Aytən Hacıyeva,

filologiya elmləri namizədi

 

Azərbaycan-İran mədəni əlaqələrində tərcümənin rolu

 

Öz milli kökləri üzərində inkişaf edən Azərbaycan ədəbiyyatının tərəqqisində milli-ədəbi ənənələrlə yanaşı, digər xalqların ədəbiyyatının mütərəqqi ideyalarından faydalanmanın da rolu danılmazdır. Belə ki, ictimai-siyasi birgəyaşayış tərzindən dolayı bir çox ədəbi-bədii nümunələrimiz digər dillərə tərcümə edildiyi kimi, sözügedən xalqların ədəbi mənbələri də mədəniyyətimizin, o cümlədən ədəbiyyatımızın inkişafında əsas amil qismində çıxış etmişdir. Qarşılıqlı təsir nəticəsində ədəbiyyatımızı zənginləşdirən belə ədəbi sərvətlərdən biri də fars ədəbiyyatı örnəkləridir.

Qlobal mədəniyyət hadisəsinə çevrilmiş minillik ənənələrə malik fars ədəbiyyatı, əsasən, Şərq-İslam təfəkkür sintezinin məhsulu olaraq tarixin müxtəlif mərhələlərində lokal ədəbi fikrin formalaşmasında, ayrı-ayrı milli söz sənəti xəzinələrinin yeni incilərlə zənginləşməsində bu və ya digər dərəcədə rol oynamışdır. Fars ədiblərinin yaradıcılığının təsiri, tarixi-sosial şərtiliklərdən dolayı, müəyyən dönəmlərdə yaddilli əsərlərin çəkisi yüksək olmuş, Azərbaycan söz sənətindən də yan ötməmişdir. Bu sahədə özünəməxsus yeri olan tərcümə sənətinin tarixi zərurət kimi ortaya çıxmasını şərtləndirən başlıca amil isə Azərbaycan türklərinin əsrlər boyu ərəblərlə yanaşı, farslarla da sıx ədəbi-mədəni əlaqədə olması və müştərək İslam mədəniyyətinin yaranmasında bilavasitə iştirakı olmuşdur. Hələ erkən orta əsrlərdən etibarən ana dilimizə olunan farsdilli tərcümə abidələri yazılı ədəbi dilimizin inkişaf tarixində də mühüm yer tutmuş, onun yeni-yeni anlayışlarla zənginləşməsində müstəsna rol oynamışdır. Orta yüzilliklərdə fars dilindən çevrilmiş əsərlərin - bədii ədəbiyyat nümunələrinin üstünlük təşkil etməsinin başlıca səbəbi isə həmin dövrdə fars dilinin Yaxın və Orta Şərq ölkələrinin böyük əksəriyyətində şer dili kimi geniş nəşət tapması ilə bağlı idi. Bir sıra digər xalqlar kimi Azərbaycan türklərinin də XII əsrdən etibarən sənət örnəklərini daha çox fars dilində qələmə almaları məhz bundan qaynaqlanırdı.

Fars dilindən edilmiş bədii tərcümələrin üstünlük təşkil etməsini şərtləndirən amillərdən biri də sözügedən dildə qələmə alınmış sənət nümunələrinin Yaxın və Orta Şərq ölkələrində geniş məkan koordinatını əhatə etməsi və böyük şöhrət qazanması idi. Fars-tacik klassik şeirinin fəxri Firdovsinin hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş “Şahnamə”sinin qəhrəmanlıq dastanı, Nizaminin “Xosrov və Şirin”inin məhəbbət, Sədinin “Gülüstan”ının isə hikmət xəzinəsi kimi şöhrət tapması buna əyani sübutdur. Məhz bu səbəbdən dolayı orta yüzilliklərdə sözügedən əsərlərin hər üçünün türk dillərinə müxtəlif tərcümələri ortaya çıxmışdır. Həmin tərcümələr içərisində Seyf Sərainin “Gülüstan” (XIV əsr), Qütbün “Xosrov və Şirin” (XIV əsr) və Şərifinin “Şahnamə” (XV əsr) tərcümələri xüsusilə əhəmiyyətlidir.

