Əsgər Zeynalov,
filologiya
elmləri doktoru,
professor
Azərbaycan dilindən fransız
dilinə (və əksinə)
tərcümə tarixindən
Azərbaycan
oxucuları fransız ədəbiyyatı ilə çoxdan
tanışdılar. Hələ 1885-ci ildə dahi fransız
yazıçısı Viktor Hüqo vəfat edərkən “Kəşkül”
qəzeti 24-cü nömrəsində bu münasibətlə
nekroloq vermiş, ədibin şeirlərindən
tərcümələr dərc etdirmişdir. Hacı
F.Ağazadə 1912-ci ildə Bakıda nəşr olunmuş,
“Ədəbiyyat” məcmuəsində Hüqo haqqında
məqalə yazmış və şairin “Niyaziaziranə” şeirini nəşr etdirmişdir.
XX əsrin əvvəllərində Hüqo yaradıcılığına müraciət edənlərdən biri də görkəmli şair və tərcüməçi Abbas Səhhətdir. Fransız dilini gözəl bilən Səhhət şairin “Yatmış uşaq” şeirini orijinaldan tərcümə etmişdir.
20-ci illərdən sonra Hüqonun əsərlərinin Azərbaycan dilinə tərcüməsi sürətlənir. Belə ki, görkəmli alim, mahir tərcüməçi Mikayıl Rəfili yazıçının “Gülən adam” (1927), “Paris Notrdam kilsəsi” (1936), “Doxsan üçüncü il” (1948) romanlarını Azərbaycan dilinə tərcümə edir.
Bu dövrdə Azərbaycan şairləri də coşğun fəaliyyət göstərmişlər. O, Sarıvəlli Hüqonun “Dostlar, iki söz daha”, Ə.Tələt “Lion fəhlələri”, “Mədəniyyət”, “Üfüqün iki tərəfi”, Əhməd Cəmil “Son söz”, A.Aslanov “Son həyat” şeirlərini tərcümə edib müxtəlif mətbuat orqanlarında dərc etdirmişlər.
Ötən əsrin 50-ci illərində Hüqonun əsərlərinin tərcüməsinə yenidən müraciət olundu. Mikayıl Rəfilinin tərcüməsilə 1958-ci ildə məşhur “Səfillər” romanının I-II hissələri 1963-cü ildə, Beydulla Musayevin tərcüməsilə “Səfillərin” III-IV hissələri, 1964-cü ildə isə “Səfillər” əsərinin V hissəsi işıq üzü gördü.
1963-cü ildə Həmid Qasımzadə ədibin “Büq Yarqal” əsərini, Şamil Zaman 1976-ci ildə “Kled Qö” əsərlərini Azərbaycan dilinə tərcümə etdilər. 1983-cü ildə “Yazıçı” nəşriyyatı tərəfindən buraxılmış “Dünya” orijinaldan tərcümə toplusunda Telman Nəzərlinin tərcüməsində Viktor Hüqonun “Barrikada üzərində”, Rafiq Musayevin tərcüməsində Pol Verlenin “Sənin üçün, məhəbbətim”, Şamil Zamanın tərcüməsində isə Pyer Can dö Berancenin “Üvto kralı”, Öyen Potyenin “Xalqın rolu”, “Açam”, Pol Eluarın “Abriel Peri”, Viktor Hüqonun “Uşaqlıq”, “Əkinçi” şeirləri işıq üzü görmüşdür.
Eyni zamanda bu toplunun nəsr bölməsində Rauf İsmayılovun tərcüməsində Andre Moruanın «Əsirin qayıtması», Əziz Gözəlovun tərcüməsində Şarl Lui Filippin “Sərxoş”, fransız yumorları, Nadir Əhmədin tərcüməsində Gi dö Mopassanın “Zavallı Rozali” novellaları öz əksini tapmışdır.
Şamil Zaman 2002-ci ildə nəşr etdirdiyi Viktor Hüqonun “Seçilmiş əsərləri»ndə fransız ədibinin çoxdan işıq üzü görmüş “Klod Qö” povesti ilə yanaşı «Ölümə məhkumun son günü», “Lükres Borciya”, “Mariya Tüdor” dramlarını da orijinaldan tərcümə edərək oxucuların mühakiməsinə vermişdir.
Bu sətirlərin müəllifi də Hüqonun poeziyasına müraciət etmişdir. Bəllidir ki, Hüqo 20 cildlik nəsr əsərləri, 26 cildlik isə şeir kitablarının müəllifidir. Onun orijinaldan tərcümə etdiyimiz “Hamımız bir yerdə” şeiri 1996-cı ildə “Mütərcim” jurnalının birinci nömrəsində ixtisarla çap olunmuşdur.
