M.Y. Lermontov

Dilənçi.

Azərbaycan dilinə 2 tərcümə variantı

 

М.Ю.Лермантов

Нищий

 

У врат обители святой

Стоял просящий подаянья

Бедняк иссохший, чуть живой

От глада, жажды и страданья.

 

Куска лишь хлеба он просил,

И взор являл живую муку

И кто-то камень положил                                  

В его протянутую руку.

 

Так я молил твоей любви

С слезами горькими, с тоскою;

Так чувства лучшие мои

Обмануты навек тобою!

 

  

1. Eyvaz Borçalını tərcüməsi

(Dünya ədəbiyyatı kitabxanası, 33-cü cild // Bakı, “Yazıçı”, 1989)

  

Müqəddəs bir kilsə önündə biri

Sədəqə umurdu gəlib keçəndən.

Bir sümük qalmışdı, yazıq bir dəri

Aclığın, əzabın, dərdin içində.

 

Onun diləndiyi – bir tikə çörək,

Yalvaran gözləri bir məşəqqətdi.

Kim isə ötəndə rişxənd edərək

Uzalı əlinə daş qoydu getdi.

 

Beləcə yalvarıb sevdim dəruni,

Acı göz yaşlarım yandı həsrətdən;

Könlümün ən əziz istəklərini

Beləcə aldatdın əbədilik sən.

  

 

2. İsaxan İsaxanlının tərcüməsi

(“Bizim lider” qəzeti, 18 iyul 2009-cu il. № 09)

 

Dayanıb kilsənin çıxacağında

Sədəqə toplayır qoca dilənçi.

Taqəti qalmayıb xəstə canında

İndicə yıxılıb öləcək sanki.

 

Heykəl tək dayanıb səhərdən bəri,

Dəyməyib bir içim su da dilinə.

Yanından ötəndə zalımın biri

Qara daş parçası qoydu əlinə.

 

Yadındamı bir vaxt durub qarşında,

Diz çökdüm, yalvardım dilənçi kimi.

Anlaya bilmədin, nə üçün onda,

Ömürlük məhv etdin sən hisslərimi.