ZİYA MUSA OĞLU BÜNYADOV
Akademik Z. M.Bünyadov fundamental tədqiqatları ilə tarix və şərqşünaslıq elmimizi keçmiş Sovetlər İttifaqının hüdudlarından kənarda məşhurlaşdıran alimlər nəslinə mənsubdur. Orta əsr Azərbaycan və ərəb xilafəti tarixinin görkəmli mütəxəssisi olan akademik Z. M. Bünyadov haqlı olaraq elmi ictimaiyyətin böyük etimadını qazanmışdır. Akademik Z. M. Bünyadovun şərəfli və məzmunlu həyat yolu, dolğun, çoxcəhətli elmi, pedaqoji və ictimai-siyasi fəaliyyəti Vətənə və xalqa sədaqətin, fədəkarcasına xidmətin parlaq nümunəsidir.
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ümumqoşun məktəbinin kursantı olmuşdur. 1942-ci ilin fevralından 1945-ci ilin mayına qədər Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuşdur. Vzvod, rota və batalyona komandirlik etmiş Z. M. Bünyadov həmişə döyüşün ən qızğın yerlərində olmuş, özünün şəxsi nümunəsi ilə sıravi əsgərləri qəddar düşmənə qarşı mübarizədə cəsurluq və şücaət göstərməyə ruhlandırmışdır. O, iki dəfə yaralanmış və kontuziya almışdır. Komandılığın tapşırığının yerinə yetirilməsində göstərdiyi igidlik və qəhrəmanlığa görə Z. M. Bünyadova 1945-ci ilin 27 fevralında Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
1945-ci ilin mayından 1946-cı ilin mayına kimi Berlin şəhərinin Pankov rayonunda komendant köməkçisi işləmiş, hələ lap gənc zabit ikən alman antifaşistləri ilə əl-ələ verərək Berlinin mədəni-təsərrüfat həyatının bərpası və quruculuq işində fəal iştirak etmişdir. Almaniya Demokratik Respublikası hökuməti Z. M. Bünyadovun bu sahədəki xidmətini yüksək qiymətləndirərək, onu respublikanın ən yüksək mükafatlarından biri - «Vaffenbruderşaft» qızıl medalı ilə təltif etmişdir. Almaniya Gənclər İttifaqı onu «Artur Bekker» qızıl medalına layiq görmüşdür.
1946-cı ildə Sovet Ordusu sıralarından tərxis edilən kimi Z. M. Bünyadov Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə isə həmin institutun aspiranturasına qəbul edilib.
Tələbəlik və aspirantlıq illərində onun müəllimi olmuş görkəmli sovet ərəbşünası Y. A. Belyayev ilə sıx əlaqə sonralar qocaman alimlə fitri istedada malik olan tələbə arasında möhkəm dostluğa çevrilmiş, onun gələcəkdə tanınmış bir ərəbşünas mediyevist kimi yetişib formalaşmasında həlledici rol oynamışdır. Z.Bünyadov 1954-cü ildə professor Y. A. Belyayevin rəhbərliyi ilə «Afrikada İtaliya imperiralizmi» mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafə etmişdir.
Z. M. Bünyadov 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasında çalışmışdır. On ilə yaxın Respublika Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 1964-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitututunda Şərqin orta əsrlər tarixi şöbəsinin müdiri olmuş, 1981-1986, 1988-1990-cı illərdə Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmış, 1990-cı ilin iyun ayından EA-nın vitse-prezidenti seçilmişdir. 1992-ci ilin oktyabr ayından vitse-prezident vəzifəsi ilə yanaşı, ona Şərqşünaslıq İnstitutuna rəhbərlik etmək də həvalə olunmuşdur.
Akademik Z. M.Bünyadovun elmi yaradıcılığında iki istiqamət diqqəti daha çox cəlb edir: 1. Azərbaycanın və onunla qonşu olan Yaxın Şərq ölkələrinin feodalizm dövründə sosial-iqtisadi münasibətləri tarixinin tədqiqi; 2. Orta əsr müəlliflərinin Azərbaycan, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair əsərlərinin öyrənilməsi, şərhli tərcüməsi və nəşri.
