Bəsirə Əzizəliyeva

filologiya elmləri namizədi

 

AZƏRBAYCAN VƏ ƏRƏB ƏDƏBİYYATINDAN QARŞILIQLI TƏRCÜMƏLƏR

 

Azərbaycan ədəbiyyatşünaslığı tarixində dünya xalqları ədəbiyyatının öyrənilməsi məsələləri daim diqqət mərkəzində dayanan və tədqiqinə ehtiyac duyulan sahələrdən olmuşdur. Sözsüz ki, müasir elmi-ədəbi fikrin mühüm nəzəri-estetik konsepsiyalarından biri də dünya ədəbiyyatı ilə bağlıdır. Dünya xalqları ədəbiyyatının öyrənilməsi prosesi iki əsas istiqaməti ilə seçilir: milli ədəbi irsin tədqiqi və xarici ölkə xalqlarının ədəbiyyatlarının, ədəbi-nəzəri konsepsiyalarının araşdırılması. Hər iki aspekt isə birlikdə ümumdünya ədəbiyyatının inkişaf dinamikasını şərtləndirir, yeni perspektivləri ortaya qoyur.

«Dünya ədəbiyyatı» anlayışı ədəbi-nəzəri kateqoriya kimi ilk dəfə XIX əsrdə meydana çıxsa da, əslində problemin predmeti ilə əlaqədar olan məsələlərin reallaşması tarixi daha öncəki dövrlərə təsadüf edir və zəngin ədəbi irsin, bədii düşüncənin, özünə­məx­sus poetik təzahürün tarixi ilə müşahidə olunur. Bütün bu ədəbi proseslərin metodoloji əsasında isə ədəbi əlaqələrin rolu dayanır. Azərbay­can ədəbiyyatşünaslığının inkişafında ədəbi əlaqələrin, digər xalqların ədəbiyyatı­nın öyrənilməsi də mühüm yer tutur.

Şərq ədəbiyyatının araşdırılması, tərcümə və tədqiq problemləri isə bu sahədə xüsusilə ayrılır. Bu, bir tərəfdən Azərbaycan ədəbiyyatının özünün də Şərq ədəbiyyatı ailəsinə daxil olaraq ümumi və yaxın ədəbi-bədii konsep­siyaları, poetik strukturu ilə bağlı olmasından, bir çox yazıçıları­mızın, xüsu­silə də klassik dövr ədiblərimizin, şairlərimizin həm dil, həm məzmun və mündəricə, həm də ədəbi-fəlsəfi düşüncə sisteminin ümumi Şərq ədəbiy­yatı kontekstində öyrənilməsi zəruriliyindən irəli gəlmişdir. Digər tərəfdən isə ayrılıqda şərqşünaslığın, eyni zamanda, onun ayrı-ayrı qollarının tədqiqi Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişa­fında xüsusi çəkiyə malikdir. Elə bu baxımdan yanaşdıqda Azərbaycan şərqşünaslığının inkişafında ərəbşünaslığın yeri, ərəb ədəbiyyatının tərcümə və tədqiqi problemləri daim ön planda nəzəri cəlb etməkdədir. XX əsrin II yarısından sonra ərəbşünaslığın daha yüksək templə inkişafı, ərəb ölkələri ilə əlaqələrin güclənməsi bu prosesə əhəmiyyətli təsir göstərmişdir.

Azərbaycan-ərəb ədəbi əlaqələrinin tarixi tədqiqatçılar tərəfindən əsas etibarı ilə VII əsrə aid edilir. Belə ki, islam dininin meydana gəlməsi ilə ərəb-islam mədəniyyətinin Şərq dünyasındakı  hegemonluğu dil faktına da öz təsirini göstərmiş olur və bu əlaqələr, ilk növbədə, Azərbaycan müəllif­lərinin öz əsərlərini ərəb dilində yazmaları formasında təzahür edir. Bu baxımdan da şərqşünas alim M.Mahmudov «məvali» adlanan həmin şairlərin ədəbi irsindən qalmış nümunələr əsasında Azərbaycan-ərəb ədəbi əlaqələrinin formalaşmasını VII əsrin II yarısına aid edir (3, 5). Faiq Əliyev də bu fikirləri təsdiq edərək «Azərbaycan-ərəb ədəbi əlaqələri» adlı tədqiqat əsərində məvali şairlərin yaradıcılığını ilk yazılı ədəbi əlaqə faktı kimi isnad edilməli olan hələlik yeganə mənbə hesab edir (1, 21). Sözsüz ki, sözü gedən ədəbiyyatın nümayəndələri milli mənsubiyyətinə görə Azərbaycan ədəbiyya­tına məxsusdurlar və müəyyən dövrdə əlaqələrin inkişafında mühüm rol oynamışlar. Bu ənənələrin orta əsrlər boyu davam etdiyini, bir çox klassik şairlərimizin ərəbdilli əsərlər silsiləsini də xatırlatmaq yerinə düşərdi.

