Şahin Xəlilli,
filologiya elmləri doktoru
Azərbaycan dilindən ingilis dilinə (və əksinə) tərcümə tarixindən
Hər hansı bir xalqın mədəniyyətində və ədəbiyyatında bəşəri duyğuları, ideyaları özündə təcəssüm etdirən nə kimi möhtəşəm, gözəl sənət əsəri varsa, o materiklər kimi kəşf olunur - tərcümə edilib digər xalqların mənəviyyatında özünə müəyyən yer qazanır. Ayrı-ayrı ölkə xalqlarının ədəbiyyatlarının, bu ədəbiyyatların yaradıcılarının biri-birinə təsiri, əlaqəsi ədəbi əlaqələri şərtləndirən başlıca amillərdən sayılır.
Hər bir xalqın dili, mədəniyyəti və ədəbiyyatı onda güclü, qüdrətli olur ki, o xalqın böyük tərcümə ədəbiyyatı vardır. O xalq ona görə güclü mədəniyyət və ədəbiyyat sahibidir ki, başqa xalqların mənəvi, mədəni nailiyyətlərini öz doğma dilinə çevirir, onlardan bəhrələnir.
Hələ XII əsrdə Azərbaycan intibahının sərkərdəsi, peyğəmbər şairimiz Nizami Gəncəvi ona dünya şöhrəti gətirən “Xəmsə”sinin dünyanın ayrı-ayrı xalqlarının yazılı sənət şedevrləri əsasında qələmə alındığını etiraf etmişdir. O yazırdı ki:
Dünyada
nə qədər kitab var belə,
Çalışıb,
əlləşib gətirdim ələ...
Əlimə
yetişən hər bir vərəqdən,
Nüsxələr
bağladım mən zaman-zaman.
Dünya mədəniyyətinin və ədəbiyyatının tərcümə olunduğu dil və bu tərcümələrlə zənginləşən ədəbiyyat dünya dili və dünya ədəbiyyatına qovuşur. Daha doğrusu, dünya ədəbiyyatını tərcümə edən hər hansı dil böyüklüyündən-kiçikliyindən asılı olmayaraq ədəbi əlaqələrin mənəvi körpüsünü yaradır və zənginləşir. Bu cəhətdən Azərbaycan dili də istisna deyil.
Klassik
Azərbaycan ədəbiyyatının Qərbi Avropa
dillərinə, o cümlədən ingilis dilinə
əhatəli tərcüməsinin XVII əsrdən
etibarən başlandığını, XVIII əsrdən
isə daha intensiv şəkil aldığını
söyləmək olar. Bu vaxtdan etibarən Xaqani, Nizami, Nəsimi,
Füzuli kimi klassiklərin əsərləri Avropada
öyrənilməklə bərabər, eyni zamanda
əcnəbi xalqların dillərinə də
tərcümə edilməyə başlanmışdır.
“İngilis şərqşünaslığının atası” kimi dəyərləndirilən Vilyams Cons ilk dəfə 1786-jı ildə Kəlküttədə “Nizaminin nağılları və ibrətli hekayələri” adı ilə N.Gəncəvi yaradıcılığını ingilis ədəbi dünyasına çatdırmışdır. O, Nizami yaradıcılığını diqqət və məhəbbətlə öyrənmiş, mütəfəkkir şairimizin “Sirlər xəzinəsi” poemasını nəsrlə ingilis dilinə tərcümə etmişdir. Bu tərcümə V.Consun ölümündən sonra -1804-cü ildə Londonda nəşr olunmuşdur.
Nizaminin eyniadlı poemasını sonralar professor C.Hidon və London universitetinin fars dili kafedrasının professoru Q.Hüseyn Darab tərcümə etmişdir.
Bundan sonra ingilis şərqşünaslarından C.Etkinson Nizaminin «Leyli və Məcnun» poemasını 1836-cı ildə Londonda nəşr etdirmişdir. Əsər sonralar iki dəfə - 1894 və 1895-ci illərdə təkrar nəşr olunmuşdur. 1966-cı ildə isə doktor R.Qelpke poemanı yenidən tərcümə edərək Londonda nəşr etdirmişdir.
N.Gəncəvinin «Yeddi gözəl» poeması 1924-cü ildə Londonda nəşr olunmuşdur. Əsəri ingilis dilinə K.Uilson tərcümə etmişdir.
İngilis şərqşünaslarından U.Auslinin «Şərq məcmuəsi»ndə (1797), Q.Auslinin «Fars şairləri haqda avtobioqrafik qeydlər» kitabında (1846) Nizami yaradıcılığından bəhs olunmuşdur.
