“525-ci qəzet”, 9 sentyabr 2009-cu il

 

http://www.525.az/new/2009/09/09/anons=8

 

Tərcümə ədəbiyyatımızla bağlı yeni elektron baza

 

   "Sönməz Məşəl" MƏİB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihəni başa çatdırıb. "Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə elektron məlumat bazasının genişləndirilməsi" adlanan layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda tərcümə sahəsində ilk elektron biblioqrafik məlumat bazası olan veb-saytın daha da təkmilləşdirilməsi və zənginləşdirilməsi olub.
   Qeyd edək ki, bu layihənin "Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə elektron məlumat bazasının yaradılması" adlanan ilk mərhələsi 2008-ci ilin aprelində başa çatdırılaraq www.tercume.az veb-saytı istifadəçilərin ixtiyarına verilmişdi.
   "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva bizimlə söhbət zamanı layihənin ərsəyə gəlmə tarixçəsindən danışdı: "Layihənin ilk mərhələsini Azərbaycan Dillər Universiteti və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının təqdimatı ilə YUNESKO maliyyələşdirmişdi. Hər xalqın tərcümə ədəbiyyatına dair elektron məlumat bazasının yaradılması ideyası YUNESKO-ya məxsusdur. Bir qayda olaraq müxtəlif ölkələrin tərcümə ədəbiyyatına dair müvafiq elektron bazası yaradılır və sonra həmin resurs bazasının ünvanı YUNESKO-nun rəsmi saytına yerləşdirilir. Təəssüf ki, ötən ilə qədər bizim ədəbiyyat haqqında belə bir baza yaradılmamışdı. Bizim ictimai birlik YUNESKO-nun maliyyə dəstəyi ilə www.tercume.az adlanan veb-sayt yaratdı, veb-saytın ünvanı YUNESKO-nun saytına yerləşdirildi və deməli, Azərbaycanın tərcümə ədəbiyyatına dair resurs bazası dünya oxucularının ixtiyarına verildi".
   Şəhla Nağıyevanın sözlərinə görə, ilkin mərhələdə veb-sayta son 40 ilə yaxın dövrdə Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümələr barədə biblioqrafik təsvirlər daxil edilib, eləcə də həmin dövrdə tərcümənin nəzəri məsələlərinə dair ölkəmizdə işıq üzü görən elmi-nəzəri materialların biblioqrafik təsvirləri verilib, Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümə əsərlərindən ibarət kiçik elektron kitabxana yaradılıb.
   Lakin saytın daha da genişləndirilməsinə və təkmilləşdirilməsinə ehtiyac yarandığından "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi maliyyə yardımı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət edib və müraciət Şuranın dəstəyini qazanıb, layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılıb.
   Bu yardım hesabına sayt daha da təkmilləşdirilib, ora 1950-2009-cu illərdə nəşr olunmuş tərcümə əsərlərinə dair biblioqrafik təsvirlər daxil olunub. İlkin variantda elektron bazaya cəmi 4700 biblioqrafik təsvir daxil edilibsə, ikinci mərhələdə bu məlumatların sayı 7 mini ötüb.
   Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümələrdən ibarət kitabxana da əvvəlki ilə müqayisədə xeyli genişləndirilib, bu bölməyə 150-yə yaxın yeni əsər, kitab və məqalə əlavə olunub.
   Veb-saytda "Tərcüməçilər" və "Dissertasiyalar" adlı yeni səhifələr yaradılıb. Bu səhifələrdə Azərbaycanda tanınmış tərcüməçilərin qısa bioqrafiyası verilib, xarici ölkələr ədəbiyyatının müxtəlif sahələri üzrə ölkəmizdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyaları barədə biblioqrafik məlumat bazası hazırlanıb.
   Bütün bunlarla yanaşı elektron bazaya Azərbaycan Prezidentinin dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi və nəşrinə dair sərəncamları, tərcümə tarixinə dair məqalələr, bir əsərin bir necə tərcümə variantı və s. kimi materiallar yerləşdirilib.
   Ş.Nağıyeva onu da bildirdi ki, layihənin həyata keçirilməsində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun İnformasiya və Biblioqrafiya şöbəsi, Azərbaycan Yazıçılar Birliyinin "Dünya Ədəbiyyatı" dərgisi, ABŞ-da nəşr olunan "Azerbaijan İnternational" jurnalı və Xəzər Universitetinin Kitabxana-Resurs mərkəzinin əməkdaşları yaxından iştirak ediblər.
   "Azərbaycan Dillər Universitetinin müəllimlərinin zəhməti isə xüsusi vurğulanmalıdır" - deyə Şəhla Nağıyeva bildirib: "Onlar bizim üzərimizə götürdüyümüz missiyanın əhəmiyyətini anlayaraq öz tərcümələrinin, eləcə də elmi-nəzəri əsərlərinin elektron versiyasını veb-sayta yerləşdirmək üçün məmnuniyyətlə təqdim etdilər. Nümunə üçün qeyd edim ki, Universitetin professoru Fəxrəddin Veysəllinin 20-dən çox kitab və məqaləsi, Vilayət Hacıyevin 20-yə yaxın tərcümə əsəri, Ələkbər Qubatovun 5 elmi məqaləsi və 2 tərcümə kitabı veb-sayta yerləşdirilib. Digər mütəxəssislərdən başqa bu materialların yalnız tələbələr üçün əhəmiyyəti ölçüyəgəlməzdir".
   "Sönməz Məşəl" MƏİB sədrinin sözlərinə bircə onu əlavə etmək istəyirik ki, bu faydalı resurs bazası indi www.translit.az ünvanında yerləşir.

 

HÜSNİYYƏ