XX əsrdə Azərbaycan-ərəb ədəbi əlaqələri daha çox üç istiqamətdə davam edirdi: tərcümələr, tədqiqatlar və ədəbi mövzular.

Azərbaycan şərqşünaslığının bir sıra görkəmli nümayəndələri, o cümlədən M.Mahmudov, A.İmanquliyeva, Z.Məmmədov, V.Cəfərov, M.Qənbərli kimi tədqiqatçılarımız ərəb ədəbiyyatının tədqiqi sahəsində fundamental əsərlərin müəllifləridir. Ədəbi mövzular isə daha çox sovet ədəbiyyatı kontekstində ərəb xalqlarının müstəmləkəçilərə qarşı milli-azadlıq hərəkatının tərənnümü və ərəb həyatının bədii əksi istiqamətində Azərbaycan şair və yazıçılarının münasibətlərində ifadə olunurdu.

Ərəb bədii ədəbiyyatından tərcümələr müxtəlif formalarda özünü göstərir: birbaşa və vasitəli, yəni rus dili vasitəsilə edilən tərcümələr. Bu tərcümələr ayrı-ayrı kitablar şəklində və müxtəlif dövri mətbuat orqan­larında nəşr olunmuşdur. Hələ əsrin əvvəllərində «Ərəb ədəbiyyatında tarixi roman janrının banisi Corci Zeydanın (1861-1914) üç romanı 1908-1914-cü illər arasında Axund Mirməhəmməd Kərim Hacı Mir Cəfərzadə tərəfindən azərbaycancaya tərcümə edilmişdir» (1, 158).

Ərəb şifahi xalq ədəbiyyatının bir çox nümunələri Azərbaycan dilinə tərcümə olunmuşdur. «Ələddin və sehirli çırağı» (1939), «Dostlar. Ərəb nağılı» (1940), «Əlibaba və qırx quldur» (1949), «Oxuyan piyalə» (1958), «Dəniz səyyahı Sindibad» (1959) və «Min bir gecə» bu sahədə tərcümə olunmuş əsərlərdəndir. Ərəb ədəbiyyatından edilmiş tərcümə nümunələri həm toplu, həm də ayrı-ayrı müəllif kitabları kimi meydana çıxmışdır. Mə­lumdur ki, ərəb ədəbiyyatı anlayışı geniş mənada müxtəlif ərəb ölkələrinin – Misir, Suriya, Livan, İraq, İordaniya, Əlcəzair, Küveyt, Sudan və s. ölkələrin ədəbiyyatını əhatə edir. Bu ölkələrin və onların ədəbi fikrinin inkişaf tempi müxtəlif mərhələlər üçün fərqli xarakter daşıdığı kimi, bədii nümunələrin Azərbaycan dilinə tərcüməsi prosesində də müəyyən özəlliklər müşahidə olunur. Həmin  aspektdən XIX əsrin II yarısından etibarən yeni ərəb ədəbiyyatının inkişafı prosesində daha ön plana çıxan Misir, Suriya, Livan, sonra isə İraq ədəbiyyatından olunmuş tərcümələrə daha çox təsadüf edirik. 1958-ci ildə nəşr olunmuş «Ərəb hekayələri» kitabı da Misir, Livan, Suriya və İraq ədəbiyyatı nümunələrini əhatə edən toplu nəşrlərdəndir. Burada Misir ədəbiyyatından Mahmud Teymur, Əbdürrəhman Əlhəmis, İsa Übeyd, Bintəşşati, Əbdürəhman Əşşərqəvi, İbrahim Əbdəlhəlim, Mühəmməd Sidqi, Yusif Cövhər, Mahmud Bədəvi, Mühəmməd Teymur, Şihadə Übeyd, Yusif İdris, Suriya və Livan yazıçılarından Valəddin Egün, Cibran Xəlil Cibran,  Əbdəlməsih Həddad, Vəsvi Əlbüni, Mühəmməd İbrahim Dəkrüb, Emil Yusif Əvvad, Məvahibəlqiyalı, Dilavər, Səlmə Saiq və İraq nasirlərindən Əhmədsəid, Zünnün Əyyubun hekayələrindən nümunələr təqdim olunmuşdur. Müqəddimə müəllifinin «oxuculara təqdim etdiyimiz bu kitaba ərəb ədəbiyyatında realist cərəyanın yarandığı dövrdən başlayaraq ta son illərədək ərəb ölkələrində yaranmış ədəbi əsərlərdən nümunələr daxil edilmişdir» (2, VIII) kimi fikirlərinə də əsasən kitabda yeni və müasir ərəb bədii ədəbiyyatından nümunələr təqdim edilir. Hekayələri Azər­baycan dilinə X.Hasilova, E.İbrahimov, R.Nağıyev, S.Rəhman, Y.Şirvan, İ.Novruzov, M.H.Tahirov, N.Nağıyev, A.Həsənov, Ə.Yusif, C.Məmmədov, Ə.Mehdiyeva rus dilindən, İ.Şəms isə ərəb dilindən tərcümə etmişdir.