Bütün bunlarla yanaşı Avropada N.Gəncəvinin «Sirlər xəzinəsi»ni tam şəkildə və izahatlarla nəşr etdirən ingilis alimi H.Blənd olmuşdur (London, 1844).
İngilis şərqşünası V.Klark Nizaminin «İskəndərnamə»sinin birinci hissəsini - «Şərəfnamə»nin nəsrlə tərcüməsini hazırlayıb 1881-ci ildə Londonda nəşr etdirmişdir.
İran alimi H.Həsən Azərbaycan şairi M.Fələki Şirvaninin (1108-1146) divanını 1929-cu ildə Londonda çap etdirmişdir.
XI əsrin böyük Azərbaycan Ədəbiyyatşünası
və alimi Xətib Təbrizinin
əsərlərinin əsərlərinin
müəyyən hissəsinin, Fələki
təxəllüsü ilə yazan Şirvan şairi Əbunəzzam Həkim Cəlaləddin
Məhəmməd Şirvaninin əsərlərinin ingilis
dilinə tərcüməsi və nəşrləri Azərbaycan-ingilis
ədəbi əlaqələrinin inkişafında
mühüm rol oynamışdır.
İngilis
Ədəbiyyatşünası Q.Ausli, C.Braun və başqaları
tədqiqatlarında Azərbaycan Ədəbiyyatı
nümunələrinə müraciət etmiş, ayrı-ayrı
əsərlər və müəlliflər haqqında
məlumatlar vermişlər ki, bu da ədəbi
əlaqələrin inkişafı baxımından
mühüm əhəmiyyət kəsb etmişdir.
İngilis
Ədəbiyyatşünaslığında şifahi xalq Ədəbiyyatımızın
incilərinə də həmişə maraq böyük
olmuş, “Koroğlu” dastanı 1842-ci ildə polyak
şərqşünası A.Xodzko
tərəfindən ingilis dilinə tərcümə
olunmuş və Londonda nəşr edilmişdir.
Azərbaycan
Ədəbiyyatı nümunələrinin
tərcüməsinə maraq sonrakı dövrlərdə
də davam etmişdir. Məsələn, M.Füzulinin
“Leyli və Məcnun” poeması 1970-ci ildə Londonda
nəşr olunmuşdur. Poemanı ingilis dilinə türk
şairəsi S.Huri tərcümə
etmişdir. Şərqşünas E.Gibb
1904-cü ildə Londonda nəşr etdirdiyi “Osmanlı poeziyasının tarixi” kitabında M.Füzuli yaradıcılığı
haqqında ətraflı məlumat vermişdir.
Möhtəşəm yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanı
1972-ci
ildə Faruq Sümer,
Ahmet Uysal və Uorren Uolker
tərəfindən tərjümə
olunaraq ABŞ-da ingilis dilində nəşr olunmuşdur.
C.Luis isə 1974-cü ildə dastanı
ingilis dilinə tərcümə edərək Londonda
nəşr etdirmişdir.
Qeyd
etmək yerinə düşər ki, ötən əsrin 70-ji illərində Moskvanın “Proqress” nəşriyyatının ingilis
dilində buraxdığı “Azərbayjan
poeziyası antalogiyası”nda “Kitabi-Dədə Qorqud” dastanından da
parçalar verilmişdir. Dastanın “Müqəddimə”
və “Qanlı Qoja oğlu Qanturalı boyunu bəyan edər”
hissələrini ingilis dilinə L.Zelikov
çevirmişdir.
Keçən əsrin 90-jı
illərində dastanın ingilis dilinə R.Mirabilenin
tərjüməsində yeni nəşri
də işıq üzü görmüşdür.
İngilis
şərqşünaslarından U.Haqqard
və Q.Strançe M.F.Axundovun
“Vəziri-xani Lənkəran” komediyasını
(1882, London), A.Rocers “Üç fars komediyasının
ingilis ədəbi tərcüməsi və lüğəti”
adı ilə (“Mürafiə vəkillərinin hekayəti”, “Hekayəti-xırs quldurbasan”,
Hekayəti-müsyö Cordan”)
əsərlərini (1890, London) öz
tərcümələrində nəşr etdirmişlər. S.Edvard isə müəllifin “Aldanmış
kəvakib (Hekayəti Yusif şah) əsərinin ingiliscə
tərcüməsini Böyük Britaniya və İrlandiyanın
“Kral Aziatik” cəmiyyətinin jurnalında
dərc etdirmişdir (1895).
