MİKAYIL RƏFİLİ

(1905-1958)

 

Görkəmli ədəbiyyatşünas alim, şair, tənqidçi, filologiya elmləri doktoru, professor Mikayıl Rəfili geniş dünyagörüşə, zəngin yaradıcılıq dünyasına malik  bir sənətkardır. 

30-cu illərdən ali məktəblərimizdə  dərs deməyə başlamış M.Rəfili Azərbaycan bədii söz sənətində sərbəst şerin  ilk nümunələrini yaratmış, rus və dünya ədəbiyyatının klassikləri, Qərb və Avropa ədəbi əlaqələrinə dair maraqlı tədqiqatların müəllifi kimi də tanınmışdır. Azərbaycan ədəbiyyatının Nizami, Füzuli, M.Ş.Vazeh, A.A.Bakıxanov, M.F.Axundov, N.Nərimanov və b.  kimi  görkəmli  ədibləri  haqqında qiymətli elmi əsərlərin müəllifidir.  Klassik Azərbaycan ədəbiyyatının rus dilində tədqiqi və təbliği, ədəbi əlaqələrin öyrənilməsində, Qərbi Avropa yazıçılarının dilimizə tərcümə olunmasında xidmətləri böyükdür.  «Romantizm və Hüqo», «U.Uitmen», «Bugünkü Amerika ədəbiyyatı», «Servantes və onun «Don Kixot» əsəri», «Ukrayna xalqının dahi şairi», «Latış xalqının ədəbiyyatı», «Bədii tərcümə haqqında», «Fransa xalqının böyük yazıçısı» və s. məqalələr  tədqiqatçının geniş yaradıcılıq diapazonundan xəbər verir.

O.Balzakın «Qorio ata», «Novellalar», «Ögey ana», V.Hüqonun «Güləş adam», «Paris-Notrdam kilsəsi», A.S.Puşkinin «Bağçasaray fontanı», «Ərzurum səyahəti», «Tunc atlı», L.N.Tolstoyun «Dirilmə» və s. dilimizə tərcümə etmişdir.  M.Qorki, V.Mayakovski, T.Şevçenko, A.S.Puşkin, A.P.Çexov haqqında əsərlərin müəllifidir.

«Romantizm və Hüqo», «U.Uitmen», «Bugünkü Amerika ədəbiyyatı», «Firdovsi», «Servantes və onun «Don Kixot» əsəri», «Latış xalqının ədəbiyyatı», «Bədii tərcümə haqqında», «Fransa xalqının böyük yazıçısı» və s. məqalələrin də müəllifidir.