Ərəb ədəbiyyatından toplu formasında nəşr olunmuş kitablar içəri­sində «Sülh və Dostluq» (1958), «Bir gözəlin qəlbi. Ərəb hekayələri» (1970), «İnsan və quş. Ərəb hekayələri» (1974) tərcümə kitabları da Azərbaycanda ərəb ədəbiyyatının öyrənilməsi və təbliğində mühüm rol oynamışdır.

«Sülh və dostluq» kitabına Misir, İraq və Suriya yazıçılarının əsərləri daxildir. Burada Misir yazıçılarından Kamil Ömər «O iki dəfə öldü», Məmun əş-Şinavi «Kaş hər vaxt», «Oyan sevgilim», Zeynəb Məhəmməd Hüseynin «Mən kölə deyiləm», Suriya yazıçısı Vəsfi Krunfli «Şəfəq söküləni gözləyir», İraq ədibi Məhəmməd əl-Nəqdinin «Neft fəhləsi» kimi əsərləri təqdim olunmuşdur. Əsərləri Azərbaycan dilinə R.Rza, T.Əliyev, R.Axundov, O.Sarıvəlli, Ə.Ziyatay, İ.Soltan tərcümə etmişlər. Kitaba daxil edilmiş əsərlər ərəb ölkələrinin sosial-siyasi həyatını əks etdirir.

1970-ci ildə Qurbanəli Süleymanov tərəfindən ərəb dilindən tərcümə olunmuş «Bir gözəlin qəlbi» kitabı görkəmli Misir yazıçısı Mahmud Teymur və Livan mənşəli olan, XX əsrin əvvəllərində ABŞ-da fəaliyyət göstərən mühacir ərəb ədəbiyyatının məşhur nümayəndəsi Cibran Xəlil Cibranın əsərlərindən nümunələri əhatə edir.

Qeyd etmək lazımdır ki, 70-ci illərdən etibarən Azərbaycan ərəbşünaslığında yeni inkişaf mərhələsinə keçid başlayır və bu illərdə oricinaldan tərcümələr də daha intensiv xarakter alır. M.Teymurun «Bir gözəlin qəlbi», «Mənəm qatil, Həsən ağa», «Misirdə qadınlar belə xoşbəxtliklər üçün doğulmamış», «Hacı Şələbi», «Uşaq» və C.X.Cibranın «Banlı Marta», «İki zahid», «Göz», «Kədərim doğularkən», «Sevincim doğularkən» kimi əsərləri orijinaldan tərcümə sahəsindəki uğurlu nümunələrdəndir. Kitabda eyni zamanda Edman Səbri «Zülmətdən qaçan», Yusif Cövhər «Arzu və həqiqət», Yusif İdrisin «Bu… bu da oyundur?» kimi əsərləri  də təqdim olunmuşdur.

Ərəb hekayələrini toplu formasında təqdim edən «İnsan və quş» kitabı da həm ərəb ədəbiyyatının bir sıra görkəmli nümayəndələri ilə tanışlıq nöqteyi-nəzərindən, həm də orijinaldan tərcümə sahəsindəki inkişafı nümayiş etdirmək baxımından diqqəti cəlb edir. Kitaba görkəmli ədəbiyyatşünas alim A.İmanquliyeva müqəddimə yazmışdır.