2001-ci ildə Hüqonun anadan olmasının 200 illiyinə həsr olunmuş “Viktor Hüqo” monoqrafiyasında fransız ədibinin “Şərq motivləri” silsiləsindən bir sıra əsərləri «Cuş», qızı Leopoldinanın toyu münasibətilə “15 fevral, 1843”, qızı və kürəkəni Şarl Vakkerinin facəli ölümü münasibətilə müxtəlif illərdə yazdığı «Hamımız yaşayan zaman», «Siz ey xatirələr», «Məgər ümidimizdə», «Üç il sonra» və s. şeirləri tərcümə olunaraq orijinalla birlikdə verilmişdir. Bu şeirlər “Le françaisen Azerbaidcan (Azərbaycanda fransız dili) jurnalında təkrar işıq üzü görmüşdür.
Azərbaycan oxucuları Balzak yaradıcılığı ilə çoxdan tanışdır. Hələ 1939-cu ildə Azərbaycan Dövlət Dram Teatrında ədibin “Ögey ana” pyesi tamaşaya qoyulmuşdur. Görkəmli ədəbiyyatşünas alim tərcüməçi Mikayıl Rəfili Balzakın novellalarını 1942-ci ildə dilimizə çevirərək nəşr etdirmişdir.
1940-50-ci illərdə Azərbaycan oxucusunun dünya ədəbiyyatına ehtiyacı duyulurdu. Həm tərcüməçi mütəxəssislər, həm də tərcümə olunmuş əsərlər azlıq edirdi. Azərbaycan Yazıçılar İttifaqının plenumlarından birində çıxış edən prof. Cəfər Xəndan bu məsələyə toxunaraq deyir: «Bizim hələ mütəxəssis tərcüməçilərimiz azdır. Hər iki dili yaxşı bilən bəzi yazıçılarımız nədənsə bu şərəfli işə qoşulmurlar. Misal üçün, M. Rəfili yoldaş peşəkar tərcüməçi kimi tanınan yazıçıların çoxundan daha yaxşı tərcümə edə bilər. Nə üçün Azərbaycan Yazıçılar İttifaqı onu tərcümə işinə cəlb etmir? Unutmaq olmaz ki, yaxşı tərcümə işinin özü də yaradıcılıqdır».
C.Xəndanın Yazıçılar İttifaqının plenumundakı çıxışından sonra Mikayıl Rəfilli iki böyük əsəri - Balzakın “Qorio ata” və Viktor Hüqonun “Səfillər” romanını tərcümə edib nəşr etdirdi. 1952-ci ildə Azərbaycan dilində ilk dəfə işıq üzü görən “Qorio ata” romanı sonra ayrı-ayrı illərdə (1978-1989-cu illərdə) yenidən nəşr olundu. Qeyd etmək lazımdır ki, Balzakın “Qobsek” əsərinin tərcüməsi də M.Rəfiliyə məxsusdur. Sonralar yazıçı C.Məcnunbəyov yazıçının “İfritə əsərini” Azərbaycan dilinə tərcümə edib, 1965-ci ildə nəşr etdirdi.
Azərbaycan oxucularına əsərləri ən çox tanış olan fransız yazıçılarından biri də cəmi 43 il ömür sürmüş Gi dö Mopassandır. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin müəllimi İsmayıl Əlizadə yazıçının məşhur “Gözəl dost” əsərini rus dili vasitəsilə Azərbaycan dilinə çevirmişdir. 1934-cü ildə fransız ədibinin “Boyunbağı” hekayəsi Cahanbaxışın tərcüməsində “İnqilab və mədəniyyət” jurnalının 8-ci nömrəsində işıq üzü görür.
İsmayıl Əlizadə “Gözəl dost” romanının tərcüməsindən beş il sonra, yəni, 1936-cı ildə Mopassanın digər əsərini Lev Tolstoyun fransız ədəbiyyatının “Səfillər”dən sonra ən yaxşı roman saydığı “Həyat”ı Azərbaycan dilinə tərcümə etmişdir.
Görkəmli ədəbiyyatşünas alim Əziz Şərif 1942-ci ildə fransız ədibinin “Madmuazel Fifi” novellasını, 1946-cı ildə şair-tərcüməçi Mikayıl Rzaquluzadə Mopassanın “Rozali Prodan” novellasını dilimizə çevirmişdir.
Mopassanın əsərləri 70-ci illərin sonuna kimi Azərbaycan dilinə əsasən rus dili vasitəsilə çevrilmişdir. 1979-cu ildə Hamlet Qoca ədibin “Martina” novellasını fransız dilindən Azərbaycan dilinə tərcümə edib, “Azərbaycan” jurnalının üçüncü nömrəsində nəşr etdirməklə, ədibin əsərlərinin bir növ orijinaldan tərcüməsinin əsası qoydu.
