XEYRULLA ƏLİYEV
(1932)
Əliyev Xeyrulla Salman oğlu - tənqidçi, ədəbiyyatşünas, nasir, tərcüməçi, 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1960), Milli Məclisin üzvü (1992-1993)
Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.
«Müasir Azərbaycan romanında ənənə və novatorluq problemi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1970). Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisidir (2003-cü ildən). Bədii yaradıcılığa jurnalistlik fəaliyyətinin ilk illərindən başlamışdır. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də tərcümələri dövri mətbuatda müntəzəm «Ə.Xeyri», «Əli Xeyrəddinov», «Xeyir Əliyev» və s. imza və təxəllüslərlə çap edilir. Azərbaycan ədəbiyyatının, müasir ədəbi prosesin aktual inkişaf problemləri ilə ardıcıl məşğul olur. Ədəbi tənqidə və ədəbiyyatşünaslığa dair məqalələrində müasir Azərbaycan nəsrinin mütərəqqi meylləri ədəbiyatşünaslığın metodoloji nailiyyətləri səviyyəsində təhlil edilir. İyirmidən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdir. O, Çingiz Aytmatovun «Dəniz kənarıyla qaçan alabaş» «Gün var əsrə bərabər», N. Dumbadzenin «Ağ bayraqlar» və s. əsərlərini tərcümə etmişdir