Prof. Ə. B.
Qubatov
Azərbaycan
Dillər Universiteti
Azərbaycan Respublikasının bəzi rayonları əhalinin etnik tərkibinin
rəngarəngliyinə görə diqqəti cəlb edir.Bu rayonlarda azərbaycanlılarla yanaşı başqa xalqların nümayəndələri də
yaşayırlar. Əhalinin etnik tərkibi baxımından maraq doğuran ərazilərdən biri
respublikamızın şimal-şərqində Quba,Qusar və Xaçmaz rayonlarıdır.Azərbaycanlılarla
bərabər ləzgilər, tatlar, yəhudilər, Şahdağın ətəklərində yerləşdiyinə görə
etnoqrafiya elmində “Şahdağ etnik qrupları”və ya “Şahdağ xalqları”adları ilə
məşhur olan xınalıqlılar, qrızlılar, buduqlular, haputlular, ceklilər,
əliklilərin yaşadıqları bu rayonlarda muxtəlifdilli xalqların birgə yaşayış
tərzi nəticəsində qarşılıqlı inkişaf prosesi gedir. Bu proses təkcə maddi,
iqtisadi və mədəni əlaqələr çərçivəsində qalmır, həm də xalqların varlığının başlıca əlaməti sayılan dillərinə də
aiddir.
Qrız, Buduq, Xınalıq, Haput, Əlik, Cek kəndlərinin hər birisinin tarixi, maddi və mənəvi mədəniyyəti
haqqında qalın kitablar yazmaq olar. Say etibarıilə azlıq təşkil etmələrinə
baxmayaraq, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir xalq və ya etnik
qrup təşkil edir.
Biri digərindən o qədər də uzaq olmayan Xınalıq, Buduq,
Qrız, Haput, Cek, Əlik kəndləri....Yaxın vaxtlara qədər bu kəndlərə qonşu Yepgüc
kəndi də mövcud olmuşdur (Əlik kəndinin şərqində). Onun əhalisinin tədricən
köçməsi Xaçmaz rayonunda başqa bir Yepgüc kəndinin meydana çıxması ilə
nəticələnmişdir (yerlilər öz kəndlərinin adını da özləri ilə aparmışlar).
Göstərilən yeddi kənd, bu kəndlərdə yaşayanlar keçən əsrin ortalarından dünya
alimlərinin böyük marağına səbəb olmuşdur. Inqilabdan əvvəl Qafqaza aid yazılmış
bir sıra əsərlərdə Şahdağ etnik qruplarından da bəhs edilmişdir. Onlara olan
maraq zaman keçdikcə güclənir.
Soruşula bilər, xınalıqlılar, buduqlular, qrızlılar mütəxəssislərin diqqətini nə
üçün cəlb edir? Şahdağlılara olan maraq daha çox onların dillərinə görədir. Axı
dil etnik qrupun varlığını göstərən başlıca əlamətdir. Dili öyrənmək, həm də o
dildə danışanları öyrənmək deməkdir. Keçən əsrin məşhur qafqazşünası P. Usların
sözləri ilə desək, dil faktları keçmişin qəribə sirlərini öyrənməkdə, arxeoloji
tapıntılar kimi əhəmiyyətlidir.
Xınalıq dili haqqında ilkin məlumatlara R. fon Erkertin yazılarında rast
gəlirik. O, 1895- ci ildə Vyana şəhərində alman dilində nəşr etdirdiyi “Qafqaz
köklü dillər” (2.296-298) kitabında xınalıq, buduq dillərinin və cek dialektinin
lüğət və frazeologiyasına aid nümunələr vermiş, onların qrammatik quruluşlarına
toxunmuşdur. Burada 545 almanca söz və onların 26 Qafqaz dilində, o cümlədən
buduq, xınalıq, qrız dillərində tərcüməsi göstərilmişdir. Şahdağın ətəklərində
yayılmış dilləri bildirən “Şahdağ dilləri” termini ilə həmin müəllifə məxsusdur.
A. Dirr 1928-ci ildə Leypsig şəhərində çıxmış “Qafqaz dillərinin öyrənilməsinə
giriş” (1. 11-13) kitabında bu dillərin qrammatik quruluşlarından bəhs etmişdir.
A. Dirr buduq və xınalıq dillərinin ləzgi yarımqrupunda dəqiq yerini
müəyyənləşdirməyə ilk təşəbbüs göstərmişdir.
