabir kimi dühalarımız əruzda özlərinin söz incilərindən böyük sənət xəzinələri qoyub getmişlər. Hörmətli alimimiz Ə.Səfər vəznin izahı üçün məcazi «fonetik çəki»ni dırnaq işarəsi işlətmədən, lakin sonrakı cümləsində həmin ifadəni dırnaq içərisində verməklə bir az sonra qəliblərin ölçüsünü «ritmik hissələr» termini ilə müəyyənləşdirir. Təəssüflə qeyd etməliyik ki, hörmətli alimimiz vəznin strukturunu dilçilik baxımından dəqiq müəyyənləşdirməyə çox yaxınlaşsa da, onun mexanizmini tam şəkildə açıb göstərə bilmir. Belə ki, fonetik çəki fikrimizcə misranın təfilə tutumu və onun hecalarının sayı, vurğulu hecaların vurğusuz hecalarla əvəzlənməsi və s. bu kimi fonetik qanunların fəaliyyəti sayəsində məhz əruzun gözəl ahəngi yaranır.  «Səslərin xoş nizamla qəliblərdə yerləşməsi» (Ə.Səfər) məcburi qəlibə salınmanın məhsulu yox, şairin ifadə etmək istədiyi mənadan və şerə xas olan vurğulu uzun saitlərin ahəngi və onlardan sonra cüzi fasilə effektindən yaranan və sanki misranı ritmik qrupa bölən poetik funksiyadan alınan duyğudur.

Məlum olduğu kimi, heca vəznində iki hecalıdan on altı hecalıyadək şer növü mövcuddur. («Ədəbiyyat nəzəriyyəsi». Bakı 1985, Tərtibçi İ.Ə.Həbibov).

Ümumiyyətlə, heca vəznini nəzərdən keçirərkən diqqəti doqquz, on, on bir, on iki və on üç hecalı şer nümunələrinin bölgüsü daha çox cəlb edir, bölgünün burada hansı prinsipə əsaslandığı o qədər də nəzərə çarpmır. Misal üçün bəzi şer nümunələrinin bölgülərinə diqqət yetirək. Məsələn, doqquz hecalı şerin bölgüsü 3+3+3=9, on hecalılar üçün 7+3=10 və yaxud 4+3+3=10, on bir hecalı üçün 6+5=11 və yaxud 4+4+3=11 və on iki hecalı şer üçün 3+3+3+3=12 və yaxud 4+4+4=12 kimi verilir. On üç hecalı şer misralarının üç bölgüdə olduğu, on dörd, on beş və on altı hecalı şer nümunələrindən verilən belə çoxhecalı misralar isə ancaq ikiyə bölünməsi göstərilir və özü də bircə bölgünün mümkünlüyü aydın olur. Bu cür ziddiyyətli bölgü nümunələri, əlbəttə ki, anlaşılmazlıq yaradır. Bilmək olmur ki, bölgülərin belə prinsip üzrə aparılması hansı elmi mənbəyə əsaslanır.

Fikrimizcə, şair şerini yazır, onun bölgüləri barədə düşünmür, sadəcə olaraq hisslərini, duyğularını misralara köçürür. Sonra isə, onun «məni» rəmz kimi hər hansı dinləyici, oxucu və ifaçı üçün müəyyən məna çalarları və intonasiya xüsusiyyətləri ilə qavranılır, dərk olunur və öyrənilir. Misraların yarımmisralara bölünməsi, şübhəsiz ki, sərbəst xarakter daşımayıb, ancaq sadalanan prinsiplərə əsaslanır. Aşağıdakı bölgü bizi necə qane edə bilər?

 

Qarşıda – yağı var,

Əlində – ağı var.

Atınız – topları,

Titrəsin – qayalar.

(S.Vurğun).

 

Bu bölgü (3+3=) fikrimizcə, hər misranın ikiyə bölünməsi təbiidir. Misraların birinci komponentləri ayrı-ayrılıqda vurğulu hecalara malikdir, onlardan ancaq «atınız» felin əmr formasında olduğu üçün vurğu birinci hecanın üstünə, qalan bütün üç sözdə son hecaların üstünə düşür, amma onların yaratdığı ani fasilə misranın mütləq iki hissəyə bölünməsini tələb etmir. Deyilənlər eynilə aşağıdakı bayatının misra bölgüsünə də aid edilə bilir:

 

Əzizim vətən yaxşı,

Köynəyi kətan yaxşı,

Gəzməyə qürbət ölkə,

Ölməyə vətən yaxşı.

 

Misal gətirdiyimiz bənddə 3+4=7 bölgüsünə riayət edilmişdir. Burada «yaxşı» sözü üç dəfə təkrar olunduğu üçün onun daşıdığı informasıyanın çəkisi azalır. Yerdə qalan «əzizim», «vətən», «köynəyi», «kətan», «gəzməyə», «qərib ölkə», «ölməyə» sözləri yüksək ton, vurğu və s. fonetik vasitələrlə qabarıq nəzərə çarpdırıla bilər. Təkrar olunan fonem və morfemlərini təhlil etsək, şerin necə gözəl ahəng və ritm yaratdığı aydın olar. Şerin məhz bu və ya digər xüsusiyyətləri onu nəsrdən fərqləndirir.

Səkkizhecalı misranın ikiyə bölünməsinə aid S.Vurğundan gətirilən nümunəyə nəzər salaq:

 

Min Qazaxda köhlən ata,

Yalmanına yata-yata,

At qan-tərə bata-bata,

Göy yaylaqlar belinə qalx

Kəpəz dağdan – Göy gölə bax.

