MƏMMƏD ARİF DADAŞZADƏ
(1904-1975)
Görkəmli ədəbiyyatşünas alim, nasir, tərcüməçi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı M.A.Dadaşzadə Bakıda anadan olmuşdur. Ədəbi təxəllüsü M.Arif olaraq tanınmış ədib yaradıcılıq fəaliyyətinə 1923-cü ildə başlamış və bir sıra bədii əsərlərin də müəllifi olmuşdur. Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərinin tədqiqatçısı olan M.Arif ədəbi proses və ədəbi əlaqələr problemlərinin də araşdırıcısı olmuşdur. Onun H.Araslı, F.Qasımzadə, Ə.Sutanlı, M.Rəfili, C.Xəndan və b. ədəbiyyatşünas alimlərlə birgə yazdığı onlarla dərsliklər müxtəlif nəsillərin təhsil və tərbiyəsində mühüm rol oynamışdır.
«C.Cabbarlının yaradıcılığında xalqlar dostluğu», «Azərbaycan ədəbiyyatının yüksəliş dövrü» (1957), «Azərbaycan xalqının ədəbiyyatı» (1958), «Sovet ədəbiyyatı (1970), üç cilddən ibarət «Seçilmiş əsərləri» (1962-1970), «Sənətkar qocalmır» və s. kitabları müəllfin zəngin yaradıcılığından xəbər verir.
M.Arif rus ədəbiyyatı haqqında yazılmış onlarla kitabların müəllifidir. «Vladimir Mayakovski», «Krılov və Azərbaycan», «Böyük rus tənqidçisi Belinski», «Dahi rus şairi A.S.Puşkin», «L.N.Tolstoy», «A.P.Çexov» və s. kitabların müəllifidir.
M.Arif Qorkinin «Makar Çudra», N.Ostrovskinin «Polad necə bərkidi», L.N.Tolstoyun «Hərb və sülh», Makarenkonun «Pedaqoji poema», O.Kojevnikovun «Dirilik suyu», L.Vaynberqin «Kiçik bacı» və s. əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. Eyni zamanda M.Servantesin «Don Kixot», A.Barbüsün «Yadlar və dostlar» və s. kitabların da rus dilindən tərcüməsi M.Arifə aiddir.