Müqəddimədə tədqiqatçı ərəb ədəbiyyatının inkişaf xüsusiyyətlərini araşdırır, ayrı-ayrı ərəb ölkələrində ədəbi fikrin özünəməxsusluğu ilə bağlı məsələlərə diqqəti cəlb edir, Misir, Suriya, Livan və İraq ədəbiyyatının spesifik cəhətləri və yazıçıların yaradıcılıq keyfiyyətlərinə nəzər salır. Burada A.İmanquliyevanın tərcüməsində görkəmli Livan ədibi N.Nüaymənin «Qu-qu saatı», «Umyaqubun toyuğu», «İnsan və quş», «Buz əriyəcək», Suheyl İdrisin «Azadlıq», Sahib Cəmalın «Yusif», Məhəmməd Dibin «Hasin Dermək», eləcə də M.Qarayevin tərcüməsində Faruq Munib «İbrahim», Hənna Mina «Mənim şəhərim», Fuadət-Təkərli «Yadlar», Edman Səbri «İt oğrusu», Mahmud əz-Zahir «Üsyan», Bədi Həqqi «Kədərli torpaq» və digər ərəb yazıçılarının hekayələri təqdim olunmuşdur.

Kitabda verilən hekayələrdə ərəb həyatının çox müxtəlif məsələləri öz əksini tapmışdır. Toplu halında nəşr olunmuş kitablar arasında 1968-ci ilə aid Şərq novellalarından ibarət «Allah, sən haradasan?» kitabını da qeyd etmək lazımdır. Burada hind, türk, İran, Cənubi Azərbaycan ədəbiyyatı nü­ma­yəndələri ilə yanaşı Cibran Xəlil Cibranın da «Kafər Xəlil» hekayəsi təqdim edilmişdir. Əsəri ərəb dilindən Qurbanəli Süleymanov tərcümə etmişdir.

Ayrı-ayrı ərəb bədii nümunələrini birlikdə təqdim edən tərcümə ədə­biyyatı ilə yanaşı, Misir, Suriya, İraq ədəbiyyatı materiallarını əhatə edən müstəqil tərcümə kitablarına da təsadüf edirik. Bu baxımdan «Misir hekayələri» (1957), «Suriya şair və yazıçılarının əsərlərindən ibarət «Ümid nəğmələri» (1968) və İraq ədəbiyyatından nümunələri təqdim edən «Ağ günlərin sorağında» kitabları maraq doğurur. «Misir hekayələri» kitabı H.Hacıyevin müqəddiməsi, H.Hacıyev və Məmməd Əkbərin rus dilindən tərcümələri əsasında tərtib edilmişdir. Kitabda yeni ərəb ədəbiyyatı və müasir Misir yazıçılarının hekayə və novellalarından nümunələr təqdim olunmuşdur. Buraya M.Teymurun «Səbuhə», «Naciyə», «Məktub», «Şeyx Nəim, İmam, ya da çoxarvadlı» Mühəmməd Teymurun «İbtidai məktəbdə dərs», «Göyərti var! Turp var!», Mahmud Bədəvinin «Həqiqi kişi», Yusif Cavhəri», «Sahibsiz pişiklər», «Məhəbbət ölümə qalib gəlir», Əbdürrəhman əş-Şərqəvinin «Mənsur əfəndi və onun qızları», Bint əş-Şatinin «Onlar kişi tərbiyə etmək istəyirdilər», Yusif  İdrisin «Saat beş» kimi əsərləri daxil edilmişdir. Misir əhalisi xüsusilə, fəllahlar, xırda sənətkarlar və Misir kəndlisinin həyatı bu hekayə və novellaların əsas mövzusudur. Yeni dövr ərəb ədəbiyyatında çox geniş yayılmış qadın və cəmiyyət problemi, eləcə də XX əsr ərəb ədəbiyyatına xas olan antiimperialist ənənə qeyd olunan əsərlər üçün xarakterikdir.

1968-ci ildə nəşr olunan «Ümid nəğmələri» kitabı isə Suriya yazıçılarının bir qrupunun – X.Kərzun, M.Bədəvi, Nazir əl-Hisami, Şəb Nuri, Ə.Süleyman əl-Əhməd, V.əl-Bünni, Ülfət əl-İdlibi, Nəsib əl-Kayyali, H.Mina, Murad Sibai, A.Əbu Şənab, Sövqi Bağdadi, N.əl-Bəhrani kimi ədiblərin şeir və hekayələrinin toplusundan ibarətdir. Əsərləri rus dili vasitəsilə Azərbaycan dilinə Nəriman Həsənzadə, A.Abdulla, Eyvaz Borçalı, M.İsgəndərzadə, S.Almazov, S.Əsəd, M.Mirkişiyev, N.Nağıyev, İ.Qarayev, M.Təvəkkülova tərcümə etmişdir. «Ümid nəğmələri» kitabına daxil olan əsərlər XX əsr müəlliflərinin 50-ci illərdə yazdıqları bədii nümu­nələrdən ibarətdir. Burada bir məsələyə də diqqət yetirmək yerinə düşərdi. Sovet dövründə tərcümə olunmuş əsərlərin bir qismi həmin zamanın sovetlər mövqeyindən dəyərləndirilən əhval-ruhiyyəsini ifadə edirdi. Bu baxımdan da kitaba daxil olan şeir və kiçik hekayələrin əksəriyyəti sovetlərlə dostluq münasibətlərini ifadə edir, yaxud sovetlərin beynəlxalq aləmdəki azadlıq simvolu tərənnüm olunurdu.

