Layihəni həyata keçirən təşkilat:

«Sönməz Məşəl» Mədəni Əlaqələr İctimai Birliyi

www.sonmazmashal.org 

  

Dövlət qeydiyyatı

 

 «Sönməz Məşəl» Mədəni Əlaqələr İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır.

 

27 sentyabr 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

 

Məqsəd və vəzifələri  

 

Birliyin fəaliyyətinin əsas məqsədi ölkəmizin dünyada gedən qlobal proseslərə qoşulmasına yardımçı olmaqdan ibarətdir.

Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

- Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin əcnəbi dillərə tərcüməsini təşkil etmək və yaymaq;

- bədii tərcümə işinə marağın artırılması məqsədilə ən yaxşı bədii tərcümə nümunələrinin müsabiqəsini təşkil etmək;

- cəmiyyətdə gedən demokratik proseslərin beynəlxalq aləmdə tanınmasına yardımçı olmaq;

- Azərbaycan incəsənəti nümunələrinin beynəlxalq aləmdə tanınmasına kömək etmək;

- vətəndaşların müasir demokratik dəyərləri öyrənməsinə kömək etmək və s.

 

Həyata keçirdiyi layihələr 

 

1. 2004-cü ilin iyul-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Səngəçal Terminalı Genişləndirmə Proqramının (ACG Project STEP) maliyyə dəstəyi ilə Qaradağ rayonunda yerləşən məktəblərdə «Ədəbiyyat proqrammı» layihəsini həyata keçirmişdir. 

***

2. 2005-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin maliyyə dəstəyi ilə Qaradağ rayonunda yerləşən məktəblərdə «Ədəbiyyat proqramının genişləndirilməsi» layihəsini həyata keçirmişdir. 

***

3. 2007-ci ilin dekabrından 2008-ci il martın 31-nə qədər  YUNESKO-nun maliyyə dəstəyi ilə «Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması» layihəsini həyata keçirmişdir.

***

4. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2009-cu il mayın 1-dən 2009-cu il avqustun 31-dək “Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının genişləndirilməsi” layihəsini həyata keçirmişdir.

***

5. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə 2010-cu il aprelin 1-dən 2010-cu il oktyabrın 31-dək “Qadınlar, Ədəbiyyat və Cəmiyyət” layihəsini həyata keçirmişdir.

   

Rəhbəri 

«Sönməz Məşəl» Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Bədir qızı Nağıyevadır.

Ş.B.Nağıyeva Azərbaycan Dillər Universitetinin müəllimi, filologiya elmləri namizədi, dosentdir.

ABŞ Dövlət Departamentinin ali məktəb müəllimləri üçün təşkil etdiyi Fulbrayt proqramının qalibi kimi 2003-2004-cü tədris ilində Şimali Karolina ştatındakı Şərqi Karolina Universitetində 6 ay və 2010-2011-ci tədris ilində Vircinya ştatındakı Corc Meyson Universitetində 4 ay bədii tərcümə problemləri üzrə tədqiqat aparmışdır.