MÜBARİZ ƏLİZADƏ

(1911-1994)

 

Şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Mübariz Əlizadə «Qızıl Şərq» mətbəəsində çalışmış, M.F.Axundov adına ADPU-də  müəllimlik etmiş,  Azərbaycan Radio Verilişləri Komitəsində  xarici verilişlər şöbəsində işləmişdir.  1969-cu ildən  Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında çalışmış sənətkar  dövri mətbuat səhifələrində  şeir və tərcümələri ilə  çıxış etməyə başlamışdır.  Şərq xalqlarının poetik tərcümələrinə  daha çox üstünlük verən  Mübariz Əlizadə  onlarla şairin  əsərlərini dilimizə tərcümə etmişdir.  Onların sırasında Firdovsinin «Şahnamə», Ə.Caminin «Yusif və Züleyxa», Həmid Əkbərin «Sönməz məşəl», «Dan sökülür» və s. kimi əsərlər vardır. Ömər Xəyyam,  Firdovsi, Ə.Nəvai, o cümlədən Nizami Gəncəvi, Xaqani kimi  klassiklərimiz haqqında maraqlı elmi məqalələrin («Firdovsinin adı bizim üçün əzizdir», «Ömər Xəyyamın tərcümeyi-halı», «Şahnamə»nin min yaşı var» və s.) müəllifi olan M.Əlizadə başqa dildə ədəbi abidələr yaratmış klassiklərimizdən olan Nizami Gəncəvinin «Leyli və Məcnun»,  «Xaqani Şirvaninin «Seçilmiş əsərləri», Füzulinin «Əsərləri»ni də dilimizə tərcümə etmişdir.