İraq ədəbiyyatından nümunələrin daxil olduğu «Ağ günlərin sora­ğın­da» kitabı 21 İraq şair və yazıçısının şeir və hekayələrini əhatə edir. Kitab­da görkəmli şərqşünas A.İmanquliyevanın İraq ədəbiyyatı haqqında müqəd­diməsi verilmişdir. XX əsrin əvvəllərində İraqda baş verən siyasi-ictimai hadisələr, Şərqdə qadın problemi, vətən mövzusu, müasir həyata və inkişafa çağırış məcmuəyə daxil olan C.Sidqi əz-Zahavi, M.ər-Rusafi, M.Mehdi əl-Cəvahiri, M.Saleh Bəhrul Ülüm, Ə.Xəlil, H.Mərdan, B.əl-Heydəri, Ş.Xusbak, E.Səbri, Q.Fərman, Y.Həddad və digər Misir ədiblərinin təqdim olunan əsərlərinin əsas  mövzusudur. Kitaba daxil olan əsərlər V.Cəfərov, S.Rüstəm, Ağacəfər, T.Əyyubov, O.Sarıvəlli, B.Vahabzadə, M.Qarayev, C.Novruz, M.Dilbazi,Ə.Cəmil, Ə.Muradxanlı, M.Araz, M.Qarayev,  Z.Əlizadə, Q.Süleymanov, M.Qənbərov A.İmanquliyeva tərəfindən tərcümə edilmişdir.

Ərəb dilindən tərcümə olunmuş müxtəlif müəllifli əsərlərin toplu nəşrlərindən başqa ayrı-ayrı yazıçıların əsərləri də kitab formasında çap edilmişdir. Suriya yazıçısı Hanna Minanın «Göy lampalar» (1960), Əbül Fərəcin «Maraqlı əhvalatlar» kitabı (1961), Mövlüd Məmmerinin «Ədalət yuxuda ikən» (1963), Malik Həddadın «Çevrilmiş səhifə» (1965), Mişel Süleymanın «Yerdən doğan günəş» (1978), Məhəmməd Dibin «Qadağan olunmuş yerlər. Novellalar» (1983) müəllif kitablarıdır.

Suriya yazıçısı Hanna Minanın «Göy lampalar» povesti K.Mehdiyev tərəfindən «Detqiz»in 1958-ci il nəşrindən tərcümə edilmişdir. II Dünya müharibəsi illərində Suriya həyatının bir çox problemlərini əhatə edən əsərin müharibəyə etiraz motivləri, əsasən, bu dövrdə ərəb ədəbiyyatından tərcümə olunmuş əsərlərlə birləşirdi.

Orta əsr Suriya ədəbiyyatının nümayəndəsi, həyatı səyahətlərdə keçmiş Əbül Fərəc Bar-Ebreyin topladığı müxtəlif lətifələr, rəvayətlər «Maraqlı əhvalatlar» kitabında toplanmışdır. Əsərləri Avropa və Şərq dillərinə tərcümə olunmuş Əbül Fərəcin kitabında 700-dən çox əhvalat göstərilib.

Hacı Hacıyevin tərcümə etdiyi Əlcəzair yazıçısı Mövlud Məmmerinin «Ədalət yuxuda ikən» romanı II Dünya müharibəsi və ondan sonrakı dövrdə Əlcəzairin kənd həyatını əks etdirən əsərlərdəndir. Digər Əlcəzair yazıçısı Məlik Həddadın «Çevrilmiş səhifə» romanı da Ə.Əylisli tərəfindən tərcümə olunmuşdur. M.Həddadın sözügedən romanı  1987-ci ildə Henrix Böllun «O illərin çörəyi» əsəri ilə birlikdə yenidən nəşr edilmişdir. Ə.Əylisli kitaba yazdığı «Ədalət hissi, azadlıq dərdi» müqəddiməsində ərəb və alman yazıçılarını birləşdirən ədəbi mövzu və ideyalara diqqət yönəltmişdi.

