ƏHMƏD CAVAD

(1890-1937)

 

Çoxsahəli yaradıcılıq yolu keçmiş Əhməd Cavad Azərbaycan ədəbiyyatında tərcümə sənətinin  bir sıra gözəl nümunələrini yaratmışdır.  Sağlığında cəmi iki şeir kitabının («Qoşma» (1916), «Dalğa» (1919) müəllifi olsa da, həyatının son doqquz ilində  17 tərcümə kitabı (1929-cu ildə 6, 1930-cu ildə 3, 1934-cü ildə 6, 1937-ci ildə 2 kitab) nəşr olunmuşdur. Müəllif  dünya ədəbiyyatının (ingilis, alman, rus, norveç, gürcü, Ukrayna və b.) onlarla nümunələrini dilimizə tərcümə etmişdir. Onlardan: A.S.Puşkinin «Kapitan qızı», «Tunc atlı», M.Qorkinin «Mən necə oxumuşam», «Mənim darülfunlarım», İ.S.Turgenevin «Atalar və oğullar»,  T.Şevçenkonun «Kobzar», V.Şekspirin «Otello», F.Rablenin «Qarqantuam və Pantaqruel», Viktor Kinin «O tayda», B.Roninin «Od uğrunda mübarizə», A.Novikov-Priboyun «Sualtı səfərlər», K.Hamsunun «Aclıq» və b. gözəl bədii tərcümə nümunələridir. Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını (1978) azərbaycanlı oxuculara ilk dəfə ana dilimizdə Əhməd Cavad təqdim etmişdir.

Əhməd Cavadın dövri mətbuat səhifələrində dərc olunmuş tərcümələrinə M.Y.Lermantov, L.N.Tolstoy, Ə.Hamid, G.Veyert və b. yaradıcılıq nümunələri də daxildir. Ədibin arxivində hələ nəşr olunmamış tərcümə nümunələri də mühafizə olunur.