MİKAYIL RZAQULUZADƏ

(Mikayıl Manaf oğlu Rzaquluzadə)

(1905-1984)

 

Azərbaycanın qabaqcıl   maarif xadimi, əmək veteranı, görkəmli yazıçı və nasir, istedadlı tərcüməçi Mikayıl Rzaquluzadə  Bakıda anadan olmuşdur. Mikayıl Rzaquluzadə şair, nasir, tərcüməçi kimi çoxsahəli yaradıcılıq yolu keçmişdir. Ali Pedaqoji məktəbi bitirdikdən sonra Bakı Mərkəzi Kitabxanasında müdir işləmiş,  Moskva Dövlət Universitetində aspiranturanı müvəffəqiyyətlə başa vurmuşdur. Azərnəşrdə tərcüməçi,  «İnqilab və mədəniyyət» jurnalında məsul katib, «Azərbaycan» jurnalında baş redaktor müavini vəzifələrində çalışmışdır. Ədəbi yaradıcılıq fəaliyyətinə  1923-cü ildə çıxan «Müəllim» şerilə başlayan Mikayıl Rzaquluzadə, eyni zamanda, «Gənclik» nəşriyyatında, «Göyərçin» jurnalı redaksiyalarında da çalışmışdır. Onun «Qaranquş yuvası» (1945), «Ağ dana» (1945), «El gücü» (1948), «Qu gölü» (1955), «Ovçu Elşənlə qoçaq Aytəkinin nağılı» (1956), «Nəsillərdən nəsillərə» (1965), «Ürəkdə izlər» (1969), «Quş dili bilən Orxan» (1972), «Yaz günəşi»  (1977), «İlin yazı-elin sazı» və s. kitabları uşaq və gənclərin sevərək mütaliə etdiyi əsərlərdir.

Dünya xalqları ədəbiyyatının onlarla nümayəndələrinin əsərlərini, o cümlədən T.Oldricin «Amerika məktəblilərinin xatirələri», R.Kiplinqin «Mauqli», V.Mayakovskinin «Seçilmiş şeirləri və poemaları», V.Biankinin «Biz çoxuq», V.Vasilevskayanın «Göyqurşağı», V.Q.Belinskinin «Seçilmiş əsərləri»ni, İ.S.Turgenevin «Ovçunun xatirələri», «Atalar və oğullar», «Ərəfə», A.Dümanın  «Üç müşketor», M.Qorkinin «Uşaqlıq», C.Sviftin «Qulliverin səyahəti», L.N.Tolstoyun «Dirilmə», V.Latsisin «Balıqçı oğlu», C.Londonun «Hekayələri»ni,  C.Rodarinin «Çippolino» və s. əsərləri Azərbaycan dilinə tərcümə etmişdir.  Nizaminin «İsgəndərnamə» əsərinin  1941 -ci il tərcümə nəşri də ona aiddir.

Ümumiyyətlə,  tərcümə kitablarının sayı 60-dan çox olan Mikayıl Rzaquluzadə  «H.Heyne və faşizm»,  «Rabindranat Taqor», «Bayron və müasirlik» və s. kimi  məqalələrin də müəllifidir.