1895- ci ildə görkəmli Avstriya dilçisi Hügo Şuxardtın “Qafqaz dillərində felin passivlik
xarakteri” (10.) adlı kitabı çap olunmuşdur. Əsərdə xınalıq və buduq felləri
haqqında qısa məlumat verilir və bir neçə nümunə gətirilir.
Sovet dövründə şahdağlılar və onların dilləri həm də mərkəzi şəhərlərdəki
alimlərin, respublika ziyalılarının diqqətini cəlb etmişdir. Məsələn, 20-ci
əsrin ikinci yarısında A. Qenko Xınalıq kəndində işləmişdir. O, latın qrafikası
əsasında bu dilin 51 hərfdən ibarət əlifbasını tərtib etmişdir. Bu dövrün
dilçilik ədəbiyyatında tez-tez Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik, Yergüc
kəndlərinin hər birində bir müstəqil dilin mövcudluğundan söhbət getmişdir.
Hətta N. Marr, N. Yakovlev, R. Şor, L. Jirkov və s. dünya dillərini təsnif
edərkən Şahdağ dillərinin yeddi dildən ibarət olduğunu göstərmişlər.
V. N. Pançvidze uzun müddət buduq dilinin tədqiqi ilə məşğul olmuş, 1941-ci ildə
namizədlik dissertasiyası yazmışdır.
1950-ci illərdən başlayaraq Ş. Sədiyevin, V. S. Xıdırovun məqalələrində qrız
dilinin leksik tərkibinə aid və dilin morfoloji quruluşunun geniş tədqiqinə
fikir verilirdi. 1972-ci ildə Ş. Sədiyev “Qrız dilinin tədqiqi təcrübəsi”
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Bu qədim kəndlərin adlarının etimologiyası hələ aydınlaşdırılmamışdır. Keçmişdə
özlərini necə adlandırmaları, haradan və nə vaxt buraya gəlib məskən salmaları
haqqında yerli əhali heç bir şey deyə bilmir. Yazılı mənbələr də bu sualların
qarşısında hələlik susur. Odur ki, qrızlılar, xınalıqlılar və buduqlular
müstəqil etnik qruplar kimi öz kəndlərinin adları ilə məşhurdurlar.
Əsrlərin sərt sınağından çıxaraq, öz yeganə dilini, mədəniyyətini və
adət-ənənsini qoruyub saxlamış Xınalıq kəndinin keçmişi haqqında alimlərimiz,
yazıçılarımız, arxeoloqlarımız hələ qəti fikirlərini söyləməmişlər. E.ə I əsrdə
bu ərazidə ket
tayfalarının yaşadıqları barəsində qədim yunan tarixçiləri Xınalığın
varlığı haqqında hələ o vaxtlar məlumat vermişlər. Qədimliyini bundan görmək
olar ki, 8 qəbiristanı var. Məzarların çoxu 3-4 qat bir-birinin üstündə qazılıb.
Baş daşları ya ərəb əlifbası, ya da ondan qabaqkı əlifbalarla yazılıb. Köhnə
qəbirlər olduqca enli və uzundur, sanki Herakl cüssəli pəhləvanlar orada yatır.
“Xınalıq” sözünü arxeoloqlar, tarixçilər burada olan xınalı qayaların adından və
yaxud hun “Xunluq” – “Xınalıq”tayfalarının adından
götürüldüyünü göstərirlər.
Indi isə xınalıqlıların özlərini və kəndlərini necə adlandırdıqlarına nəzər
yetirək.
Xınalıq dilində Xınalığa “Ketiş”, xınalıqlara isə “Kettid” və ya “Kəttid”
deyirlər. Bu sözlərin mənasını ayrı- ayrılıqda araşdıraq: “Ketiş” və “Kettid”
sözləri nəyi göstərir?
Əvvəlcə kəndin ətrafındakı yer adlarına nəzər salaq və onların mənalarını
araşdıraq: Dərədiriş
(Dərələr yeri), Maqaldırış
(Palçıqlı yer), Novurduruş (Nohurlar yeri), Antış
(Düzənlik yer).
Sözlərə -ış, -iş, -uş şəkilçiləri əlavə edilib, bir yurd kimi məna verir.