Azərbaycan tərcümə ədəbiyyatı tarixində XIII əsr tərcümə abidəsi, “Sindbadnamə”, “Kəlilə və Dimnə”nin də özünəmxsus yeri vardır. Belə ki, XIII əsrin məşhur tarixçisi Həmdulla Qəzvininin “Tarixe-qozide” (“Seçilmiş tarix”) əsərinə əsasən, Məlik Səid İftixarəddin Qəzvini “Min bir gecə” nağılları əsasında yazılmış “Sindbadnə”ni farscadan türkcəyə tərcümə etmişdir. Bəzi tədqiqatçılar Azərbaycan tərcümə ədəbiyyatının yaranmasını Nəsiminin adı ilə bağlayırlar. Nəsiminin Marağalı Əvhədinin bir qəsidəsini farscadan azərbaycancaya çevirməsi belə mülahizələrin səsləndirilməsinə səbəb olmuşdur.

Tərcümə əsərlərinin böyük əksəriyyəti isə XV-XVI əsrləri əhatə edir. İlkin nüsxələri hələ XIV yüzillikdə meydana çıxmış klassik fars ədəbiyyatının korifeyi Sədinin “Gülüstan”ının Mustafa bin Qazi Arac tərəfindən edilmiş tərcüməsi sözügedən yüzillikdə bu ədəbiyyatın ən bariz nümunələrindəndir.

Şirazi təxəllüslü şair-mütərcimə məxsus “Gülşəni-raz” və Əhmədinin “Əsrarnamə” əsərləri XV yüzilliyin tərcümə abidələrindəndir. Bunlardan birincisi Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” (“Sirlər bağçası”), digəri isə məşhur sufi şair və ariflərdən olan Şeyx Fəriəddin Əttar Nişapurinin bir qism hekayələrinin tərcüməsidir. Şirazinin 1429-cu ildə tamamladığı klassik tərcüməsindən sonra XVII əsrdə sözügedən əsər türk şairi Mahmud Haləvi tərəfindən “Şərhi-gülşəni-raz” adı altında yenidən türkcəyə çevrilmişdir. Əhmədinin “Əsrarnamə” tərcüməsi də Azərbaycan bədii tərcümə tarixinin hərtərəfli araşdırılması, klassik tərcümə sənətinin özünəməxsus xüsusiyyətlərinin müəyyən edilməsi, orijinalla tərcümə mətnlərinin müqayisəli təhlili baxımından da əvəzsiz və zəngin mənbələrdəndir.

XVI əsrə aid digər iki tərcümə -“Şuhədənamə” ilə “Şeyx Səfi təzkirəsi” istedadlı tərcüməçi Məhəmməd bin Hüseyn Katib Nişatinin qələmindən çıxmışdır. Nişati görkəmli ilahiyyatçı alim Kaşifinin “Rövzətüş-şühəda” (“Şəhdilər bağçası”) əsərini, orijinallığı saxlamaq şərtilə dəqiqliklə tərcümə etməyə səy göstərmişdir. Nişatinin digər tərcüməsi -“Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri də Orta yüzilliklərə aid tərcümə nümunələri içərisində mühüm yer tutur. Lakin bu əsər Azərbaycan elmi ictimaiyyətinə ötən yüzilliyin ikinci yarısında bəlli olmuşdur.

Əlyazmalar İnstitutunda qorunub saxlanılan F.Əttarın “Pəndnamə”, S.Şirazinin “Bustan”, Ə.Caminin “Yusif və Züleyxa”, Hafizin “Divan”ının tərcümə əlyazmaları isə XVII-XVIII yüzilliklərin ədəbi abidələrindəndir.

Azərbaycan klassik ədəbiyyatının korifeyi M.Füzulinin fars sənətkarı Ə.Caminin “Çehel hədis” (“Qırx hədis”) əsərinin “Hədisi-ərbəin” adlı tərcüməsi isə Orta əsrlərdə nəzmlə edilmiş tərcümə nümunələrindəndir. M.Füzuli əsərin orijinal xüsusiyyətlərini saxlamağa çalışmaqla yanaşı, sözügedən sənət nümunəsinə müəyyən dəyişikliklər etməkdən də çəkinməmişdir. Orta əsrlər tərcümə ədəbiyyatının xarakterik xüsusiyyətlərini özündə əks etdirən Seyf Sərainin Sədi Şirazidən etdiyi “Gülüstan” tərcüməsi də yaradıcı tərcümə ənənəsinin məhsullarındandır.