1965-ci ildə çıxan «Azərbaycan YII-IX əsrlərdə» adlı əsəri Z. M. Bünyadova orta əsr Azərbaycan tarixinin görkəmli tədqiqatçısı və mötəbər mütəxəssisi kimi şöhrət qazandırdı. Bu kitab əslində ərəb hakimiyyəti dövründə Azərbaycan tarixinə dair sovet tarixşünaslığında ilk sanballı tədqiqat əsəridir. Əsərdə geniş surətdə ərəb, fars, erməni və gürcü mənbələrinin və orta əsr müəlliflərinin əsərlərinin dərindən tədqiqi və tənqidi təhlili əsasında Azərbaycanın ərəb istilası ərəfəsində sosial-iqtisadi və siyasi həyatının bütöv bir mənzərəsi yaradılmışdır. Bu kitabda orta əsr Azərbaycan tarixinin torpaq münasibətləri, feodal istismar sistemi, vergilər, şəhər həyatı, ticarət kimi problemləri dərindən və hərtərəfli işıqlandırılmışdır. Əsərdə Azərbaycan xalq kütlələrinin xilafatə qarşı mübarizəsinə -Babəkin rəhbərliyi altında gedən məşhur xürrəmilər hərəkatına xüsusi yer verilmişdir.
1978-ci ildə Z. M. Bünyadov həmin mövzunu davam və inkişaf etdirərək, «Azərbaycan Atabəyləri dövləti (1136-1225)» adlı böyük monoqrafik əsərini nəşr etdirir. Bu monoqrafiya alimin Şərq renessansı dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişaf problemlərinin öyrənilməsi sahəsindəki uzunmuddətli əməyinin məhsuludur.
Kitab Azərbaycanın o dövrdəki siyasi tarixinin Z. M. Bünyadov tərəfindən məharətlə tədqiq olunan məsələləri ilə yanaşı, Azərbaycanın, Şimali İranın hökmdarları olmuş Eldəgiz Atabəyləri dövlətinin, XII əsrin ikinci yarısı - XV əsrin birici yarısında Orta Şərqin digər bəzi feodal sülalələri süzerenlərinin təsərrüfat və ictimai həyatının müxtəlif cəhətlərini, həmin dövrdə Zaqafqaziyadakı siyasi vəziyyəti xarakterizə edən çoxlu dəyərli və nadir materialları əhatə edir. Z. M. Bünyadov öz kitabında bir sıra cəsarətli və tutarlı elmi nəticə və ümumiləşdirmələr edir ki, bunlar da nəinki orta əsr Azərbaycan tarixinin hələ də lazımi qədər öyrənilməmiş bir çox məsələlərinin gələcək tədqiqi üçün, habelə feodalizm quruluşu tarixinin əsas problemlərinin, Şərq feodalizminin inkişaf qanunauyğunluqlarının və xüsusiyyətlərinin nəzəri cəhətdən öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Akademik Z. M. Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» əsəri elmi ictimaiyyət tərəfindən Azərbaycanın və qonşu ölkələrin tarixinin az tədqiq olunmuş dövrünün işlənməsinə, habelə keçmiş SSRİ ərazisindəki qədim (XIII əsrə qədər) dövlətlərin tarixinin tədqiq olunmasına görkəmli xidmət kimi qiymətləndirildi. Bu əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Akademik Z. M. Bünyadovun qələmindən çıxan 250-dən çox elmi məqalənin hər biri onun geniş məlumatına, hədsiz işgüzarlığına və böyük tədqiqatçılıq qabiliyyətinə dəlalət edir. Onun orta əsr yaşayış məntəqələrinin müəyyənləşdirilməsi və tutuşdurulmasına, şəcərə cədvəllərinin dəqiqləşdirilməsinə, Azərbaycanın Gürcüstan və digər qonşu ölkə və vilayətlərlə tarixi əlaqələrinə dair mühüm faktların xarakteristikasına həsr olunmuş yazıları, habelə tibb, seysmologiya, astronomiyaya dair orta əsr ərəb mənbələrindəki məlumatların aşkara çıxarılıb elmə gətirilməsi sahəsindəki səyi gərgin əməyinin və dəqiq tədqiqatçılıq metodunun məhsuludur.
