«Azərbaycan dilinin xəzinəsi:

Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə

elektron məlumat bazasının genişləndirilməsi»

l a y i h ə s i

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən bu layihə Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümə sahəsində yaradılan ilk elektron məlumat bazasını daha da genişləndirmək və təkmilləşdirmək məqsədilə həyata keçirilmişdir.

Layihənin istər ilk mərhələsinin, istərsə də ikinci mərhələsinin həyata keçirilməsində Azərbaycan Dillər Universitetinin rəhbərliyinin və professor-müəllim heyətinin köməyini və mənəvi dəstəyini də xüsusi vurğulamaq istəyirik.   

Layihənin həyata  keçirilməsi ideyası ilk dəfə YUNESKO-nun «Tərcümə, Şərhetmə və Terminologiya Yeni Qlobal Kontekstdə» və "Tərcümə və Transmilli proseslər" mövzularında 1999 və 2004-cü illərdə Azərbaycan Dillər Universitetində keçirdiyi beynəlxalq konfraslardan sonra meydana gəlmişdir.

Həmin konfranslarda milli dilin leksik və qrammatik kodlaşması, dilimizin frazeologiya və terminologiyasının inkişaf etdirilməsi, həmçinin Azərbaycan dilinə və Azərbaycan dilindən əcnəbi dillərə edilmiş tərcümə əsərlərinin elektron kataloqunun yaradılması məsələləri xüsusi müzakirə predmeti olmuşdur.

Məlum olduğu kimi hələ lap qədim dövrlərdən başlayaraq Azərbaycan dilindən əcnəbi dillərə, eləcə də əcnəbi dillərdən Azərbaycan dilinə bədii tərcümələr olunmuşdur. 70 illik sovet dönəmində isə tərcümə sahəsində daha böyük uğurlar qazanılmış, dünya ədəbiyyatının ən qiymətli sərvətləri Azərbaycan dilinə tərcümə olunmuşdur. Sonralar Azərbaycan müstəqillik qazanmış, latın qrafikalı əlifbamız bərpa edilmişdir. Nəticədə uzun illər boyu dilimizə kiril əlifbası ilə tərcümə olunmuş zəngin ədəbi xəzinə indi latın qrafikalı əlifba ilə təhsil alan gənclər üçün getdikcə əlçatmaz olmağa başlayır. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtilə kiril əlifbası ilə nəşr olunmuş kitabların latın qrafikalı əlifba ilə nəşri barədə ayrıca sərəncamlar imzalamış, ən vacib əhəmiyyət kəsb edən əsərlərin nəşri təşkil olunmuşdur. Amma nəzərə alsaq ki, sovet dönəmində nəşr olunan kitab, jurnal və qəzetlərin, onlarda dərc edilən tərcümə əsərlərinin sayı yüzminlərlədir, onda bu əsərlər barədə heç olmasa müvafiq biblioqrafik məlumat bazasının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlarla yanaşı Azərbaycanın dünyaya inteqrasiya prosesi yeni reallıqlar meydana gətirmişdir. Sovet dönəmindən fərqli olaraq bədii əsərlər indi Azərbaycan dilinə bilavasitə orijinaldan çevrilir. Ölkədə inkişaf etmiş təhsil sistemi, əcnəbi dillərin yüksək şəkildə tədris olunması və s. amillər yeni və güclü tərcüməçilər nəsli yetişdirmişdir.

İnformasiya texnologiyalarının sürətli inkişafı, eləcə də Azərbaycanın dünyada gedən proseslərə inteqrasiyası bütün sahələrdə yeni terminologiyanın yaranmasına şərait yaratmışdır və bütün bunlar Azərbaycan dilinin inkişafına və daha da zənginləşməsinə gətirib çıxarmışdır.

Bütün bu məsələlər Azərbaycan dilinin inkişafı və kodlaşdırılması üçün məlumat bazasının yaradılmasını, deməli, bu layihənin həyata keçirilməsini zəruri etmişdir.

Layihə «Sönməz Məşəl» Mədəni Əlaqələr İctimai Birliyi ilə Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətlərarası Ünsiyyət üzrə YUNESKO kafedrası ilə birgə həyata keçirilmişdir.

Layihə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun İnformasiya və Biblioqrafiya şöbəsi və bədii tərcümə məsələləri ilə məşğul olan qurumlarla (Azərbaycan Yazıçılar Birliyinin “Dünya Ədəbiyyatı” dərgisi, “Azerbaijan İnternational” jurnalı, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, «Xəzər» Universiteti) sıx əməkdaşlıq şəraitində həyata keçirilmişdir. 

Layihənin məqsədi son 60 ildə, xüsusən müstəqillik illərində Azərbaycan dilindən xarici dillərə (rus, ingilis, alman, fransız, ərəb və fars), eləcə də xarici dillərdən Azərbaycan dilinə tərcümə edilmiş əsərlərin elektron biblioqrafik məlumat kataloqunu yaratmaq olmuşdur.

Bundan əlavə son illər hazırlanmış tərcümə əsərlərinin  elektron mətnlərindən ibarət elektron kitabxana yaradılmışdır. 

Azərbaycanda 1920-2007-ci illər ərzində tərcümə sahəsində yazılmış tədqiqat əsərlərinin də məlumat kataloqu, habelə son illər yazılmış tədqiqatların elektron mətnindən ibarət elektron kitabxana təşkil olunmuşdur.

Azərbaycanın tanınmış tərcüməçilərinin qısa bioqrafiyası verilmiş, xarici ölkələr ədəbiyyatının müxtəlif sahələrinə dair ölkəmizdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyalarının elektron məlumat bazası yaradılmışdır.

Bütün bu məlumatlarla yanaşı saytda ikidilli və çoxdilli terminoloji lüğətlər (ədəbiyyatşünaslıq terminləri, coğrafi adlar lüğəti, qısaldılmış sözlər lüğəti və s.) ayrı-ayrı dillərin qrammatikasına dair məlumatlar, Azərbaycan dilindən əcnəbi dillərə (yuxarıda göstərilən altı dil) və əcnəbi dillərdən Azərbaycan dilinə tərcümə tarixinə dair xüsusi məqalələr yerləşdirilmişdir.

Layihənin ilk mərhələsini Azərbaycan Dillər Universiteti və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının təqdimatı ilə YUNESKO maliyyələşdirmişdir.