Azərbaycan bədii nəsr tarixində önəmli bir hadisə olan “Hədiqətüs-süəda”ya (“Xoşbəxtlər bağçası”) gəlincə isə qeyd edək ki, onun orijinal yaxud tərcümə əsəri olması haqqında müxtəlif fikirlər səsləndirilir. Katib Çələbi, Şəmsəddin Sami, Süleyman Nazif, Fuad Köprülü, Gibb və digər bir çox Şərq və Avropa şərqşünasları Həzrəti Hüseynin Kərbəlada şəhid olması münasibətilə qələmə alınmış sözügedən əsəri Hüseyn Vaiz Kaşifinin yaratdığı “Rövzətüş-şühəda” (“Şəhidlər bağçası”) adlı qəm dastanının tərcüməsi kimi təqdim etmişlər. M.Sultanov, H.Əfəndiyev, Ə.Səfərli və s. kimi görkəmli ədəbiyyatşünaslar isə bir çox sübutlar əsasında “Hədiqətüs-süəda”nın orijinal sənət əsəri olmasını nəzərə çatdırmışlar.

Orta əsr tərcüməçiləri nəinki ənənəyə görə çevirdikləri əsərə sonluq yazmış, hətta onu öz qələminin məhsulu hesab etmələri səbəbindən dolayı orijinal örnəklərin adını dəyişdirməyə də səy göstərmişlər. Klassik tərcümə nümunələrinin böyük əksəriyyətini dini məzmunlu və təsəvvüfə həsr edilmiş əsərlər təşkil edirdi.

Sonrakı yüzilliklər tərcüməçilik fəaliyyətinə təkan verilmiş, fars dilindən ana dilimizə çevrilən sənət nümunələri istər keyfiyyət, istərsə də kəmiyyət baxımından daha öncələr edilən tərcümələrdən müsbət anlamda fərqlənirdi.

Bədii əsərlərin vaxtaşırı təkrar tərcüməsi tərcüməçilik ədəbiyyatının ayrıca bir problemi kimi özünü büruzə verir. Belə ki, zaman axarında milli dillərin söz ehtiyatının, yazı və cümlə quruluşu qaydalarının yeniləşməsi müşahidə olunur ki, bu da əcnəbi əsərlərin yenidən ana dilimizə çevrilməsi zərurətini yaradır. Keçən əsrin əvvəllərində R.Əfəndiyev Firdovsi “Şahnamə”sindən bir hissəni “Ata və oğul”, Mir Əbdül Vahab Seyyid Zərgər Badkubə Sədi Şirazinin “Bustan” əsərindən bir hissəni “Bəhrül-həqayiq” adı ilə, Əli Nəzmi, İbrahim Tahir, Azər Əbasət, M.Müşfiq, M.Seyidzadə, Abdulla Şaiq, Mirzə Möhsün İbrahiminin Ə.Firdovsi “Şahnamə”sinin müxtəlif hissələrindən etdikləri tərcümələr bu sahədə görülən dəyərli işlərdəndir. “Molla Nəsrəddin” jurnalının əsas müəlliflərindən olan M.Ə.Sabirin Ə.Firdovsi “Şahnamə”sindən, Sədi Şirazidən etdiyi tərcümələr də İran ədəbiyyatı nümunələrinə Azərbaycanda olan marağın ifadəsidir.

XX əsrin ortalarına doğru dilimizə çevrilən farsdilli örnəklərin siyahısı daha da zənginləşmişdir. Sədinin “Bustan”, Caminin “Baharistan” əsərləri M.Seyidzadə, M.Eşqinin “Müntəxəbat”, Caminin “Yusif və Züleyxa”, İmam Xomeyninin “Eşq qibləsi”, Mehdi Həmidinin “Dan sökülür”, Ə.Firdovsinin “Şahnamə”si tam şəkildə M.Əlizadə, Sədinin “Gülüstan”ı R.Sultanov, M.Sultanov, İ.Şəms, “Qabusnamə”, “Ərdəşir Papəqan” tarixi əsərləri R.Sultanov, Ə.Lahutinin “Seçilmiş əsərləri” İ.Cəfərpur, XX əsr İran yazıçılarının əsərlərindən H.Əlibəyli tərəfindən edilmiş tərcümələr bu sahədə atılan addımlardandır.