Feodalizm dövründə Azərbaycan tarixinə və çoğrafiyasına, habelə Orta Asiya, Qafqaz, qonşu ölkə və vilayətlərin tarixinə dair nadir orta əsr ərəb mənbələrinin şərhli tərcümə və nəşri sahəsində akademik Z. M. Bünyadovun böyük xidmətləri vardır. Akademik Z. M. Bünyadov tərəfindən şərhli tərcümə və nəşr olunmuş həmin mənbələrdəki məlumatlar son dərəcə maraqlı və çoxcəhətlidir. XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşamış Əbd ər-Rəşid əl-Bakuvinin «Təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar» əsəri (M., 1971) əsli Bakıdan olan müəllif tərəfindən yaradılmış ilk məşhur çoğrafi əsərdir. XIII əsr müəllifi Şihab-əd-Din ən-Nəsəvinin «Cəlal-əd-Din Məngburnın həyatı» əsərində (Bakı, 1973) monqol istilası ərəfəsində Xorəzmşahlar dövlətinin, hazırda İran, Azərbaycan, Gürcüstan, Ermənistan, İraq və Kiçik Asiyanın tərkibində olmuş vilayət və ölkələrin siyasi tarixi verilir. Digər XIII əsr müəllifi Sədr əd-Din Əli-əl-Hüseyninin «Əxbar əd-dövlət əs-səlcuqiyyə» əsəri (M., 1980) isə XII əsrin sonlarında Zaqafqaziya və Şimali İranın tarixinə dair əsas mənbələrdən biri sayılır. Orada Eldəgizlər sülaləsindən olan Azərbaycan Atabəyləri, onların Səlcuq sultanları ilə qarşılıqlı əlaqəlri haqqında nadir məlumatlar, atabəylərə və səlcuqların hərbi qüvvələrinə qarşı yönəldilmiş gürcü-Şirvan ittifaqı barəsində dəlillər vardır. Geniş oxucu kütləsinə az məlum olan X əsr ərəb tarixçisi İbn Əsəm əl-Kufinin «Fəthlər kitabı» adlı üçcildli əsərindən seçilmiş hissələrdə (Bakı, 1981) ərəb istilaları dövründə Azərbaycan haqqında yeni məlumatlar vardır. Akademik Z. M. Bünyadovun XIII əsr çoğrafiyaşünası Yaqut əl-Həməvinin «Mücəm əl-buldən» əsərindən və XY əsr müəllifi Həmdullah Qəzvininin «Nüzhət əl-qulub» əsərindən seçilmiş parçaların şərhli tərcümələri (Bakı, 1983, monqol istilasfından əvvəl və sonrakı dövrdə Azərbaycan şəhərlərinin tarixi, etnoqrafiyası, müxtəlif görkəmli yerləri barəsindəki maraqlı məlumatlarla tanış edir. Əsr müəllifi Cəlal əd-Din Əbd ər-Rəhman əs-Suyutinin «Kəşf əs-səlsələ an vəsf əz-zəlzələ») əsərinin akademik Z. M. Bünyadov və C. İsgəndərov tərəfindən edilmiş şərhli tərcüməsi (Bakı, 1983) orta əsr ərəb seysmologiyası haqqında geniş məlumat verir. 1983-cü ildə ölkəmizin tarixçiləri və tibb tarixçiləri XI əsrin görkəmli tibb alimi və cərrahı, Avropada «Əbülqasis» adı ilə məşhur olan Əbül Qasim Xələf ibn Abbas əz-Zəhravinin «Cərahiyyə və alətlər haqqında traktat» adlı əlyazmasının akademik Z. M. Bünyadov tərəfindən edilmiş şərhli tərcüməsinin Moskvada çapdan çıxmasını dərin maraq və böyük razılıq hissi ilə qarşıladılar. Əz-Zəhravinin bu sanballı əsərində həm çoxlu anatomik-fizioloji, tibbi məlumat, həm də tibb alətləri, dərmanlar, sarğılar və müalicəvi bitkilər barəsində məlumatlar vardır.
Akademik Z. M. Bünyadov həmçinin Mxitar Qoşun VII-XII əsrlərdə Azərbaycan ilə Gürcüstanın qarşılıqlı əlaqələri barəsində geniş məlumat verən «Alban xronikası» adlı dəyərli əsərini, İohan de Qalonifontibusun «Qafqaz xalqları haqqında məlumat» kitabını, müasir türk müəllifi Bəhriya Uçokun «Müsəlman ölkələrində qadın hökmdarları» əsərini ilk dəfə rus dilinə tərcümə etmişdir.
