BEYDULLA MUSAYEV

(1907-1979)

 

Bakıda Pedaqoji Texnikumunu bitirən Beydulla Musayev  Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətinə başlamışdır.  «Dağıstan füqərası» qəzetində və «Yeni yol» jurnalında  çalışdığı illərdə  (1926-1939) ilk hekayələri mətbuatda dərc olunmuşdur.  Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlamışdır. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, «Ədəbiyyat qəzeti»ndə şöbə müdiri və məsul katib,  eyni zamanda bədii ədəbiyyat şöbəsində  tərcüməçi və redaktor vəzifələrində çalışmışdır.  Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik etmişdir.

Bütün ömrünü bədii yaradıcılığa və tərcümə məsələlərinə həsr etmiş Beydulla Musayev 30-a yaxın kitabın rus dilindən Azərbaycan dilinə tərcüməsini  həyata keçirmişdir. Dünya ədəbiyyatı klassiklərinin onlarla əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.  Anatol Fransın «Mələklərin üsyanı» (1933), Aleksandr Dümanın «Üç müşketor» (1949), Viktor Hüqonun «Qavroş» (1979) və  «Səfillər» (1988), Artur Konan-Doylun «Baskervillərin iti» (1980), Covanyolinin «Spartak» (1970) və s.  əsərlərin tərcüməsi B.Musayevə aiddir.  Tərcüməçinin rus ədəbiyyatından etdiyi tərcümələr də diqqəti cəlb edir. Novikov-Priboyun «Susima», Aleksey Tolstoyun «Birinci Pyotr», M.Saltıkov-Şedirinin «Seçilmiş əsərləri», Fyodor Dostoyevskinin «Cinayət və cəza», Lev Tolstoyun «Sevastopol hekayələri, Valentin Katayevin «Alay oğlu» və s.  əsərlər Azərbaycan dilində tərcümə ədəbiyyatı fondunun incilərindəndir.