SİYAVUŞ MƏMMƏDZADƏ
(1935)
İstedalı şair, nasir və tərcüməçi Siyavuş Məmmədzadə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1953-1958). Ədəbi yaradıcılıq fəaliyyətinə «Sınaq» adlı şerilə başlayan şair tərcüməçilik sənətinə üstünlük vermişdir. Ədibin yaradıcılığında poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bədii tərcümə şöbəsini bitirdikdən sonra «Azərnəşr»də redaktor, «Literaturnıy Azerbaydjan» jurnalında şöbə müdiri və s. vəzifələrdə çalışmışdır. Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsi sahəsində Siyavuş Məmmədovun xüsusi xidmətləri vardır. O, həm də rus, bolqar, ukrain, polyak və s. dillərdən Azərbaycan dilinə tərcümələrin də müəllifidir. Dövri mətbuat səhifələrində tez-tez maraqlı tərcümə əsərləri dərc olunan Siyavuş Məmmədzadənin rus dilində «Nebo» (1946), «Tverskoy bulvar» (1971), «Samoutverjdenie» (1976), «Noçnıe yabloki» (1979), «Komedantskiy ças» (1994), «Vremya sobirat kamni» (2004), Azərbaycan dilində «Bir yuxusuz gecə» (1976), «Günəşə baxan insanlar (1983), «Şuşanı qar gördüm» (2006), «Həqiqət sorağında. Mirzə Kazım bəyin ömür yarpaqları» Poema (2002) və s. kitabları oxuculara yaxşı tanışdır. Siyavuş Məmmədzadə Məmməd Arazın «Poyu Araz» (Moskva,1966), Söhrab Tahirin «Pesnya mujestva» (Moskva, 1966) kitablarını rusdilli oxcuculara təqdim etmişdir. Müasir şair və yazarlarmızın əsərlərində uğurlu tərcümələri ilə daim mətbuat səhifələrində görünən Siyavuş, Y.Milevin «İnsanlar və səhralar» kitablarını da tərcümə etmişdir.
A.S.Puşkinin «Qurana bənzətmələr» əsərinin mənzum tərcüməsinə görə Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Səfirliyi və Mədəniyyət Mərkəzinin mükafatına layiq görülmüşdür.
Ukrayna şairi Vasil Stusun «Kolımada kəklikotu qoxuyur» adlı şeirlər toplusunun tərcüməsinə görə «Azərbaycan-Ukrayna dostluğu» Xeyriyyə fondunun mükafatına layiq görülmüşdür (2009). Azərbaycan ədəbiyyatı və tərcümə sənəti sahəsindəki xidmətlərinə görə ona Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə ( 8 may, 2008) Prezident təqaüdü ayrılmışdır.
1984-cü ildə Əməkdar mədəniyyət işçisi, 2003-cü ildə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.