Tərcümə nədir?

 

***

- «tərcümə» ədəbi, elmi, yaxud texniki əsərin – orijinal əsərin və ya tərcümənin kitab halında, jurnalda, dövri nəşrdə, yaxud hər hansı digər formada dərc olunmaq, yaxud teatrda tamaşaya qoyulmaq, kinoda, radio verilişlərində, televiziyada və ya hər hansı digər vasitələrdə istifadə edilmək üçün nəzərdə tutulmasından asılı olmayaraq – bir dildən başqasına çevrilməsi deməkdir;

 

- «tərcüməçilər» ədəbi, elmi, yaxud texniki əsərlərin mütərcimləri deməkdir;

 

- «istifadə edən» tərcümənin istifadəsi üçün yerinə yetirildiyi fiziki, yaxud hüquqi şəxs deməkdir.

 

YUNESKO-nun

«Tərcüməçilərin və tərcümələrin hüquqlarının

hüquqi mühafizəsi və tərcüməçilərin

vəziyyətinin yaxşılaşdırılmasının

praktik vasitələri haqqında

tövsiyyə»sindən

 

Bədii tərcümə haqqında bir neçə söz

 

 

Bədii tərcümə - ədəbi yaradıcılıq növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir.

Bədii tərcümə başqa tərcümələrdən orijinal bədii yaradıcıdlıqla bilavasitə bağlılığı ilə seçilir.

Bədii tərcümədə  söz estetik mahiyyət kəsb edir. Buna görə də bədii tərcümə problemləri bədii yaradıcılığın spesifik qanunlarına daxildir.

Bədii tərcümə oricinal yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir. Bədii tərcümənin tarixi hər ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsidir. Bütün xalqların qədim yazılı abidələrində tərcüməçilik fəaliyyəti nəzərə çarpır.

Qədim dövrlərdən bədii tərcüməyə baxışlarda bir-birinə zidd iki tələb (tərcümənin orijinal mətninə yaxınlığı; oxucu qavrayışına yaxınlığı) mövcud olmuşdur.

Azərbaycanda bədii tərcümənin ilk nümunələri hələ orta əsrlərdə yaranmış, XIX əsrdən geniş inkişaf etmişdir. Abbasqulu ağa Bakıxanov rus ədəbiyyatından tərcümələr etmiş, M.F.Axundov özünün «Puşkinin ölümünə Şərq poeması»nı  rus dilinə çevirmişdir.

M.F.Axundovun komediyaları 1853-cü ildə Tiflisdə rus dilində nəşr olunmuş, sonralar fars və Qərbi Avropa dillərinə tərcümə edilmişdir.

XX əsrdə Azərbaycanda tərcümə işi daha geniş vüsət almış, dünya ədəbiyyatı klassiklərinin əsərləri dilimizə çevrilmiş, saysız-hesabsız tərcümə əsərləri nəşr olunmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə tərcümə işinə münasibət də dəyişmiş, xüsusən orijinaldan tərcümə sahəsində uğurlu addımlar atılmışdır.

 

Material Azərbaycan Sovet Ensiklopediyasında (2 cild, Bakı, 1978, səh. 136) verilmiş «Bədii tərcümə» adlı məqalə əsasında hazırlanmışdır.  

 

***

 

Tərcümə, geniş mənada, insanlar arasında ünsiyyət vasitəsidir. Birinin anlamadığını ona anlatmaq üçün yeganə yol məsələyə onun bildiyi anlayışlar vasitəsi ilə açar axtarmaqdan ibarətdir. Uşaq bilmədiyi bir sözün mənasını valideynindən soruşduqda valideyn yalnız uşağın bildiyi sözlər vasitəsilə onu başa sala bilər. Bu halda söz ehtiyatı böyük olan valideynin dilindən söz ehtiyatı dar olan uşaq dilinə tərcümə işi baş verir. Mənimsəmiş olduğumuz söz, ifadə və anlayışlar vasitəsilə elmi anlayışların sadə tərifini vermək də elmi dildən daha sadə dilə tərcümə etmək deməkdir. Birisi bilərəkdən, süni surətdə və ya bacarıqsızlıq uzündən anlaşılmaz ifadələrlə danışırsa - "tərcümə et, görək nə deyirsən" deyə müsahibləri onu yüngülcə qınayır. Dilimizdə işlətdiyimiz "Tarixi-Nadiri yarıya kimi oxumuşam, amma sənin nə danışdığını başa düşmürəm" kimi ifadələr də, bəzən doğma dil içində də tərcüməyə ehtiyac olduğuna işarədir. Beləliklə, bir dildə danışanlar da öz aralarında arasıkəsilmədən tərcümə fəaliyyətindədirlər.

 

***

Tərcümə həm böyük coğrafi məkanda, ölkələr və xalqlar arasında, həm də keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsidir, gediş-gəlişi təmin edən körpüdür. Tərcümə bir yerdə və ya bir dövrdə əldə olunmuş məlumatları, elmi-texnoloji nailiyyətləri, bədii gözəllikləri başqa yerə və ya başqa dövrə daşıyan zəhmətkeşdir. Puşkin gözəl demişdir: "tərcüməçilər maarifin poçt atlarıdır".

 

***

Elmi-ədəbi aləmdə tərcümə termini, əsasən bir dildə danışılanların və ya o dildə yazılmış əsərlərin başqa dilə çevrilməsini izah etmək üçün işlədilir. Azərbaycanca bunu bir tərcümə (və ya, bəzən, onunla eynigüclü hesab olunan çevirmə ) sözü ilə ifadə edirlər, sadəcə iki növ tərcüməni fərqləndirmək üçün yazılı tərcümə və şifahi tərcümə ifadələrini də işlədirlər. Geniş yayılmasa da, şifahi tərcümə edənə dilmanc, sifahi tərcümə işinə isə dilmanclıq da deyirlər.

Ruscada "perevod" sözü oxşar mənada və formalarda tətbiq edilir, yazılı və şifahi tərcümə uyğun olaraq "ustnıy perevod" və "pismennıy perevod" ifadələri ilə verilir.

İngiliscə, almanca və fransızcada isə yazılı və şifahi tərcümə üçün nəzərdə tutulmuş iki ayrı söz, uyğun olaraq "translation", "traduction" və "interpretation" terminləri mövcuddur.

 

***

Əsər hansı dildən tərcümə olunursa, yəni orijinal hansı dildə isə ona qaynaq (mənbə, resurs) dil, tərcümə hansı dilə edilirsə ona hədəf və ya alan (reseptor) dil deyilir.

 

 

Hamlet İsaxanlı (şair-tərcüməçi)

“Poetik tərcümə. Məhdud çərçivələr içində

 xoş ahəng və gözəllik axtarışı” adlı məqaləsindən

(“Poetik tərcümələr. 1-ci toplu”

Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005)