“Ketiş” sözünün mənası da “ket” sözünə -iş şəkilçisi əlavə edilibdir ki, bu da
“ket yeri”, “ket məskəni ” kimi məna verir. Yəni “ketlər yurdu” anlamında başa
düşülür.
Qədim tarixə, dünyada yalnız bir kənddə işlədilən dilə malik Xınalığın
(Kettişin) tarixini, kettiş dilini tədqiq etməyin əhəmiyyəti
böyükdür. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən qədim Xınalıq
özünün təkrarsızlığı, mədəniyyət abidələri, tikililəri ilə dünyanın çox yerində
tanınır. Rəsul Rzanın qartal yuvasına bənzətdiyi evlərində cəsur, mərd, fədakar
adamlar yaşayırlar. Ketlər yurdunda sirləri açılmamış tarixi abidələr mövcuddur.
Keçən əsrin 30-cu illərində Haput kəndində bir müddət tədqiqat aparmış A. N.
Qenkonun məlumatına görə haputlular özlərinə “hereti” deyirlər. Əgər bu doğru
isə, onda bu xalqın adı VI-VII əsrlərə aid gürcü mənbələrindəki ”ereti”
termininə yaxındır, bəlkə də eynidir. Qədim gürcü mənbələrində isə “ereti”
Albaniyaya verilən addır. Azərbaycan alimləri bu fikirdədirlər ki, bu xalqların
ulu babaları bizim eranın əvvəllərində yaşamış yunan coğrafiyaşünası Strabonun
qeyd etdiyi 26 alban tayfalarındandır. Qədim mənbələr əsasında bəzi alban
tayfalarının İber- Qafqaz dillərində danışmaları da artıq sübut olunmuşdur. Indi
də bu xalqların dilləri dilçilər tərəfindən İber- Qafqaz dil ailəsinin Dağıstan
qrupunun ləzgi yarımqrupuna aid edilir. Bütün bunlar göstərir ki, Şahdağ etnik
qrupları xalqımızın qədim, yerli tərkib hissəsi olmaq etibari ilə tariximizdə
müəyyən rol oynamışdır.
Şahdağ xalqlarının dilləri içərisində Xınalıq dili xüsusi yer tutur, çünki bu
dildə yalnız həmin kəndin sakinləri danışırlar. Qrız dilində Qrız kındindən
başqa Haput, Əlik, Cek kəndlərinin əhalisi də danışırlar. Bununla belə, qeyd
etmək lazımdır ki, Qrız dili ilə onun dialektləri arasında fərqləndirici
xüsusiyyətlər o qədər çoxdur ki, keçən əsrə aid ədəbiyyatda Haput dili müstəqil
dil kimi qeyd olunmuşdur. Buduq dili də müstəqil dildir.
Əsrlər boyu bu zonada yaşamış, lakin müxtəlif dillərdə danışan bu xalqlar üçün
Azərbaycan dili ünsiyyət vasitəsi rolunu oynamışdır. Onların dillərində çoxlu
sayda Azərbaycan sözlərinin olmasının bir səbəbi də elə budur. Şübhəsiz ki, bu
dillərin tədqiqatı Azərbaycan tarixi və mədəniyyətinin qaranlıq səhifələrinin
işıqlandırılması üçün böyük əhəmiyyətə malikdir. Misal olaraq bunu qeyd etmək
olar ki, Haput və Qrız dillərində çaya “kür” deyilməsi tədqiqatçılarımıza imkan
vermişdir ki, uzun müddət Kür çayının etimologiyası üzərində gedən mübahisəyə
son qoysunlar və Zaqafqaziyanın bu ən böyük çayının öz adının qədim alban
tayfalarının birinin dilindən aldığını sübut etsinlər.
Şahdağ etnik qrupları tarixən formalaşmış qədim maddi mədəniyyətə malikdir.
Onların kəndləri öz formaları və quruluşlarına görə keçmiş patriarxal icma
münasibətlərini özündə əks etdirən yaşayış məskənləridir. Belə ki, hər bir kənd
indi də məhəllələrə bölünür. Keçmişdə hər bir məhəllədə ayrı-ayrı nəsillər
yaşayırdı. Məhəllə bəzən inzibati vahid rolunu oynayırdı. Hər məhəllənin
özünəməxsus ağsaqqalı, qəbristanlığı və piri var idi. Məhəllələrin bəziləri
orada vaxtilə məskən salmış ulu nəsillərin adları ilə adlanırdı.
