TEYMUR ELÇİN

(1924-1992)

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi olan Teymur Elçin Şuşada dünyaya gəlmişdir.  Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən  sonra uzun illər Azərbaycan LKGİ Bakı Komitəsinin katibi, Azərbaycan Dövlət Radio və Mətbuat Komitəsində sədr müavini, Azərbaycan KP MK Elm və mədəniyyət şöbəsinin müdiri, Azərbaycan  Televiziya və Radio Verilişləri Komitəsinin  sədri, Azərbaycanın Mədəniyyət nazirinin müavini  və s. məsul vəzifələrdə çalışmışdır.  Ədəbi fəaliyyətə hələ kiçik yaşlarından başlayan Teymur Elçinin ilk mətbu əsəri 1938-ci ildə dərc olunmuş «Azərbaycan» şeiridir.  Teymur Elçinin bir sıra şeirlərinə musiqi bəsətələnərək mahnılara çevrilmişdir. «Qar qız», «Qulaq asın, danışım», «Torağayın nəğməsi», «Toğrul babanın nağılı», «Balaca Aytən», «Mənim kiçik ulduzlarım» və s. adda uşaq kitablarının müəllifidir.  Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus  ədəbi mövqeyi ilə seçilən  Teymur Elçin tərcümə ilə də məşğul olmuşdur. Onun dünya xalqlarının  uşaq ədəbiyyatından etdiyi -  N.Zabillanın «Vətənim», «Balaca marina», K.Çukovskinin «Qorxunc tarakan», «Moydadır», «Aybolit», S.Marşakın «Usta tikir, usta sökür», P.Voronkonun «Ən gözəl yer vətəndir», T.Hofmanın «Şelkunçik və siçanlar padşahı» və s. kimi tərcümələr uşaqların və yeniyetmələrin ən çox mütaliə etdiyi kitablar sırasına daxildir.