 

Biz bu bəndin də yuxarıda adı çəkilən kitabda verilmiş şəkildə (4+4 =8) bölünməsinə haqq qazandıra bilmərik. Çünki şerin yüksək sənətkarlıqla gözəl təbiət lövhəsi yaratması heç də verilmiş bölgünün sayəsində əmələ gəlməmişdir. Bəndin birinciylə axırıncı misraları ana vətənimizin gözəlliyinin tərənnümüdür. Digər iki misra: «Yalmanına yata-yata» və «At qan-tərə bata-bata» misraları mürəkkəb zərf kimi bölgüyə o qədər də əsas vermir. Deməli, birinci və dördüncü misraların bölgüsü dilimizin məna qurumu yaratması prinsipinə tabe olduğu üçün onu «Min Qazaxda (köhlən ata)», «Kəpəz dağdan (Göy gölə bax)» kimi iki hissəyə, iki sintaqma bölünməsinə haqq qazandırmaq olar. Hərçənd, axırıncı misra bir sintaqmla da tələffüz oluna bilər, burada nitqin nisbi orta sürəti müəyyənedici rol oynayır.

Heca vəznində yazılmış doqquz və on hecalı şerlərin bölgülərində də həmin mənzərə müşahidə edilir:

 

Oxu, qoy – toqquşsun-buludlar,

Gizlənsin – ulduzlar-mən yanım.

Qoy yağsın – gah dolu, -gah da qar,

Üşüyüm – titrəyim, -isdanım.

                                            (F.Qoca).

                                            (Bölgü: 3+3+3=9)

 

…Qurtarırsa əsgərin-gülləsi,

Silahıdır qəlbinin-kin səsi.

                                           (R.Rza).

                                           (Bölgü: 7+3=10; 4+3+3=10)

 

Sancıb yerə bu sahildə-şerin qızıl bayrağın,

Diz çökərək mən öpürəm-vətənimizin torpağın.

                                           (S.Vurğun).

                                           (Bölgü: 8+8=16)

 

Yuxarıda gətirilən misraların təhlili göstərir ki, misraların bölgüsü nə tamamilə oxucunun istədiyi kimi, nə də ədəbiyyatşünaslığımızda göstərilən yollarla aparıla bilər. Bu sahənin tədqiqi sistem—norma—uzus (işlənmə) prinsipi əsasında araşdırılmalı, onun qanunları ya qrammatikanın və yaxud da fonetikanın bir bölməsində öz şərhini tapmalıdır. Yuxarıda xatırlatdığımız kimi, şairdə şer duyumu sanki ana laylası ilə onun ruhuna hopdurulur.

Sərbəst şerin oxunuş tərzi xeyli mürəkkəbdir, çünki misralarda hecaların sayı bərabər olmadığı və qafiyələr tez nəzərə çarpmadığı üçün, mənasına və ritminə diqqətlə yanaşılmalı, öyrədilməsinə ciddi fikir verilməlidir. Dediyimiz kimi sərbəst variant və variasiyalar vəzndə olduğundan daha çox-çox mürəkkəbdir, çünki burada nə süni qəlibə salma, nə də hecaların sayı rol oynayır.

Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, poeziyanın özünəməxsus fonetik xüsusiyyətləri barədə söylədiklərimiz aysberqin görünən hissəsidir. Yəqin ki, hər bir konkret şer növünün bölgüsü, ölçü və qafiyə xüsusiyyətləri, fonetik, leksik və qrammatik qurumu, onun məna və intonasiya xüsusiyyətləri bütöv halında araşdırılmalıdır. Bu və ya digər konkret janrın müəyyən ölçü, bölgü və heca quruluşundan asılı olaraq, şairin hər hansı bir şerində invariant axtarışı çox çətin və mürəkkəb bir məsələdir.

Akademik L.V.Şerba fransız şerinin fonetik xüsusiyyətlərindən danışaraq, bu bölmənin müxtəlif paraqraflarında fransız şerinin ölçü, bölgü, qafiyə və sair xüsusiyyətlərindən söz açaraq yazır: «Fransız şeriyyətinin tarixi bu sahədə sonsuz tərəddüd olunduğunu göstərir. Bir qisim süni qayda vardır ki, mahiyyət etibarı ilə müasir dildə onların heç bir əsası yoxdur». Fransız şerində tez-tez rast gəlinən şer növü İsgəndəriyyədir. Onun misralarında hecaların sayı 12-yə bərabərdir. Bu şer vəzni əruzun bir variantı kimi görünür və fransız poeziyasına Şərqdən keçmişdir. Bu şerlərin misraları iki yarımmisraya bölünür və tetrametr adlanır. Şerbanın fikrincə, nəzəri cəhətdən tetrametrin bütün hecaları üzərində vurğu ola bilər və onlar yarımmisraların əsas ifadə vasitələridir.

Yakobsonun irəli sürdüyü «Poetik funksiya» termini Şerbanın vurğulara aid etdiyi ifadəedici funksiya ilə səsləşir. R.Yakobson və L.V.Şerbanın ardınca bir çox başqa alimin müşahidələrinin, müxtəlif xalqların dillərində poeziyanın probleminə çevrilən «Adi oxucu bu və ya digər şerin hansı vəzndə yazıldığını, onu hansı bölgü prinsipinə əsaslanaraq oxumağı haradan bilməlidir?» sualını Azərbaycan şer sənətinə də aid etmək olar.

 


 

[1]Məqalə ilk dəfə çap olunub: „Ana sözü“ jurnalı. № 4-6,1991. Səbrayıl Göyçəoğlu ilə birlikdə).