Müxtəlif
illərdə Saib Təbrizi, Fələki Şirvani, Molla Pənah Vaqif,
Mirzə Şəfi Vazeh kimi Azərbaycan
klassiklərinin ayrı-ayrı əsərləri və ya
əsərlərindən parçalar ingilis dilinə
tərcümə olunmuşdur.
Azərbaycan
Ədəbiyyatına və tarixinə Böyük Britaniyada
müxtəlif illərdə xüsusi maraq olduğu
üçün bu ölkədə Azərbayjanın
tarixi, iqtsadiyyatı barədə
məqalə və kitablar
nəşr olunmuşdur. 1957-ci ildə ingilis alimi S.Simpsonun “Sovet Azərbaycanının türk
(Azərbaycan-Ş.X) dili” kitabınnın
oxu materialı bölməsində C.C.Cabbarlının
“Qızıma” şeri, S.Vurğunun
“Raport”undan giriş, Ə.Əbülhəsənin
“Müharibə” romanından bir parça, V.Şekspirin
“Hamlet” faciəsindəki məşhur monoloqu Azərbaycan
dilində verilmişdir.
Moskvanın
“Proqress” nəşriyyatı ötən
əsrin 70-ci illərində “Azərbaycan poeziyası” və “Azərbaycan
nəsri” antalogiyalarını, S.Vurğunun “Şerlər” kitabını və s.
kitabları ingilis dilində nəşr etdirmişdir.
Ötən
əsrin 70-ci illərində ABŞ-ın Pensilvaniya universitetində
nəşr olunan “Ədəbiyyat” adlı jurnalda da
Şərq Ədəbiyyatına, o cümlədən Azərbaycan
Ədəbiyyatına xüsusi diqqət yetirilmiş,
jurnalın bəzi nömrələrində ədəbi
nümunələrimiz birbaşa orijinaldan
tərcümədə verilmişdir.
İngilis
Ədəbiyyatından Azərbaycan dilinə
tərcümə işinə isə XIX əsrin sonlarından
başlanmışdır.
H.Vəzirov Şekspirin “Otello” faciəsini 1892-ci ildə Azərbaycan
dilinə tərcümə etmiş, 1904-cü ildə
Şuşada tamaşaya qoymuşdur. Bu, Şekspir
yaradıcılığından, eləcə də ingilis Ədəbiyyatından
ilk tərcümə əsəri kimi diqqəti cəlb
edir. Sonralar V.Şekspirin
əsərlərini Azərbaycan dramaturq, şair və
tərcüməçiləri Ə.Haqvediyev
(“Hamlet”), C.Cabbarlı (“Hamlet”, “Otello”), A.Şaiq (“Maqbet”), Ə.Cavad (“Romeo və Cülyetta”, “Otello”), H.Nəzərli (“Maqbet”), X.İbrahim (“Maqbet”), M.İbrahimov (“Kral
Lir”, “On ikinci gecə, yaxud hər nə
istəsəniz”), Ə.Səbri
(“Şıltaq qızın yumşalması”), T.Əyyubov
(Sonetlər, “Hamlet”, “İki veronalı”,
“Qış nağılı”, “Antonio
və Kleopatra”), Anar (“Fırtına”)
və başqaları tərcümə etmişlər.
İngilis
Ədəbiyyatının digər klassiklərinin
əsərləri də ayrı-ayrı illərdə Azərbaycan
dilinə çevrilmişdir. Lakin bu tərcümələrin
əksəriyyəti əsasən rus dili vasitəsilə
edilmişdir.
Ötən
əsrin 70-80-ci illərində isə
bilavasitə orijinaldan tərcümə işinə diqqət
artırılmış, Azərbaycan müstəqillik
qazandıqdan sonra isə bütün tərcümələr
demək olar ki, bilavasitə ingilis dilindən edilmişdir.
Bu
illər ərzində ingilis dilindən Azərbaycan və Azərbaycan
dilindən ingilis dilinə tərcümə sahəsində ixtsaslaşmış peşəkar tərcüməçilər
nəsli yetişmişdir. Bu sahədə Zeydulla Ağayev,
Sabir Mustafa və başqalarının adlarını
çəkmək yerinə düşər. S.Mustafa
ilk dəfə Şekspirin bütün
sonetlərini orijinaldan Azərbaycan dilinə
çevirmişdir.
Son
illər bu işə gənc tərcüməçilərin
də maraq göstərməsi Azərbaycan-ingilis ədəbi
əlaqələrinin bundan sonra daha sürətlə
inkişaf edəcəyinə əminlik yaradır.