Ərəb dilindən görkəmli şairlərimiz N.Xəzri və Ə.Kürçaylı tərəfindən tərcümə edilən «Yerdən doğan günəş» kitabı müasir ərəb poeziyasının məşhur simalarından biri olan, Livan mənşəli, 35-dən artıq kitabın müəllifi şair Mişel Süleymanın əsərlərindən ibarətdir. Şeirləri rus, bolqar, fransız, alman dillərinə tərcümə edilən müəllifin əsərləri Azərbaycan dilində də uğurlu səslənir. Kitaba daxil olan əsərlərdə azadlıq, dostluq motivləri güclüdür. Kitabda şairin «Xalqın qüdrəti», «İşıq və duman arasında», «Arzu çiçəyi», «Daşların dili», «Mühacir quş», «Odlu xatirələr», «Ölüm kədəri» və s. kimi şeirləri «Nəğmə, ölüm və son gecə» adlı birpərdəli pyesi təqdim edilmişdir.

Məhəmməd Dibin «Qadağan olunmuş yerlər» kitabı Əziz Gözəlov tərəfindən fransız dilindən tərcümə olunaraq nəşr edilmişdir. Kitaba ərəb yazıçısının «Kafedə», «Maraqlı toy», «Tanış», «Mənsurə», «İntizar», «Qadağan olunmuş yerlər» kimi novellaları daxil edilmişdir.

Son illərdə ərəb dilindən tərcümə edilmiş əsərlər, əsas etibarilə, orici­nal­dan tərcümə olunaraq ərəb ədəbiyyatının müxtəlif mərhələlərini əhatə edir.

1990-cı ildə Gövhər Baxşəliyevanın ön söz və tərcüməsində X əsr ərəb ədəbiyyatçısı və musiqiçisi Əbülfərəc İsfahaninin «Bir Məcnun vardır» əsəri nəşr edilmişdir. Əsərə daxil olan şeirlərin tərcüməsi Ağasəfaya aiddir. Bu kitab Ə.İsfahaninin  «Kitab əl-Əğani» - «Nəğmələr kitabı» adlanan əsərinin iki fəslini – Məcnun adı ilə tanınmış Bənu Amir qəbiləsinə mənsub Qeys ibn Müləvvəh haqqındakı fəsillərin «Bir Məcnun vardı» sərlövhəsi ilə  tərcüməsindən ibarətdir. Burada Məcnunun həyatı və sevgilisindən bəhs olunur, şeirləri təqdim edilir. Kitabda G.Baxşəliyeva tərəfindən yazılmış «Məhəbbətin əbədiliyi» adlı müqəddiməsi orta əsrlər üzrə məhəbbət poeziyası və Məcnun şeirlərinin tədqiqi baxımından da əhəmiyyətlidir.

Son illərin maraqlı tərcümə nümunələrindən biri də Səyavuş Sərxanlı tərəfindən 1999-cu ildə çevrilərək nəşr olunmuş «Qəribliyə düşən eşq» kitabıdır. Burada müasir Küveyt şairi Əbdül Əziz Səid əl-Babtinin şeirləri toplanmışdır. «Qərib sevgi nəğmələri. Sənə həsr edirəm», «Vəfa», «Mə­həbbət güc gələndə», «Kainatın nəğməsi», «Eşqə dönməyəcəyəm», «Ruhun qardaşı», «Keçən ömür» kimi şeirlər gözəl sənət nümunələrindəndir.

Ərəb ədəbiyyatından tərcümə prosesində Azərbaycan müəllifləri hekayə janrında yazılmış əsərlərə xüsusi yer ayırmışlar. Son illərdə də bu tendensiya davam etməkdədir. 2004-cü ildə nəşr olunmuş ərəb yazıçılarının hekayələ­rindən ibarət «Şəhidlər bu həftə qayıdacaqlar» kitabı Eldar Məmmədovun ön söz və tərcüməsində təqdim olunur. Müəllif bu ənənəni davam etdirməsi aktuallığını hekayə janrının müasir ərəb ədəbiyyatında şeirdən sonra ən çox işlənən bir ədəbi forma olması baxımından əsaslandırır (4, 3). Kitab bir sıra ərəb ölkələrinin nümayəndələrini əhatə edir. Misir yazıçılarından Yusif İdris, Nəcib Məhfuz, Mahmud əl-Bədəvi, Yusif əş-Şaruni, Əhməd Rəcəb, Hüda Cad, Faruq Munib, Həsən Mühəssib, Əlcəzair yazıçıları ət-Tahir Vattar, Əbdülhəmid Ben Həddiqə, Fələstinli nasir Taufiq Zəyyad və Samirə Əzzam, İraq ədibləri Mehdi İsa əs-Saqar, Meysəlun Hadi, Livan yazıçısı Mahun Abbud, Sudanlı yazıçılar ət-Tayyib Zərruqun və nəhayət İordaniya ədibi İsa ən-Naurinin əsərləri kitaba daxil edilmişdir. Tərcüməçi hər bir əsərin əvvəlində müəllif barəsində qısa məlumat verir, oxucu ilə tanışlıq yaratmağa çalışır. Kitaba daxil olan hekayələr ərəb həyatının çox müxtəlif məsələlərini əhatə edir, burada müstəmləkəçilərə qarşı ərəb xalqının azadlıq mübarizəsindən tutmuş, kəndli qızının faciəsinə qədər ərəb dünyasında baş verən çeşidli hadisələrin qələmə alındığı əsərlər yer almışdır.