Xınalıq, Qrız, Haput kəndləri abidələrlə zəngindir. Onlardan Xınalıqdakı Pir
Cumərt, Cümə məscidi, Atəşgah, Haputdakı Cümə məscidi, Babadilim piri və s. qeyd
etmək olar.
Qrızdəhnə yolunun başlanğıcında Qudyalçay daş qayanı yarıb keçir. Elə həmin
yerdə kəndlərin əhalisinin “Minarə” adlandırdıqları bir yer diqqəti cəlb edir.
Onun yeni tektonik hərəkətlər və çayın eroziya fəaliyyəti nəticəsində əmələ
gəldiyi güman olunur. IV əsrin bu yadigarı təbii abidə kimi qeydə alınmışdır.
Çay qayada 30-35 metr uzunluğunda, eni 4-5 metr, hündürlüyü 3-4 metrə çatan oyuq
açmışdır. Minarə həm də 10-15 metr nisbi yüksəklikdə təbii körpü rolunu oynayır.
Qrız və Qrızdəhnə qonşu kəndlərdir. Lakin aralarında uca divar kimi keçilməz bir
dağ uzanır. Odur ki, həmişə gedib - gəlmək mümkün deyil. Bəs xeyirdə, şərdə
camaat bundan necə xəbər tutur? “Laçın beli”
adlı həmin dağda iki qoşa daş var. Hündürü “xeyir daşı”, alçağı “şər
daşı” dır. Bir nəfər toy- bayramda birincinin üstünə çıxıb qışqırır. El arasında
bu abidəyə “çağıran daşlar” deyilir. Onlar hər iki kənddən görünür. Buna görə də
hamı hay salanın hansı daşın üstündən olmasından bilir ki, nə baş verib.
Xınalıq kəndinin əhalisi əsasən qoyunçuluqla məşğul olduğundan orada toxuculuq
sənəti geniş yayılmışdır. Xınalıqda yun ipdən toxunmuş şal Quba qəzasında məşhur
idi və onu ətraf kəndlərdə üst paltarı tikmək üçün alırdılar. Yun şaldan tikilən
çuxa vaxtilə kəndlərdəki varlı adamların milli geyim forması olmuşdur. Bu
paltarlıq şal Xınalıq dilində “kargə” adlanan və hazırda, demək olar, aradan
çıxmış dəzgahda toxunurdu. Tədqiqatçıların fikrincə, ayaqla hərəkətə gətirilən
belə dəzgahların təşəkkülü eramızın I-III əsrlərinə təsadüf edir və ən qədim
zamanlarda İran və Suriyada mövcüd olmuşdur. Şahdağ xalqlarında bu dəzgahın
işlənmə prinsipi eyni idi. Xınalıqda nə toxunurdusa, Buduqda, Qrızda, Haputda,
Cekdə, Yergücdə, Əlikdə də cüzi fərqlərlə həmin şeylər toxunurdu.
Hələ XⅦ əsrdə Xınalıq kəndinə su
kəmərinin çəkilməsini söyləyirlər. XIX əsrin ortalarına aid bir mənbədə Buduqda
cəhətləri müəyyən etmək üçün qiblənüma qayrılmasından danışılır.
Xınalıqlılar, buduqlular, qrızlılar, yergüclülər, haputlular və ceklilər
tədricən özlərinin qədim ata-baba yurdlarından daha əlverişli təbii iqlim
şəraiti olan qonşu Xaçmaz rayonuna da köçmüş, burada yeni yaşayış məskənləri
salmışlar. Haputluların xeyli hissəsi isə Azərbaycanın bir sıra rayonlarında-
İsmayıllıda, Ağdaşda, Qəbələdə və başqa yerlərdə məskunlaşmışlar. Yeni yaranmış
kəndlərlə birlikdə indi şahdağlıların bütün yaşayış məntəqələrinin ümumi sayı
103-ə çatmışdır.
Buduqlular, xınalıqlılar, qrızlılar, yergüclülər, haputlular, ceklilər,
əliklilər iki dildə danışırlar: onlar ana dilləri ilə yanaşı, Azərbaycan dilinə
də mükəmməl yiyələnmişlər. Bu xalqların əksəriyyəti ləzgi dilində sərbəst danışa
bilir.
