MƏMMƏDAĞA SULTANOV

(1910-1991)

 

Şərq ədəbiyyatının mükəmməl bilicisi, şair, tərcüməçi, ədəbiyyatşünas alim, Əməkdar mədəniyyət işçisi, müharibə və əmək veteranı Məmmədağa Sultanov  Ərdəbildə anadan olmuşdur.  Respublikamızın bir sıra mətbuat orqanlarında çalışmış M.Sultanov,  Nizami adına Dilçilik və Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsində fəaliyyətə  başlamaqla  məhsuldar elmi yaradıclıq yolu keçmişdir.  1926-cı ildə ilk qələm təcrübəsi olan «Sənət məktəbi» şeiri ilə   ədəbi fəaliyyətə başlayan müəllifin yaradıcılığında klassik müəlliflərdən etdiyi tərcümələr xüsusi yer tutur. Füzuli, Nəsimi və digər fars dilində yazmış şairlərdən tərcümələr etmiş, «Kəlilə və Dimnə» kitabını dilimizə çevirmişdir.  Alimin Rudəki, Cami, Əbu Əli İbn Sina, Sədrəddin Ayni kimi sənətkarlar haqqında  mətbuatda çoxlu yazıları dərc olunmuşdur. Əsasən fars dilindən tərcümə ilə məşğul olan müəllifin onlarla tərcümə əsəri məlumdur: Heyran xanımın «Qəzəlləri» (1951), Xaqaninin «Seçilmiş əsərləri, «Töhfətül-İraqeyn (1959),  Sədi Şirazinin «Gülüstan» (1982), Əssar Təbrizinin «Mehr və Müştəri» (1988), eyni zamanda «Zəfər təranələri» (1984), «Rübailər aləmində» (1989), Əmir Xosrov Dəhləvinin «Oğluma nəsihət» (1976)  və s. kitablar bu qəbildəndir.