Akademik Z. M. Bünyadov İohan Şiltberqern «Avropa, Asiya və Afrikaya səyahət (1396-1424)», XV əsr müəllifi Mahmud əl-Hələbinin «Əmir Yaşbəyin səfəri» əsərlərinin və Azərbaycan tarixinə aid bir sıra başqa mənbələrin tərcüməsini çapa hazırlamışdır.
Onun ərəb dilindən tərcümə etdiyi Məhəmməd Füzulinin fəlsəfi traktatı çapdan çıxmışdır. O, Osmanlı tarixçiləri İbrahim Əfəndi Pəçəvinin Solakzadənin Selakininin «Tarix»lərindən Azərbaycanın və qonşu ölkələrin XVI-XVII əsrlər tarixinə dair seçmələrin, Tacəddin Salmaninin «Tarixnamə», Nizaməddin Şaminin «Zəfərnamə», Əndəlus alimi Əbu Həyyanın «Kitab əl-idrak li-lisan əl-ətrak» əsərlərini, «1722-1736»-cı illərə aid erməni anonim səlnaməsinin, Moisey Kalankatlının «Albaniya tarixi»nin, Mxitar Qoşun «Alban xronikası»nın, V. Məmmədəliyevlə birlikdə «Qurani-Kərim»in şərhli tərcüməsini, A. A. Bakıxanovun «Gülüstani-İrəm» əsərinin avtoqrafını çapa hazırlayıb nəşr etdirmişdir. Akademik Z. M. Bünyadovun gördüyü bu işlərə yüksək qiymət verilmişdir: «Qurani Kərim»in tərcüməsinə görə, o, 1990-cı ildə H. Z.Tağıyev adına mükafata, A. A. Bakıxanovun «Gülüstani-İrəm» əsərinin şərhli nəşrinə görə 1993-cü ildə A. A. Bakıxanov adına mükafata layiq görülüb.
Akademik Z. M. Bünyadov «Azərbaycan tarixinin, xüsusilə 1918-1920-ci illər və Sovet dövrü tarixinin yenidən yazılması üçün böyük əmək sərf etmişdir. Yeni sənədlərin üzə çıxarılmsının vacibliyini nəzərə alan akademik Z. M.Bünyadov arxivlərdə axtarışlara başlayır və uzun, əziyyətli əməyin bəhrəsi kimi arxiv sənədlərinə əsasən yazılmış, repressiya illərinə həsr etdiyi «Qırmızı terror» (Bakı, 1993) adlı kitabı və mətbuatda 1918-1920-ci illər tarixinə dair silsilə məqalələrlə çıxış etmişdir.
Yüksək ixtisaslı şərqşünasların hazırlanması işində də akademik Z. M. Bünyadovun xidmətləri böyükdür. O, respublikada tarixçi-ərəbşünas mediyevistlər məktəbinin banisi və tanınmış rəhbəridir. İstedadlı alim və pedaqoq Z. M. Bünyadov İraq Respublikası, Suriya Ərəb Resmpublikası üçün elmi kadrlar hazırlanmasında mühüm rol oynamışdır. O, 12 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur.
Akademik Z. M. Bünyadovun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, keçmiş SSRİ-nin bir çox orden və medallarına layiq görülmüşdür. 1981-ci ildə o, daha yüksək bir mükafatla - Oktyabr inqilabı ordeni ilə, qələbənin 40 illiyi bayram olunarkən 1 dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Akademik Z. M. Bünyadov çoxillik səmərəli elmi-ictimai fəaliyyətinə, mütəxəssis kadrların yetişdirilməsi sahəsindəki xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibəti ilə 1981-ci ildə Azərbaycan Al Soveti Rəyast heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1982-ci ildə ona «Azərbaycan SSR Əməkdar elm xadimi» fəxri adı verilmişdir.
Elmin inkişafında əldə etdiyi müvəffəqiyyətlərə görə 1983-cü ildə o, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Gümüş medalına layiq görülmüşdür.
Azərbaycan müstəqillik qazandıqdan sonra akademik Z.Bünyadov ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Milli Məclisin üzvü seçilmişdir.
Akademik Z. M. Bünyadov 1997-ci ilin fevralında bir qrup cinayətkar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.