Ikidillilik Azərbaycanda geniş yayılmış hadisədir. Burda yaşayan xalqlar öz ana
dilləri ilə yanaşı millətlərarası ünsiyyət vasitəsi olan Azərbaycan dilini də
bilirlər.
Şahdağlılar ta qədim dövrlərdən azərbaycanlılarla təmasda olan, qaynayıb-
qarışan ikidilli xalqlardır. Azərbaycan dili həmin azsaylı xalqların həyatında
aparıcı rol oynayır. Ona görə də Y. D. Deşeriyevin “İki dilin qarşılıqlı
təsirində bir dilin başqa dilə təsir dərəcəsi, həmçinin onlardan hər birinin
ictimai vəzifələri, cəmiyyətin həyatında onların rolu ilə müəyyənləşdirilir”
(15. 36-37) fikri tamamilə yerinə düşür.
Şahdağ dillərində külli miqdarda Azərbaycan dilindən alınmış sözlərin işlənməsi
onunla izah olunur ki, bu dillərdə danışan xalqlar uzun müddət eyni ərazidə və
mehriban qonşuluq münasibətlərində olmuşlar.
Şahdağlılar, eləcə də Dağıstanın digər xalqları arasında Azərbaycan dili geniş
yayılmış, anlaşıqlı bir dil olmuşdur.
Şahdağ xalqlarının məktəb və kargüzarlıq işləri Azərbaycan dilindədir. Bütün
mədəni- kütləvi tədbirlər Azərbaycan dilində aparılır. Bu dil Şahdağ dillərinin
zənginləşməsi üçün təkcə mənbə deyil, eyni zamanda şahdağlıların gündəlik
həyatlarında işlətdikləri əsas dildir.
Azərbaycan dilinin sözdüzəldici “-çı, -çi, -çu, -çü”, “-lıq, -lik,
-luq, -lük” şəkilçiləri Şahdağ dillərinin söz yaradıcılığında əhəmiyyətli
rol oynayır.
Şahdağ dillərində işlənən bağlayıcılar və əadatlar əsasən Azərbaycan dilindən,
yaxud bu dil vasitəsilə ərəb və fars dillərindən alınmışdır.
Azərbaycan dili ana dili olmayan, lakin azərbaycanlılarla uzun müddət ünsiyyətdə
olan, respublikamızda yaşayan başqa dilli xalqlar, o cümlədən şahdağlılar
azərbaycanca danışarkən dil qaydaları çox zaman pozulur. Onların danışığını
ədəbi dil normalarından fərqləndirən əsas iki cəhəti qeyd etmək lazımdır: öz ana dil
xüsusiyyətləri və təmasda olduğu Azərbaycan dialektinin xüsusiyyətləri.
Şahdağlılar azərbaycanca danışarkəm ana dili vərdişlərinin təsiri altında
Azərbaycan dili səslərini qeyri-iradi olaraq, özlərinə məxsus şəklidə tələffüz
etməklə də ədəbi dil orfoepiya normalarını pozurlar. Onların tələffüzü
qonşu azərbaycanlıların tələffüzündən demək olar ki, fərqlənmir.
Şahdağ dillərinin lüğət tərkibində, səs sistemində və hətta qrammatik
quruluşunda Azərbaycan dilinin təsiri özünü göstərir. Onların lüğət tərkibinə
çoxlu Azərbaycan sözləri daxil olur, tədricən kök sözlərin yerini dilə daxil
olan yeni Azərbaycan sözləri tutur. Azərbaycan dilinə məxsus sözdüzəldici
şəkilçilər əsasında bu dillərdə yeni sözlər yaranır. Bu dillərə Azərbaycan dili
vasitəsilə ərəb, fars, hətta rus sözləri də daxil olmuşdur. Bu münasibətlə V. A.
Zveqintsev çox düzgün qeyd edir ki, “... leksik alınmalar vasitəsilə nəinki bu
və ya digər xalqın başqa xalqlarla tarixi münasibətlərini, həmçinin bu
münasibətlərin mahiyyətini də bərpa etmək olar. Məhz ona görə də çox vaxt bir
dildən başqa bir dilə keçən leksik vahidlər son dərəcə qiymətli tarixi
dəlillərdir.” (16. 245)
Qrız, buduq, xınalıq, ləzgi dillərində elə türk sözləri işlənir ki, bu gün
bəzilərimiz həmin leksemlərin ilkin variantda mənasını başa düşmürük. Məsələn,
kap “meyvənin yeyiləndən sonra qalığı”, şud “taxtabiti”,
yeb “ip”, qajğan (qazan) və s.
