ƏKBƏR AĞAYEV

(1915-1989)

 

Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra, müxtəlif mətbuat orqanlarında çalışmaqla yanaşı, ali məktəblərdə mühazirələr də oxumuşdur.

Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış Əkbər Ağayevin «Nizami və dünya ədəbiyyatı», «Şeirimizin yeni nəsli», «Lirikanın qüdrəti», «Dramaturgiyanın bəzi məsələləri», «Ədəbiyyat tarixi haqqında qeydlər» və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına həsr olunmuş   «Anri Barbüs»,  «Höte Nizami haqqında»,  «Fransız xalqının böyük oğlu», «Humanist sənətkar», «Xalq nəğməkarı», «Səhər şəfəqləri» kimi əsərlər də vardır. «M.Y.Lermantov» (1941), «A.İ.Gertsen» (1962), «Sənətkarlıq məsələləri» ( 1962), «Nizami və dünya ədəbiyyatı» (1964),  «Sənətkara töhfə» ( 1978), «Sənətin tərənnümü»  və s.  kitabları işıq üzü görmüşdür.

Tərcümə sənəti ilə də yaxından məşğul olan müəllf  dünya ədəbiyyatının görkəmli nümayəndələinin əsərlərini dilimizə tərcümə etmişdir. A.S.Puşkin, M.Y.Lermontov, A.A.Çexov, L.N.Tolstoy və b. rus ədiblərindən tərcümələri vardır.  Xarici  ölkə yazıçılarından D.Defonun «Robinzon Kruzo», F.Lankerin  «Uşaqlar və xəncər», O.Sekoranın « Qarışqalar təslim olmur», N.Kalmanın «Qara Salli», Jül Verinin «Arxipelaq alovlanır»,  Ç.Dikkensin «Oliver Tvistin macəraları», A.Qaydarın «Seçilmiş hekayələri», N.K.Karamzinin «Zavallı Liza», V.Korolenkonun «Qəribə qız», Bualonun «Poeziya sənəti», V.Belinskinin «Seçilmiş məqalələri»  və s. kitab halında nəşr olunmuşdur.