Tərcümə ədəbiyyatı Azərbaycan mədəniyyətinin inkişafında, sənətkarlıq baxımından püxtələşməsində mühüm rol oynadığı kimi, bədii əsərlərimizin fars dilinə çevrilməsi prosesi də sözügedən xalqların ədəbiyyatını zənginləşdirir. Digər tərəfdən, milli ədəbi nümunələrimizi əcnəbi dillərə çevirməklə mədəniyyətimizi dünya arenasına daha dolğun və əhatəli şəkildə təqdim etməyə müvəffəq oluruq. Belə ki, bir çox sənətkarlarımız milli əsərlərimizi farsdilli oxuculara çatdırmaq məqsədilə də tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşlar. Bu baxımdan M.F.Axundovun əsərlərinin Şərq xalqları arasında yayılmasında mühüm xidmətləri olan Mirzə Məmməd Cəfərin adını qeyd etməliyik. O, 1871-1874-cü illər arasında ölməz mütəfəkkirin “Təmsilat”ını farscaya çevirmişdir.

Həbib Sahir, Qulamhüseyn Beqdeli, Həmid Nitqi, Əhməd Şəfayi, Həmid Məmmədzadə, Məhəmmədəli Fərzanə və s. kimi görkəmli elm xadimlərinin bir sıra ədəbi nümunələrimizi fars dilinə çevirmələri milli ədəbiyyatımıza olan marağın təcəssümüdür. 1979-cu il inqilabından sonra Məhəmmədəli Fərzanənin bir sıra tərcümələri işıq üzü görmüşdür. Onun ədəbiyyatımızın ilkin qaynaqlarından olan “Kitabi-Dədə Qorqud”u, C.Məmmədquluzadənin “Molla Nəsrəddin xatirələri və novellaları”nı, M.Şəhriyarın şeirləri və “Heydərbabaya salam” poemasını, Sabirin “Hophopnamə”sini, Ə.Babayevanın “Haradasan, dost, haradasan” romanını fars dilinə çevirməsi sözügedən xalqın mədəni inkişafına müsbət təsir göstərən amillərdəndir. “Gülüstan” və “Mərzəbannamə”ni, o cümlədən bir çox fars ədəbi örnəklərini Azəri türkcəsinə tərcümə edən Həbib Sahir ötən yüzilliyin sonlarında tərtib etdiyi “Türk şeiri antologiyası”na bir sıra sənətkarlarımızın poetik nümunələrini türkcədən çevirərək farsdilli oxuculara təqdim etmişdir.

 Fars dilininin incəliklərinə yaxından bələd olan Həmid Məmmədzadə də bu sərvətdən bacarıqla istifadə edərək Azərbaycan mədəniyyətinin tərcümə ədəbiyyatı xəzinəsinə gözəl incilər bəxş etmişdir. Müəllifin 1979-cu ildə C.Məmməquluzadənin hekayələrini farscaya çevirməsi buna əyanı sübutdur. Yeri gəlmişkən qeyd edək ki, hələ prof.H.Məmmədzadədən öncə 1973-cü ildə Qulamhüseyn Beqdeli bu hekayələri azəri türkcəsindən çevirərək  nəşr etdirmişdir.

Böyük sənətkar, dahi dramaturq C.Cabbarlının “Füruzə”, “Aslan və Fərhad”, “Dilbər” və s. kimi hekayələrinin tərcüməsi isə Əhməd Şəfayinin adı ilə bağlıdır. Müəllif ana dilindən çevirdiyi bu əsərləri 1980-cı ildə nəşr etdirərək fars oxucularının mühakiməsinə təqdim etmişdir.

Tərcüməçilik sahəsində gənc tədqiqatçı Şəhla Abdullayevanın da adını qeyd etməliyik. Belə ki, onun Hüseynbala Mirələmovun ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin həyat və yaradıcılığına həsr olunmuş tərcüməsi son dövrün ən uğurlu tərcümələrindəndir.

Beləliklə, inteqrasiya prosesinin genişlənməsinin təsiri altında yayılan və ədəbiyyatın mühüm qoluna çevrilən tərcüməçilik müxtəlif xalqların mədəniyyəti, elmi, adət-ənənələri, tarixi və mentaliteti ilə yaxından tanış olmağa, həmin mühitə virtual şəkildə də olsa daxil olmağa əlverişli şərait yaradır. Azərbaycancadan fars dilinə və ya əksinə edilən tərcümələr milli, bədii ənənələri zəminində inkişaf edən Azərbaycan və fars ədəbiyyatının məfkurəvi istiqaməti, yaradıcılıq pafosu, estetik idealı, inkişafının başlıca qanunauyğunluqları baxımından bir-birilə qarşılıqlı əlaqə və vəhdətdə olmasına yardım edir.