Sergey Yesenin
“Axşam düşür gölün üstə” şeiri.
Azərbaycan dilinə 2 tərcümə variantı
Сергей Есенин
Вот уж вечер
Вот уж вечер. Роса
Блестит на крапиве.
Я стою у дороги,
Прислонившись к иве.
От луны свет большой
Прямо на нашу крышу.
Где-то песнь соловья
Вдалеке я слышу.
Хорошо и тепло,
Как зимой у печки.
И березы стоят,
Как большие свечки.
И вдали за рекой,
Видно, за опушкой,
Сонный сторож стучит
Мертвой колотушкой.
1. Axşam düşür gölün üstə
Əliağa Kürçaylının tərcüməsi
(Sergey Yesenin. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2006)
Axşam düşür gölün üstə.
Par-par parıldayır şəbnəm.
Mən durmuşam yolun üstə,
Bir söyüdə söykənmişəm.
Düşür ayın gur şöləsi
Evimizin üzərinə.
Haradasa bülbül səsi
Eşidirəm bu dəm yenə.
Nə gözəldir, necə xoşdur,
Ətraf isti ocaq kimi.
Ağcaqayın dayanmışdır
Nəhəng bir şam-çıraq kimi.
Lap uzaqda – o sahildə
Ətəyində bir meşənin
Toxmağının səsi gəlir
Yuxulu bir gözətçinin.
2. Axşam düşür gölün üstə
İsaxan İsaxanlının tərcüməsi
(Xəzər-Xəbər, (jurnal) № 270, 31 may 2009. Xəzər Universitəsi)
Budur artıq qaş qaralıb,
Şeh də düşüb bir balaca.
Dayanmışam yol üstündə,
Söykənərək bir ağaca.
Ayın füsunkar işığı
Evimizin üstə düşür.
Hardasa, lap uzaqlarda
Şeyda bülbüllər ötüşür.
Nə gözəldir, nə istidir
Qışda peç qırağı kimi.
Ağcaqayınlar uzanır
Göylərin çırağı kimi.
Elə bil ki, layla çalır
Çayın həzin şırıltısı,
Yuxu basmış gözətçinin
Toxmağının taqqıltısı.