1980-cı ildə Hamlet Qocanın orijinal tərcümələri əsasında Mopassanın novellaları ilk dəfə olaraq toplu halında Azərbaycan dilində işıq üzü gördü. «Hekayələr və novellalar» başlığı altında olan bu kitabda fransız yazıçısının “Gombul”, “Simonun atası”, “Pyero”, “Ay işığı”, “Daş qaş”, “İp”, “Boyunbağı”, “Bir yaz axşamında”, “Kəndə səfər”, “Eybəcərlər anası”, “Həşirçi qadın”, “Atılmış uşaq”, “Qadın etirafı”,”Balaca çəllək”, “Şeytan”, “At belində”, “Martina” hekayə və novellaları toplanmışdı.
Tanınmış yazıçı və tərcüməçi Afaq Məsud da Mopassan novellalarına müraciət etmiş, ədibin “Dilənçi” və “Dənizdə” novellalarını dilimizə çevirib, onları “Azərbaycan” jurnalının 1984-cü il 10-cu nömrəsində nəşr etdirmişdi.
1989-cu
ildə Mopassanın ən irihəcmli kitabı işıq
üzü gördü. Kitabda
yazıçının bir romanı, on səkkiz novellası
toplanmışdı. Mopassanın bu kitabda verilən
əsərlərindən “Həyat” romanı və “Valter
Şnafsın macərası” novellasını filologiya
elmləri namizədi Əziz Gözəlov orijinaldan, “Ehtiras”,
“Gombul”, “Eybəcərlər anası”, “Boyunbağı”,
“Qadın etirafı” novellalarını xalq yazıçısı
İsmayıl Şıxlı ruscadan, qalan on bir novellanı
isə Hamlet Qoca fransızcadan Azərbaycan dilinə
tərcümə etmişdir.
2000-ci ildə Hamlet
Qocanın tərtib etdiyi “Fransız ədəbiyyatı
antologiyası (XIX-XX əsrlər)” kitabında da Mopassanın
əvvəlki nəşrlərində verilmiş “Kəndə səfər” və
“Qəbirbazlar” novellası öz əksini tapmışdır.
Fransız
ədəbiyyatı nümunələri Azərbaycan dilinə
tərcümə olunduğu kimi,
ədəbiyyatımızın bir sıra inciləri də
fransız dilinə tərcümə olunmuşdur. Ancaq,
xüsusi vurğulamaq lazımdır ki, ikincinin
tərcüməsi birinciyə nisbətən daha
əvvəllərə gedib çıxır.
Dahi Azərbaycan şairi
Nizami Gəncəvi əsərlərinin fransız dilinə
tərcümələri ilə bağlı bir sıra
sanballı əsərlərin müəllifi olan Əsgər
Sərkəroğlunun yaradıcılığından
bəlli olur ki, XVII, XVIII, XIX və XX əsrlərdə
Fransanın bir sıra görkəmli
şərqşünasları, alim, yazıçı və
şairləri bu dünya şöhrətli şairin
haqqında məqalələr yazmış, onun
əsərlərini fransız dilinə çevirmiş, ona
şeirlər həsr etmişlər. Onların
sırasında həmin dövrlərdə yaşamış
Hottinger, Adam Oleari, Bartelemi
D’erblo, Antuan Orallan,Yesac, Klerambol, Sasi, Şezi, Fan Cak
Russo, Katrömer, Şarmua, Teofilo Qotye, Anri Masse, Heydər
Ramat, Cui Araqonun adlarını çəkmək olar.
1741-ci ildə Cui Nikola
Klerambol Nizaminin “Yeddi gözəl” əsərini
türkcədən fransız dilinə tərcümə
etmişdir. Bu ənənə XX əsrdə də davam
etmişdir. “İslam” kitabı
ilə Azərbaycan oxucularına yaxşı tanış olan
görkəmli fransız şərqşünası Anri Masse
Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini, Vahid Dəstigirdinin 1955-ci ildə
Tehranda çap etdirdiyi Nizami “Xəmsə»sini fars dilindən
fransız dilinə çevirmişdir. Bu əsər “Nizaminin
«Xosrov” romanı” adı altında Anri Massenin
ölümündən bir il sonra -1970-ci ildə Parisdə
işıq üzü görmüşdür.
Azərbaycan
ədəbiyyatının fransız dilinə erkən
tərcümə olunmuş nümunələrindən biri
də “Avesta”dır. Elm aləmində bir səhv fikir
üzün müddət, təxminən iki əsr yarıma
yaxındır ki, davam edir. Guya
Anketil dü Perron 1771-ci ildə «Avesta»nı fransız
dilinə tərcümə etməklə Avropanı bu
möhtəşəm əsərlə tanış
etmişdir. Ancaq elmi axtarışlar bu fikrin əsassızlığını,
düzgün olmadığını təsdiq edir.
