Sayt haqqında
Azərbaycanda tərcümə sahəsində ilk elektron biblioqrafik məlumat bazası olan bu sayt 2008-ci ilin aprelində istifadəyə verilmişdir.
İlk variantı YUNESKO və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə yaradılmışdır.
İlkin mərhələdə məlumat bazasına son 40 ilə yaxın dövrdə (1970-2007) Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümələr barədə biblioqrafik təsvirlər daxil edilmiş, eləcə də həmin dövrdə tərcümənin nəzəri məsələlərinə dair ölkəmizdə işıq üzü görən elmi-nəzəri materialların biblioqrafik təsvirləri verilmiş, Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümə əsərlərindən ibarət kiçik elektron kitabxana yaradılmışdır.
Lakin saytın daha da genişləndirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var idi. Maliyyə yardımı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etdik və 2009-cu ilin yazında «Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının genişləndirilməsi” adlı layihımizə lazımi maliyyə yardımı ayrıldı.
Bu yardım hesabına sayt daha da təkmilləşdirilmiş, ora yerləşdirilmiş biblioqrafik təsvirlər 1950-2009-cu illəri əhatə etmişdir.
Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümələrdən ibarət kitabxana xeyli genişləndirilmiş, “Tərcüməçilər” və “Dissertasiyalar” adlı yeni səhifələr yaradılmışdır. Bu səhifələrdə Azərbaycanda tanınmış tərcüməçilərin qısa bioqrafiyası verilmiş, xarici ölkələr ədəbiyyatının müxtəlif sahələri üzrə ölkəmizdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyaları barədə biblioqrafik məlumat bazası hazırlanmışdır.
Layihə bu sahədə ilk addım olduğu üçün müəyyən səhvlər və qeyri-dəqiqliklər ola bilər. Arzu, təklif və iradını bildirən hər kəsə qabaqcadan təşəkkür edirik.