Son illərin tərcümə əsərləri arasında Misir yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yeganə ərəb yazıçısı Nəcib Məhfuzun «Güzgülər» romanı da maraqlı əsərlərdəndir (Nəcib Məhfuz «Güzgülər». Bakı, 2006). Məşhur ərəb yazıçısının əsərləri bundan əvvəlki bir sıra nəşrlərdə də öz əksini tapmışdır. XX əsr Misir həyatının böyük bir dövrünü canlandıran romanın tərcüməsi mütərəqqi hal kimi diqqətəlayiqdir.

Azərbaycan bədii ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə prosesində eyni intensivliyi müşahidə etməsək də, bəzi faktları göstərmək mümkündür. Bu sahədə ərəb dilindən dilimizə çevrilən əsərlərdən fərqli ola­raq həm azərbaycanlı mütəxəssislər, həm də ərəb müəlliflərinin fəaliyyətini görürük. Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatının görkəmli simaları – M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.V.Vidadi, C.Məm­mədquluzadə, S.Vurğun və digər məşhur şair və ədiblərimizin yaradıcılıq məsələləri tədqiqata cəlb olunmuş, eləcə də bir sıra müəlliflərin ədəbi-bədii irsimizin müxtəlif nümayəndələri haqqındakı məqalə və kitabları ərəb dilinə tərcümə edilmişdir. Ərəb mənbələrində klassik şairlərimizdən İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, M.Ə.Sabirin qəzəl, müxəmməs və rübailərinin tərcümələrinə təsadüf olunur.

«Azərbaycan ədəbiyyatı Şərq mənbələrində (İraq, İran, Əfqanıstan, Türkiyə, Bolqarıstan» (1980) adlı biblioqrafik göstəricilər kitabında İ.Nəsiminin «Çünki bildim möminin könlündə beytü-Allah var» misralı qəzəli və rübailəri (1971, 1974), Ş.İ.Xətainin bir neçə qəzəli, eləcə də məşhur «Neylərəm o cənnəti içində dildar olmasa» (1971), M.Füzulinin «Yıxma canım naleyi biixtiyarımdan saqın» (1971) və digər qəzəlləri, M.P.Vaqifin müxəmməsi (1973), «Çox zamandır yarın həsrətindəyəm» misralı şeiri (1972), M.V.Vidadinin «Gəl çəkmə cahan qeydini sən can belə qalmaz» şeiri (1972), Q.Zakirin «Aşiq və Məşuq» haqqında (1974), M.Ə.Sabirin «Para­dır» (1972), «Təraneyi-şairanə» (1972), «Vermərəm…» (1973) və digər əsərlərinin ərəb mənbələrində yer aldığı qeyd olunur.

Ərəb mənbələrində XX əsr şair və yazıçılarının əsərlərinə daha çox təsadüf edirik. S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, M.Gülgün, N.Xəzri, O.Sarıvəlli, X.Rza, H.Bülluri, C.Novruz, B.Vahabzadə kimi şairlərimizin müxtəlif əsərləri ərəb dilinə tərcümə olunmuşdur.

