Sergey Yesenin

 

“İran nəğmələri”ndən.

“Köhnə yaralarIm…”

 

Azərbaycan dilinə 3 tərcümə variantı

 

Сергей Есенин

 

Улеглась моя былая рана -                         
Пьяный бред не гложет сердце мне.       
Синими цветами Тегерана                         
Я лечу их нынче в чайхане.      

                  

Сам чайханщик с круглыми плечами,      
Чтобы славилась пред русским, чайхана,
Угощает меня красным чаем
Вместо крепкой водки и вина.         

         

Угощай, хозяин, да не очень.                   
Много роз цветет в твоем саду.                
Незадаром мне мигнули очи,                    
Приоткинув черную чадру.                     

 

Мы в России девушек весенних
На цепи не держим, как собак,                 
Поцелуям учимся без денег,                   
Без кинжальных хитростей и драк.          

 

Ну, а этой за движенья стана,                  
Что лицом похожа на зарю,                       
Подарю я шаль из Хороссана
И ковер ширазский подарю.                     

 

Наливай, хозяин, крепче чаю,                     
Я тебе вовеки не солгу.                               
За себя я нынче отвечаю,                            
За тебя ответить не могу.                          

 

И на дверь ты взглядывай не очень,          
Все равно калитка есть в саду...                 
Незадаром мне мигнули очи,                    
Приоткинув черную чадру.      

 

1. Əliağa Kürçaylının tərcüməsi

(Sergey Yesenin. Şeirlər və poemalar. Azərbaycan Dövlət Nəşriyyatı, 1975).

 

Mənim köhnə yaram qövr etmir hələ,

Sərxoş qızdırmalar keçmir qəlbimdən.

Tehranın bu mavi çiçəklərilə

Onu çayxanada sağaldaram mən.

 

Çayxana ruslara xoş gəlsin deyə,

O enli kürəkli çayçı durmadan –

Al şərab yerinə, araq yerinə

Süzür mənim üçün məxməri çaydan.

 

Bəsdir bir stəkan, a çayçı, yetər,

Neçə güllər açıb sənin bağçanda.

Bil, yersiz baxmadı mənə o gözlər

Qara çadrasını atıb bir anda.

 

Bahar təravətli gözəlləri biz

Rusiyada it kimi zəncirləmirik.

Davasız, məkrsiz, pulsuz, xəncərsiz

Öpürük onları, əzizləyirik.

 

Fəqət şəfəq üzlü günəş camalın

Bu incə belinin bir süzməsiyçün

İnan ki, verərəm Xorasan şalı,

Mən Şiraz xalçası verərəm bu gün.

 

Bir az da tünd elə çayçı, çayçı, sən

Bil... yalan demərəm ömrümdə sənə.

Yalnız özüm üçün cavabdehəm mən,

Cavab verəmmərəm sənin yerinə.

 

Bəsdir, sən qapıya baxma bu qədər,

Başqa qapı da var sənin bağçanda.

Bil yersiz baxmadı mənə o gözlər

Qara çadrasını çəkib bir anda.

 

 

2.Səyavuş Məmmədzadənin tərcüməsi

(Dünya uşaq ədəbiyyatı kitabxanası. “Gənclik”, 1987).

 

Ovundu qәlbimin köһnә yarası,

Sәrxoş mәrәkәlәr geridә qaldı.

Teһran güllәrinin mavi röyası,

Çayxana dәmlәri könlümü aldı.

 

Çayçı da can-başla yarıyır mәnә,

«Urus»a çayxana xoş gәlsin deyә,

Araq әvәzinә, mey әvәzinә

Mәxmәri çay süzür göy piyalәyə.

 

Çox da әl-ayağa düşmә, a çayçı,

Bağçada gül gulü sәslәyir yenә,

Boş yerә deyil ki, çadranı açıb

Birisi göz vurdu xәlvәtcә mәnə.

 

Bizim Rusiyada әzәldәn bәri

Qız nәdi, qәfәsdә saxlamaq nәdi.

Satın da almarıq ilk öpüşlәri,

Xәncәrә güvәnib çağlamaq nәdi...

 

Bayaq gördüyumün һәr cilvәsinә

Halaldı sәpilә zәr qәdәminә.

Xorasan şalını al belәsinә,

Şiraz xalısını sәr qәdәminә.

 

Süz, çayçı, çayını bir az tünd elə.

Düz sözü ömrümdә әyә bilmәrәm.

Bilirәm işimi mәn indәn belә,

Sәnin işlәrini deyә bilmәrәm.

 

Qapıya göz qoyub üzmә özünu,

Bağçana bir cığır tapılar yenә...

Boş yerә deyil ki, açıb üzünü,

Çadralı bir gözәl göz vurdu mәnә...

 

 

3.İsaxan İsaxanlının tərcüməsi

(“Bizim lider” qəzeti, 4 sentyabr 2009-cu il).

 

Köhnə yaralarım ağrımır hələ,
İçkili məclislər çıxıb yadımdan.
Tehranın bu mavi çiçəklərilə,
İndi çayxanada şəfa tapıram.

 

Çayxana sahibi, özü bayaqdan  
Qoy çayxana Rusa xoş gəlsin deyə,
Tökür mənə xoruzquyruğu çaydan,                
Hey araq yerinə, şərab yerinə.

 

Çayını süz, çayçı, döymə sinənə,
Bağın gülüstandır, min bir çiçək var.
Boş yerə deyil ki, göz vurdu mənə,
Çəkib çadrasını bir nazlı nigar.

 

Bahar çiçəyi tək, gözəl qızları,
İt kimi zəncirdə saxlamırıq biz.
Öpüb oxşayırıq hər vaxt onları,
Davasız-şavasız, pulsuz-parasız.

 

Bax bu günəş üzlü, ay camallının
İnan hər nazına, hər qəmzəsinə,
Qurban eyləyərəm Xorasan şalın,
Şiraz xalçası da verərəm yenə.

 

Bir az tünd eləsən, çayçı, içərəm,
Yalan söyləmərəm heç zaman sənə.
Yalnız öz yerimə cavab verərəm,
Necə cavab verim sənin yerinə.

 

Boylanma qapıya sən dönə-dönə,
Bağçana bir başqa giriş yenə var...
Boş yerə deyil ki, göz vurdu mənə,
Çəkib çadrasını
bir nazlı nigar.