Məsələn,
Ə.Zərkaroğlu yazır ki, XVI əsr fransız
şərqşünası Can Sənk Arbr, «Avesta»nı
latın dilindən fransızcaya çevirmişdir.
Tədqiqatçı yazır ki, bu günə qədər
“Avesta”nın qeyri tərcüməsi
tapılmamışdır. Can Sənk Anketie Düperondan 250 il
əvvəl “Avesta”nı fransız oxucularına təqdim
etmişdir.
“Avesta”nın fransız dilinə tərcüməsi
ilə bağlı digər bir məsələyə də
müraciət etmək lazım gəlir. XVIII yüzilliyin dahi
fransız yazıçısı Volterin 1756-cı ildə
qələmə aldığı
“Millətlərin adətləri və
düşüncə tərzi” adlı essesində «Avesta»ya
müraciət olunur. Yenə də əvvəlki suala
qayıdılır. Əgər “Avesta” 1771-ci ildə Anketil
dü Perronun tərcüməsilə Fransada, eləcə
də Fransanın vasitəsilə Avropada
yayılmışdırsa, bəs Volter “Avesta”nı haradan
əldə etmişdir? Çünki Volterin “Essi”lərinində xeyli
tərcümə verilmişdir.
Onu da vurğulamaq
lazımdır ki, Volter hələ 1747-ci ildə nəşr
etdirdiyi «Zadiq», yaxud tale əsərində “Avesta”dakı
aforizmlərdən istifadə edib nümunələr
gətirmişdir. Fikri əsaslandırmaq üçün
əsərə müraciət edək. Məsələn: Zərdüşt
deyir: Yemək yeyəndə, səni tutacaq olsa da itlərə
də ver. Pislik etmək fürsəti gündə yüz
dəfə, yaxşılıq etmək fürsəti ildə
bir dəfə düşür. Deyirlər,
başqasının kədərini gördükdə, insanlar
öz kədərini az hiss edirlər.
Zərdüştə
görə, bu bədxahlıq deyildir, bu daxili ehtiyacdır.
Böyük Zərdüşt deyir ki, gözəl qadınlar
tərəfindən sevilənlər həmişə bu
dünyanın işlərindən kənarda qalırlar.
Əsərdə təkcə and içəndə deyil, and
içdirəndə də Hörmüzə and
içdirirdilər.
Əlbəttə, Volterin
Zərdüştülüyə müraciəti onun bu
əsərdən yaxından xəbərdar olduğunu
təsdiq edir. O bu mənbəni haradan əldə etmişdir.
“Essi”lərin I cildində bu sualın cavabı
açılır.
Buradan aydın olur ki, M.Hid
Zəndin bu parçasını tapmış, əldə
etmiş və Sodderdən həmin hissəni Volter
üçün tərcümə etmişdir. XIII və XIV
əsrlərdə yenidən
yazıya alınmış “Avesta” görünür, məhz
əlyazma parçalar şəklində Avropada da yayılmışdı
və o şərqşünaslara, yazıçılara
yaxşı tanış idi. M.Hid bu parçalardan istifadə
etmişdir.
Dahi Azərbaycan
mütəfəkkiri Mirzə Fətəli Axundovun
komediyaları hələ XIX əsrdə fransız dilinə
tərcümə olunmuşdur. 1881-ci ildə Barbier dö
Meynar və Stonislav Qiyard M.F.Axundovun “Mürafiə
vəkillərinin hekayəti”, “Xırs quldurbasan” və “Mola
İbrahim Xəlil kimyagər” əsərlərini farcadan
fransız dilinə çevirmiş, farscası ilə
bərabər «Tros Komedis Fransız» başlığı
altında Parisdə çap etdirmişdir. Az sonra Barbie dö
Meynar Azərbaycan ədibinin “Sərgüzəşti
mərdi-xəsis” və
“Aldanmış kəvakib” əsərlərini fransız
dilinə tərcümə edib «Asiya» jurnalında nəşr
etdirmişdir.
1888-ci ildə isə Alfons
Siliyer dramaturqun “Sərgüzəşti-vəziri xan
Lənkaran” və “Mürafiə vəkillərinin hekayəti”
komediyasını fransız dilinə tərcümə edib,
Mirzə Fətəli Axundovun iki
türkcə komediyası başlığı
altında Parisdə nəsr etdirmişdir.
Yüsyən Büva isə
1906-cı ildə M.F. Axundovun “Müsyö Jordan”
komediyasını fransız dilinə çevirmişdir.
Həmin əsər 1906-cı ildə kitabça
şəklində işıq üzü
görmüşdür.