Azərbaycan ədəbiyyatında ərəb mövzusunun işlənməsindən bəhs edər­kən qeyd olunduğu kimi, sovet ədəbiyyatı kontekstində ərəb mövzusuna müraciət ərəb xalqının tarixi müstəmləkəçilərə qarşı antiimperialist mübari­zəsi müharibə illərində yaşanan  müxtəlif çətinliklərin bədii ədəbiyya­tda əksi ideyaları ilə bağlı idi. Əsərləri ərəb dilinə tərcümə olunan XX əsr Azərbaycan yazıçılarının demək olar ki, əksəriyyətinin yaradıcılığında ərəb, eləcə də beynəlxalq məsələlər mövzusu xarakterik idi. Azərbaycan müəllif­ləri tərəfindən tərcümə prosesində belə əsərlərin seçilməsinə də təbii olaraq daha çox üstünlük verilmişdir. Bu baxımdan B.Vahabzadənin «Salam olsun şanlı İraq torpağına» (1973), Q.Qasımzadənin «Ərəbin qızğın qanı», R.Rzanın «Əlcəzair meydanında», M.Rahimin «Bağdad gecələri», O.Sarı­vəllinin «Ərəb qadını» və digər əsərləri qeyd etmək olar. Bağdadda 1971-ci ildə nəşr olunan «Ərəb ölkələri haqqında Azərbaycan nəğmələri» kitabında da qeyd olunan cəhətlərə diqqət yetirilmişdir. Kitab Sinan Səidin ön söz və tərcüməsində  nəşr olunmuşdur. Kitaba M.Rahimin «Bağdad gecələri», R.Rzanın «Şəttül-ərəb», S.Rüstəmin «Ərəb dostlarıma», O.Sarıvəllinin «Ərəb qadını», T.Bayramın «Əlcəzair qızı» şeiri, B.Vahabzadənin «Yollar və oğullar» və digər əsərlər daxil edilmişdir.

Azərbaycan müəllifləri tərəfindən ərəb dilinə tərcümə olunaraq 1964-cü ildə Bakıda nəşr olunmuş «Dost əlləri» kitabında da əsasən eyni prinsipə əməl edilmişdir. Ərəb və beynəlxalq mövzuda yazılmış əsərlərin topluya daxil olmasına daha çox üstünlük verilmişdir. Buraya R.Rzanın «Cəbəllüttariq», «Əlcəzair meydanında», «Şəttül-ərəb», «Ağ fil», S.Rüstəmin «Yeddi zənci», «Robsonun nəğməsi», Ə.Cəmilin «Yaşasın sülh cəbhəsi», M.Rahimin «Ərəb kəfən toxudu», M.Dilbazinin «Afrika yaşadıqca», «Ananın çağırışı», M.Rəfibəylinin «Cəmilə» və s. kim  əsərləri daxil edilmişdir.

Ərəb dilinə tərcümə olunmuş əsərləri əhatə edən toplu nəşrlərdən başqa ayrı-ayrı yazıçı və şairlərimizin də tərcümə edilmiş bədii nümunələri çap edilmişdir. M.Hüseynin «Abşeron» romanı hələ 1954-cü ildə ərəb dilinə tərcümə olunaraq Qahirədə nəşr edilmişdir. 1977-ci ildə isə görkəmli şairimiz Nəbi Xəzrinin «Məhəbbət… və fəlakət gözləri» kitabı Beyrutda çapdan çıxmışdır. N.Xəzrinin əsərləri görkəmli Livan şairi Mişel Süleymanın Azərbaycan ədəbiyyatı barəsində məlumat verən müqəddimə və tərcüməsi ilə buraxılmışdır. Kitaba şairin «Əgər unutsaydım «Ağ çiçək», «Axtar sən məni», «Şahid», «Mənim ürəyim», «Dəniz lövhəsi», «Dağ», «Ulduzlar», «Günəşli üfüqlər Vətənim» və digər şeirləri, «Şəhidlər və şairlər» poeması daxil edilmişdir.

S.Vurğunun «Şeirlər» kitabı (1976. Moskva) və Rəsul Rzanın Sudan şairi Cili Əbdürrəhman tərəfindən ərəb dilinə tərcümə olunaraq 1978-ci ildə Moskvada nəşr olunan «Lenin» poeması da bu sahədə uğurlu işlərdəndir. S.Vurğunun «Şeirlər» kitabına şairin «Nizami», «Aşıq qardaşıma», «Xatiratım», «Dağlar», «Belə dedilər», «Bahar düşüncələri» və digər əsərləri daxil edilmişdir.

Görkəmli yazıçı F.Kərimzadənin «Qarlı aşırım» romanı da Yusif Abdo tərəfindən ərəb dilinə tərcümə olunmuşdur (Daşkənd, 1980).

Sözsüz ki, qarşılıqlı tərcümə sahəsində ədəbi fəaliyyət bu gün də davam edir. Ədəbi tərcümə isə mədəniyyətləri yaxınlaşdırmaq, bədii düşüncənin inteqrasiyası kimi mütərəqqi roluna sadiqdir.

 

ƏDƏBİYYAT:

1.  Əliyev F. Azərbaycan-ərəb ədəbi əlaqələri. Bakı: Yazıçı, 1982.

2.  Ərəb hekayələri. Bakı: Azərnəşr, 1958.

3.  Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər. VII-IX əsrlər. Bakı: Elm, 1983.

4.  Şəhidlər bu həftə qayıdacaqlar. Bakı: Azərnəşr, 2004.