Şahdağ xalqları arasından müəllimlər, həkimlər, şair və tərcüməçilər, istedadlı
sənətkarlar, alimlər yetişmişlər. Xınalıqlı poliqlot- müəllim Rəhim Alxas, Quba
rayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov, daş və ağac üzərində gözəl sənət
əsərləri yaradan Q. Sultanov və başqaları dərin hörmət və nüfuz qazanmışlar. Bu
gün şahdağlılar XI əsrdə Bağdadda təhsil almış, bir müddət Buxarada yaşayıb
yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi İbn- Həkim- Əl- Xinaluqi, XV əsr
tarixçisi Məhəmməd Xinaluqi və digər görkəmli alimlərlə haqlı olaraq fəxr
edirlər.
Azərbaycanın ali məktəblərində və elmi müəssisələrində azərbaycanlılarla
birlikdə elmin və mədəniyyətin inkişaf etdirilməsində, kadrların
yetişdirilməsində fəal iştirak edən və öz əməyi ilə Azərbaycan xalqı arasında
şöhrət qazanmış xınalıqlılardan, qrızlılardan, ləzgilərdən və digər Şahdağ
xalqlarından olan alimlər, elmi işçilər də az deyildir. Onlar respublikada
iqtisadiyyatın, elm və texnikanın, mədəniyyətin, ədəbiyyat və incəsənətin
yüksəlişində fəal iştirak edirlər. Bu xalqların minlərlə oğul və qızı hazırda
respublikanın və ondan kənarda ali məktəblərdə təhsil alırlar.
Şübhəsiz ki, Şahdağ dilləri tarix üçün maddi- mədəni abidələr qədər əlverişli
hesab edildiyindən gələcəkdə də qorunacaq, mütəxəssislərin əsil tədqiqat
obyektlərinə çevriləcəkdir. Onların keçirdiyi təbii inkişaf prosesini izləməyin
müasir nəzəri dilçilik elmi üçün də əhəmiyyəti vardır.
ƏDƏBİYYAT
1.
Dirr A. M. Einführung in das
Studium der kaukasischen Sprachen. Leipzig , 1928
2.
Erckert R. Die Sprachen des
kaukasischen Stammes. Wien , 1895
3.
Jakob Grimm. Geschichte der
deutschen Sprache. Leipzig , 1880
4.
Klaproth J. Kaukasische Sprachen.
Anhang zur Reise in den Kaukasus und nach Georgien.
Halle und Berlin, 1814
5.
Krahe H. Ortsnamen als
Geschichtsquelle. Heidelberg, 1949
6.
Kranikof N.
Memorie sur les inseriptions musulmanes du Caucaze. JA. , ser. St. XX, Paris, 1862
7.
Schiefner A. Versuch über die
Sprache der Uden. СПб. , 1863
8.
Schiefner
A. Ausführlicher Bericht über Baron
P. von Uslars „Kürinische
Studien“ – Сборник
сведений о
кавказский горцах, вып. VII, Тифлис, 1875
9.
Trubetskoy N. Die
Konsunantensysteme der ostkaukasischen Sprachen.
Caucasiska_ S. 8, Leipzig, 1931
10.
Hugo Schuchardt. Über den passiven
Charakter des Transitivs in den kaukasischen Sprachen. Wien, 1895
11.
Weinreich U. Lanquages in Contackt. New Jork, 1953
12.
Job D. M. Probleme eines
typologischen Vergleichs ibero – kaukasischer und indo-germanischer
Phonetensysteme im Kaukasus. Frankfurt / M. ; Bern, 1977
13.
Schmidt K. H. Studien zur
Rekonstruktion des Lautstandes der südkaukasischen Grundsprache. Wiesbaden, 1962
14.
Дирр А. М.
Цахурский язык. СМОМП, вып.
43, Тифлис, 1913
15.
Дешериев Ю. Д.
Закономерности развитие и взаимодействие языков. М. , 1966
16.
Звегинцев
В. А. Очерки по общему
языкознанию М. , 1962