Ələkbər Beykəs oğlu Qubatov
1938-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuş, həmin kənddə orta təhsil almışdır. 1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstituna (indiki Azərbaycan Dillər Universiteti) daxil olmuş, 1961-ci ildə institutun Qərbi Avropa dilləri fakültəsinin alman dili şöbəsini bitirərək, alman və Azərbaycan dilləri müəllimi ixtisasını almışdır.
1961-ci ildən müəllimlik fəaliyyətinə başlamışdır. Quba rayonunun Güləzi, Qəçrəş, Alpan kənd orta məktəblərində əvvəlcə ixtisası üzrə müəllim, daha sonra direktor müavini və məktəb direktoru vəzifələrində çalışmışdır.
1972-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1977-ci ildə indiki Azərbaycan Dillər Universitetinə işə qəbul olunmuş, 1980-86-cı illərdə dekan müavini vəzifəsində çalışmışdır.
1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1996-cı ildən professor elmi adını almışdır.
1996-cı ildən alman dili tərcümə kafedrasının müdiridir.
Dilçiliyin müxtəlif sahələrinə dair 50-yə yaxın elmi məqaləsi Azərbaycan və xarici ölkələrin müxtəlif mətbuat orqanlarında çap olunmuşdur. Dillərin qarşılıqlı əlaqələrinə, tərcümə məsələlərinə aid 52 yazısı çap edilmişdir.
1991-ci ildə “Azərbaycan xalqı ilə qardaşlıq ailəsində” adlı monoqrafiyası nəşr olunmuşdur.
“Alman dilindən ictimai-siyasi tərcümə praktikumu”, “Alman dilindən elmi-texniki tərcümə praktikumu”, ev oxusu üzrə bir metodik vəsait və digər tədris vəsaitlərinin müəllifidir.
2007-ci ildə Y.V.Qöte, H.Hayne, R.M.Rilke və digər görkəmli alman şairlərinin yaradıcılığından nümunələri Azərbaycan dilinə tərcümə edərək “Lirika” adlı kitab nəşr etdirmişdir.
2008-ci ildə görkəmli alman şair və dramaturqu Y.V.Qötenin “Qərb-Şərq Divanı”nı tərcümə edərək çap etdirmişdir.